“Parlament seçkilərində iştirak etmək üçün 2296 namizəd müraciət edib”
“Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2296 namizəd müraciət edib”.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 6-da keçirilən iclasda belə deyib.
Onun sözlərinə görə, 463 nəfər 19 siyasi partiya, 17 nəfər təşəbbüs qrupları tərəfindən, 1816 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb:
“Onlardan 2146 nəfərinin namizədliyi artıq təsdiq olunub. 2017 nəfəri isə artıq imza vərəqələrini alıb. 774 nəfər imza vərəqələrini qaytarıb. 458 nəfərin namizədliyi qeydə alınıb”.
2019-cu ilin noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb. Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb. Bir gün sonra prezident seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Əslində, Azərbaycanda parlament seçkiləri gələn ilin noyabrında keçirilməli idi.