Meysəri sakini: Evim dağılıb, iki uşaqla ortalıqda qalmışam

Torpaq sürüşməsi ailəni evsiz qoyub

Source:
Sürüşmə, Şamaxı (arxiv)
Sürüşmə, Şamaxı (arxiv)


Torpaq sürüşməsi ailəni evsiz qoyu

b

“Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəldilər, baxış keçirdilər, dedilər: “Bu yarğanlar genişlənib, gəlib evlərə çatacaq. Ailələr köçürülməlidir”. Biz də yerli icra hakimiyyətinə müraciət etdik. Dedilər, bu işlə Fövqəladə Hallar Komissiyası məşğul olmalıdır. Ötür-ötür oyunu başladı, bu da nəticəsi… Yarğanlar gəlib evin ətrafını sardı, ev də dağıldı. İndi də eşitmişik ki, bizə ev tikilməsi üçün pul ayrılıb. Savadsız adamlarıq, kim başımızın üstündən nə alır, hara xərcləyir, bilmirik. Səsimizin prezidentə çatmasını istəyirik”.

Bunu Meydan TV-yə Şamaxının Meysəri kənd sakini Hənifə Həsənova deyir. Ötən ildən aktivləşən torpaq sürüşməsi Hənifə xanımın evinin qəzalı vəziyyətə salıb. O, iki azyaşlı övladı ilə bir tərəfi tamamilə dağılmış tikilidə yaşamağa məcburdur. Hənifə xanım sözünə davam edir:

“Həyat yoldaşım ruhi xəstədir. Maştağada ruhi xəstəxanadadır. Heç yerdən gəlirimiz yoxdur. İki uşaqla təkbaşına ortalıqda qalmışam. Bu da başımıza uçmaq üzrədir. Qazı kəsiblər ki, partlayış ola bilər. Bütün qışı soyuqdan donduq. Hamı deyir, həyatınız təhlükədədir, ancaq heç kəs yaxın durmur. Bütün qışı dağıntılar arasında keçirdik. Uşaqlar ağır xəstələndi. Əvvəldən eşitmə, danışma qabiliyyətləri yox idi, indi də ciyərləri, böyrəkləri sıradan çıxıb. Hökumətdən kömək istəyirəm. Bu iki uşağın xatirinə, bizə sahib çıxsınlar”.

Rayonun Fövqəladə Hallar Komissiyası evə baxış keçirib və burada yaşamağın təhlükəli olduğunu şifahi bildirib. Ailəyə tezliklə kənddən kənarda ev tikiləcəyi vəd olunub. Ancaq komissiya üzvləri o gedəndirlər. Ailəyə nə sığınacaq verilib, nə ev tikilib.

Şamaxı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, indiyədək rayon mərkəzində, eləcə də 7 kənddə baş verən torpaq sürüşməsi zamanı 400-dən çox evə ziyan dəyib:

“Qeyd etdiyiniz ailəyə gəlincə, qeyri-iş günləri bitdikdən sonra Fövqəladə Hallar Komissiyası həmin evlə bir də maraqlanacaq”.

2012-ci ildə Şamaxıda baş vermiş sürüşmə nəticəsində bir çox kəndə ciddi ziyan dəymişdi. Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Muğanlı qəsəbəsinin əhalisi üçün Meysəri kəndinin ərazisində 62 ev tikilmişdi. İndi isə Meysəri özü sürüşmə zonasına çevrilib.

Ana səhifəXəbərlərMeysəri sakini: Evim dağılıb, iki uşaqla ortalıqda qalmışam