Meydan.tv və onun ermənipərəstliyi…

Emin Millinin yerinə olsaydım…

“Cənablar bəs bu irilikdə təşkilatın rolu nədir?

Mənim tək günahsız insanları həbs etmək və onlara qarşı mənasız, əksər hallarda isə nəticəsiz proseslər qurmaq”

Source:
Bilal Həsənov
Bilal Həsənov




Cənablar bəs bu irilikdə təşkilatın rolu nədir?



Mənim tək günahsız insanları həbs etmək və onlara qarşı mənasız, əksər hallarda isə nəticəsiz proseslər qurmaq”



(F.Kafka “Proses”)

İnternetdə ”Meydan.TV-yə qarşı cinayət işində 15 jurnalistin adı var” sərlövhəsin oxudum və təəccüblənmədim.

Ümumiyyətlə, axır vaxtlar ölkədə baş verənlər məndə təəccüb hissi yaratmır. Artıq əqlim şüuraltı bütün qəribəliklərə, absurdlara hazırdır. Sanki özümdə mənəvi kütləşmə hiss edirəm. Sentimentallığım melanxoliya və kəskin depressiya ilə əvəz olunub. Hər hansı təsirli roman, hekayə, ətrafdakı insanların problemləri, müharibədən bəhs edən filimlər, nakam sevgiyə həsr olunmuş mahnılar qəlbimi kövrəltmir, ürəyimin sarı siminə toxunmur.

Nədənsə özüm belə anlamadan, baş verənləri sadəcə hər hansı film ya kitabla müayisə edirəm. Ortada oxşarlıq arayıram. Bənzətmə ilə məşğul ikən, beynim dincəlir, olanları daha çılpaq görürəm. Hisslərə qapılmayıb, soyuq ağılnan düşünürəm.

Elə Meydan-ın məsələsində də ilk düşündüyüm Kafkanın “Proses” romanı oldu.

E-yə (Emin Milli. Bundan sonra E-yazacam) və onun komandasına qarşı qurulmuş cinayət işi, K-nın prosesindən elədə fərqlənmir.

Oxşar byurokrat sistem, satılmış məhkəmə, absurd cinayət işi, qarışıq, mənasız proses. Hakimiyyət öz siyasi kursuna xəyanət etmədi. Yenə də özünə aid olanı digərinə yüklədi. Qanunsuz sahibkarlıqla küllü miqdarda vəsaitin mənimsənməsi, vəzifədən sui-istifadə….

Gülümsəyib, sağ əlimi şappıltı ilə alnıma çırpdım.

Əvvəl istədim özümü akademik çevrənin adamı kimi qələmə verib, “avtoritar, totalitar, monopolist rejimlərdə…”cümləsin yazım, sonra dayandım. Əşşi, mən kimi aldadıram? Bütün sadaladıqlarım politologiyaya elminə aiddir. Bizim cəmiyyət isə koza-nostra qanunları ilə idarə olunur. Avtoritarizm, Totalitarizmin bizə aidiyyatı yoxdur. Çünki hər ikisini adlayıb, demokratiyaya qarşı irəliləmək olar. Bunlar yoxdursa, keçiləsi hasar hörülməyibsə, demək irəlidə heç nə görünmür. Mafiya isə Don Korleone demişkən, ölməzdir, əbədidir, sarsılmazdır.

Bizim diyarda uzağı getmirəm, nazir-filan bir qırağa, adi “JEK” rəisinin və ya müdirəsinin əlində olan səlahiyyətlər, “otkatla” yediyi pullar, yaratdıqları biznes, E-nin və onun komandasının ümumi mülkiyyətindən qat-qat çoxdur. Mən hələ polis rəisləri, icra başçıları, deputatların, “voenkom”ları, rektorları, məhkəmə sədrlərini, nazir sürücülərini, portfel daşıyanları demirəm.

Nə isə, bu geniş mövzudur. Onsuz da hamınız hər şeyi məndən yaxşı bilirsiniz. Hakimiyyəti qoyaq bir yana.

Mən ayrı məsələdən danışmaq istəyirəm. Meydan-nın prosesi haqqında gedən xəbərə internetdə yazılan şərhlərdən.Daha dəqiq E-ni və komandasını satqınçılıqda, antimilli qüvvə olmaqda, Qərbə, ermənilərə işləməkdə, öz yazıları ilə dövlətçiliyimizə, milli birliyimizə, vətənpərvər düşüncəmizə zərər yetirməkdə suçlayanlar haqqında. Və nəhayət, E-ni və komandasını, demokratiya pərdəsi altında gizlənib, heç də demokrat olmayan, psevdodissident adlanıranlar barəsində…




Demokratiya – prezidentin şəkli poçt markasından kiçik olduqda, olur”. (Nabokov)

Deməli, virtual cəmiyyətimizin rəşadətli, vətənpərvər, şir ürəkli, pəhləvan biləkli özünü müdafiyə ordusu şərhlərdə E-ni və onun komandasını demokratiya anlamından sui-istifadə etməkdə suçlayırdı. Bəh-bəh, nə gözəl canlarıq biz.

İyirmi ildən artıqdır, mafiya qanunları ilə idarə olunan millət, yatıb-yatıb, birdən ayılıb ki, bəs demokratiyanı E-dən tələb etməliyik. Prezidentdən, nazirlərdən, deputatlardan, məmurlardan yox, məhz E və onun komandası demokrat olmalıdır. Hələ bu harasıdır? Sən demə, E və onun komandası, qrantların, gəlirlərin, hesabların bu kütlə ilə bölüşməli, haqq-hesab çəkməyə borcludular.

Adama deyərlər, iyirmi ildən artıq bir dövrdə, evində bircə mismarı belə polisə, JKE-ə, FHN-nin işçisinə, “azər-işığ”ın, “azəri-qaz”ın müfəttişinə “hörmət” eləməmiş vura bilməyən xalqın nümayəndəsi, E-dən qrantların hesabatın necə tələb etsin? Hansı üzlə? Heç utanıb, yerə girirsiz?

İyirmi ildən artıq dövürdə, hökumətdən büdcənin, Neft fondundan ofşorlara ötürülən milyardların, nazirlik kabinetlərində bölüşdürülən “paket” pulların hesabatın istəməyən, tələb etməyən, sormayan kütlə E və onun komandasından hesabat tələb edir. Bərəkallah.

Gəl ki, şəhərin içində qara rəngli, “zerkalni” nomrəli “Galenvaqen”dən sənə yol verməyi tələb edə bilmirsən, hələ arsız-arsız demokratiya istəyirsən.

Ağzı köpüklü, profili bayraqlı, əsəbi, çılğın patriotlar E-ni və onun komandasını ermənipərəstlikdə suçlayır. Antimilli qüvvə, 5-ci kolon və nəhayət “şeytan.tv” adlandırır.

Əvvəla qısaca xatırladım ki, şeytan bir iblisdir, iblis isə mələk olub, özüdə tanrının ən hörmətli mələklərindən biri. Di gəl ki, adəmə, insan övladına baş əyməkdən, əyilməkdən imtina edib, tanrının qəzəbinə gəlib. İblis özüdə bir növ demokrat, ipə-sapa yatmayan inqilabçı olub. Tanrının özünə qarşı belə üsyan edib.

Demək, hardasa bənzətmə simvolikdir. Özləri istəmədən Meydanı piar edirlər.

Qısası, yəqin ki, yalnız bu məmləkətdə sözün düzünü deyənə ya demaqoq, ya da araqatan, fitnə-fəsad törədən şeytan deyərlər.

İyirmi yaşımdan Rusiyanı Türklər demişkən, sokak-sokak gəzmişəm. Üzü Sibirdən ta Volqa boyunca, Sankt-Peterburqdan Soçiyəcən olmuşam. Tam əminliklə deyə bilərəm ki, Rusiyada yaşayıb işləyən hər üçüncü azərbaycanlının erməni şəriki var. Özü də xətrün istəyən kimi dolanırlar, bir-birilərinə can deyib, can eşidirlər. Həmin azərbaycanlılar Rusiyada, ermənilərlə əlbir olub qazandıqları pulu bura, öz ölkələrinə göndərirlər. Bu ölkədə ailələr saxlayırlar, qardaş evləndirilər, uşaq oxudub, qohum-əqrabaya əl tuturlar. Rusiyada ermənilər ilə iş birliyindən qazanılan pula dolananlar isə burada kompyuter arxasında oturub yazırlar ki, bəs Meydan.Tv, başda E və onun komandası olmaqla ermənipərəstdilər. Ermənilərnən əlbirdirlər. Ermənilərə işləyirlər. Ermənilərlə şərikdirlər. Gülməlidir, deyilmi?

Yaxşı, elədisə gəlin, bütün Rusiya, Belarus, Qazaxıstanda işləyib, ermənilərlə şərik olan azərbaycanlılara müraciət edək ki, ermənilərlə bazarda alver eləməyin. Onlardan icarəyə mal götürməyin. Qayıdın ölkənizə, bəsdürün, adam olun, ermənipərəstliyinizdən əl çəkin. Düşmən bunları bilib, görüb, sevinməsin.

Meydan.Tv-nin yazılarından ermənilər istifadə edib bizə gülürlərsə, zəif sanıb şadlanırlarsa, düşmənə güclü, daha ciddi zərbə vurmağı tövsiyə edirəm.

Məsələn, deyirəm ki, öncə Azərbaycanda rəqəmsal televiziyanı bağlasınlar. Deyin, niyə? Çünki Rusiyanın TNT, CTC kanalları sırf ermənipərəstilər. Erməni prodüsserləri var. Comedy Club-ın ənkə böyükləri ermənidir.

Sonra da Aznaura qulaq asmayaq. Vısotskinin şəkillərin yandıraq, bəs necə? Onun ki, ögey anası erməni idi. Dovlatovun əsərləri Azərbaycanda qadağan olunsun, tərcümə olunmasın, tirajlanmasın. Bəyəm bilmirsiz? Onun doğma anası erməni idi. Platonovu isə Moskvada erməni qəbirstanlığında basdırıblar. Rədd olsun Platonuv. Onuda oxumayaq, hekayələrin cırın-tullayın. Armen Djiqarxanyan çəkilən filmləri Azərbaycanda göstərməsinlər. Bulat Okudjavanın anası erməni idi, şeirlərini paylaşmayın, düşmən görüb sevinər, şadlanar. Bir sözlə, təki bizi savadsız, istedadsız bilməsinlər. Öz şairlərimizə, rəssamlarımıza, rejisorlarımıza nə gəlib?

Meydan-a qarşı təhdidlər, qarayaxmalar mənə Əylislinin “Daş yuxular” məsələsin xatırladır. Necə ki, Pasternakı tanımayan, “Həkim Jivaqo”nu oxumamışam, amma qınayıram deyirdi, eləcə də “Daş yuxular”ı mütaliyə etməyən, Meydan-da gedən yazıları izləməyən, Meydan-a qarşı ağzına gələni deyir.

E-nin əvəzinə kim olsaydı, hər şeyə tüpürüb, sakit, rahat mühacir həyatın yaşayardı. Nə təhqirlərə məruz qalardı, nə təqiblərə, nə də yaxınları-əzizləri əziyyət çəkərdi.

Elə məndə eyni addımı atardım. Çünki, gəlin ədalətli olaq, adamın üstündə Allah var. Bu kütlə iyirmi ildən artıqdı ölkədəki beş-altı ailənin hoqqalarına dözür, “mk” da eləmir. Bu qulağına ərişdə asırsan, o biri qulağını verir. Boynuna minirlər, başını əyir. Döyürlər, söyürlər, təhqir eləyirlər, bunlar deyir bizə bu da azdır.

Qardaş, dözüblər də kişi kimi. Tay nə istəyirsiz bunlardan. Deməli, bu ölkə də bunlarındır. Burada bunlar yaşamalıdır.

P/S: Kompyuterim xarab olduğundan, yazını Nərimanovda, internet klubda yazmışam. Siqaret tüstüsündən boğulurdum. Kontur-Strayk oynayan məktəblilərin çığırtısı qulaq batırırdı, söyüşləri ürək bulandırırdı. İçəridəki istidən, səs-küydən oturmaq olmurdu.

İstədim sonda yazım ki, Emin Milli ilə şəxsən tanış deyiləm, dostum-tanışım-qohumum deyil, tərəfin tutanlıq məsələsi deyil…sonra düşündüm ki, bu kütləyə hesab verəsi deyiləm. Özüm bilərəm. Öz işimdi.

Heç bu yazını yazarkən, çəkdiyim əziyyətidə həmən kütləyə halal eləmirəm.

Ana səhifəMənim FikrimcəMeydan.tv və onun ermənipərəstliyi…