Meydandan qaçmayanlar

Ağ gül, qırmızı gül, bir də sarı gül…

Source:


Deyilənə görə rayon maşınlarını daha paytaxta buraxmırlar. Yəni, rəsmi Bakı türkəsaya əyaləti əyani şəkildə gözdən salıb özündən ayırdı. Əslində bu ərazilər əhalisi ilə bahəm bölgə-bölgə iridişli məmurlara çoxdan peşkeş edilib. Belə getsə, az vaxta xozeyinlərimiz bizə ümumiyyətlə yaşadığımız coğrafi məkandan çıxmağı yasaq edəcəklər.

Hələlik isə məsələn, Məmmədhəsən əmi xəstəsini Bakı şəhərinə qonşusu Novruzəlinin rayon seriyalı maşınında nisyə çatdıra bilməyəcək. Bundan ötrü mütləq paytaxt nömrə-nişanlı avtomobil tapmalıdır ki, o da təbii ki, artıq Məmədhəsən əminin qonşusu olmayacaq. Yad sürücüyə verməyə ailə pul tapana qədər isə xəstənin halı daha da ağırlaşacaq. Bu səbəbdən də xəstəxanaya gecikən xəstə…

Bilirəm, bədniyyət sitat oldu. Amma bu ölkədə xoş olan niyyətlər çoxdan qeybə çəkilib və adam işdir çaşıb belə bir niyyətə rast gəlsə, mütləq sonradan əmması çıxır. Əyalətlə bağlı layihələr kimi. Məsələn, milyonlarla manatlıq regionların (rayonların) inkişafı proqramı nədir, rayon avtomobillərinə qoyulan bu qadağa nədir? Təxminən “bu nə pəhriz, bu nə alça turşusu?” …

Əlbəttə, belə ciddi və bahalı məsələlər mənim beynim üçün deyil. Yenə yaxşısını hökümət bilər. Əyalət adamı olaraq aşağılanmaq, əskik tutulmaq bir az adamın xətrimə dəyir. Bir şeyə yaramasa da bizim də bir qürurumuz, heysiyyətimiz var axı… Rayon maşınlarnı paytaxta qoymayanların hamısının şəxsən bizim Qəbələdə kolxoz boyda mülkləri var. Bu hesabla, gərək onlar da rayonlu və yaxud ən azından ikili vətəndaş sayılsınlar… Yoxsa necə olur ki, onlar necə və nə zaman istəsələr, qapımızda “Cip” oynatsınlar, biz o boyda paytaxtın bir küçəsinin bir qırağı ilə maşın sürüb dərdimizin-azarımızın dalınca gedə bilməyək?

Gül kimi yumşaq, səliqə-sahmanlı, gözəl-göyçək yazı yazmışdım, bu qadağa söhbəti hardan çıxıb mövzumu qarışdırdı? Üstəlik mənim nəyinki maşınım, heç velosipedim də yoxdu ki…  Amma birdən olsa? Onda onun fikrini də olandan sonra çəkərik. Hələ ki, nağdı dərdlərimizdən ibarət köhnə məktəb inşası səviyyəsindəki yazıma keçirəm. Bir az özümdən çox danışsam, lütfən üzürlü sayılsın, çünki son zamanlar özümü sevməyə başlamışam. Özümlə bərabər doğulduğum və doğulduğuma peşman olduğum kiçik vətənimi də… Çünki, ikimizin də buna ehtiyacımız var və bu sərsəm dünyada ən defisit və zəruri şey elə bu sevgi deyilən matah imiş.

Əyalət sənin, əyalət mənim, əyalət heç kimin…

Öz yazı-pozumdan əlavə həftədə heç olmasa bir-iki nəfər mütləq mənə yaşamağa düçar olduğu sonsuz problemlərlə bağlı məktub yazdırır. Bundan bir xeyir olmayacağını ən sadə dildə başa salıram. Nə fayda, yenə xahiş eləyirlər, üzə salırlar. – Səndən başqa kimsəyə ümidimiz qalmayıb, deyə sızıldayırlar. – İndi bu ümid də öləcək, dəyərmi yazmağa? – Hər ehtimala qarşı dəyər, deyirlər.

Çünki, milyonda bir faiz müsbət cavab ola bilər… Mənim real, ap-aydın məntiqli gerçəyim sonsuz sıfırlardan sonra qoyula biləcək, əslində heç qoyulmayacaq vergüldən zəifdir. Ehtiyac və əzab içində boğulan çarəsizlərin daşlaşmış ünvanlara yönələn son ümidi…

“Hər ehtimala qarşı” mən özümü həmin problemin içinə ataraq hansısa daşqəlbli cənaba-xanıma vəziyyətin ağırlığını təsvir etməliyəm. Şikayətçimi alçaltmadan incə xahiş-minnətlə onun haqqı olanı istəməliyəm. Bu mənasız işə itirilmiş vaxt, əsəb, enerji sayəsində əmələ gələn məktuba yuxarılarda işlənmiş salfetkadan artıq dəyər verilməyəcək. Əvəzində məlum müəllifə olan qəzəb, kin daha da dərinləşəcək. Belə primitiv şeyləri anlamaq üçün sadəcə bu ölkədə yaşamaq bəs edər. Di gəl ki, bu adamların bu adi həqiqəti qəbul etmək niyyətləri yoxdur. Üstəlik hər dəfə eyni xahişlə mənim onların bunu anlayacaqlarına olan son ümidimə divan tuturlar. Həm də sevə-sevə, əzizləyə-əzizləyə, bəlkə də öz aləmlərində guya məni tovladaraq.

Hərdən öz əməllərimə göz gəzdirərək fikirləşirəm: –  Mən kiməm? Deyilənə görə ehtiyac və haqsızlıq içində çırpınanların pənahı, dostu, elqızı, xalq adamı… Lovğalıq olmasın, gözəl şüardır. Bəs birdən bu münasibət sınağa çəkilsə yerindən tərpənmək nədir, evindəcə cəmi neçə nəfər mənim müdafiəm üçün quruca imza atar? Cavabı lap dəqiq bilirəm, amma hətta buna görə də kimsədən incimirəm.

İmtiyazlı “mötəbər” dairələrin himayəsində baş alıb gedən çılpaq zorakılığın, məchul xofun qula, köləyə çevirdiyi toplumdan bundan artığını gözləmək mümkünsüzdü. Söhbət onsuz da ağır şərtlər, keçilməz labirintlər içində çabalayan sadəlövh zümrədən gedəndə hətta qəddarlıqdı da…

Gözdən-könüldən uzaq yorucu, sıxıcı, unudulmuş, atılmış əyalətdə həyat bax beləcə davam etmədən donub qalıb. Buraların sükutu yalnız mövsümdən-mövsümə harın təbəqənin kef məclislərində havaya atılan fişənglərdən, silah səslərindən, ildırım sürətli şeytan arabalarında avtoşluq edən ruhsuz bədənlərin vəhşi çığırtılarından pozulur.

Böyük şəhərlərə sığmayacaq kədəriylə, göy qurşağı qədər ani təbəssümüylə məzmunlu və zəngin bir dünyası var əyalətin. Bu kövrək dünyanı gəncliyimdə tərk edib izdihamlı şəhərlərə getmədiyim üçün uduzmuş ola bilərəm. Məni mehribancasına istismar edib maraqsız tarix yazdıran əyalət də bu məsələdə udmuş sayılmaz. Olsun, başa gələn çəkilər, deyiblər. Bu da bir alın yazısı, ömür yüküdü…

P.S. İntəhası bəzilərinin qismətinə yalnız öz başına gələnləri deyil, başqalarının başlarına gələnləri də çəkmək yazılır. Çəkməyə gücün çatmayanda yıxılırsan. Ayağın, qolun-qanadın qırılır. Əyər bəlli bir yola çıxmısansa yenə yıxılacaqsan, qalxacaqsan. Hər dəfə də olan-qalan gücünü toplayıb qaldığın yerdən yoluna davam edəcəksən.

Demirəm ki, o yol ən qüsursuz, ən ideal yoldu. Amma olumdan ölümə qədər o yol bizim yolumuzdur. Meydandan qaçmayanların…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəMeydandan qaçmayanlar