”Meydan TV-yə qarşı cinayət işində 15 jurnalistin adı var”

Vəkil jurnalistlərin vəzifəli şəxs qismində cəlb olunmasını qanuna zidd hesab edir

Source:


Vəkil jurnalistlərin vəzifəli şəxs qismində cəlb olunmasını qanuna zidd hesab edir

Meydan TV İnternet-resursa qarşı cinayət işi başlanıb və bu iş üzrə 15 jurnalistin adı keçir.

Bu barədə “Turan” İA-a vəkil Elçin Sadıqov bildirib.

Vəkil qeyd edib ki, aprelin 18-də Nərimanov Rayon Məhkəməsi Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasovun şikayətinə baxılmaqdan imtina edib. Ş.Abbasov ötən ilin sentyabrında 30 sutka həbs olunaraq DİN Baş Mütəşəkkil  Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb.

Şikayətdə Ş.Abbasovun sözügedən idarədə qanunsuz saxlanması və ona  işgəncənin verilməsi, qeyri-insani davranış, onun mənzilində axtarışın aparılması, həmçinin ölkədən çıxışına qadağa qoyulmasının tanınması məsələsini qoyub.

Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Bayramov şikayətin Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib və bunu onunla əsaslandırıb ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsində “Meydan TV”nin “vəzifəli şəxsləri”nə qarşı CM-in 192.2.2. (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkalkıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və  308.2 (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri üzrə cinayət işi aparılır.

“Hakim öz qərarını onunla izah edib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsi Nəsimi rayonunda yerləşdiyindən Ş.Abbasovun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır”, – E.Sadıqov bildirib.

O qeyd edib ki, cinayət işinə 2015-ci ildə, Ş.Abbasov həbs olunduğu vaxt başlanılıb.

Vəkilin sözlərinə görə, o zaman BMCMİ-də Ş.Abbasova təzyiq göstərilib ki, Meydan TV-nin rəhbərliyinə və həmkarlarına qarşı ifadə versin.

E.Sadıqovun sözlərinə görə, iş üzrə 15-ə yaxın jurnalistin adı keçir. Hələlik heç kimə qarşı konkret ittiham irəli sürülməyib. Ancaq jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub, bəzisinin evində axtarış aparılıb, avadanlıq götürülüb.

Vəkil jurnalistlərin vəzifəli şəxs qismində cəlb olunmasını qanuna zidd hesab edir.

Sözügedən jurnalistlər vergi yoxlanışına məruz qalıblar və müntəzəm olaraq dindirməyə çağırılıb. Vəkil Meydan TV-nin jurnalistlərinin həbsini də istisna etmir.

Eyni zamanda, vəkil cinayət işini uydurma hesab edir. O xatırladıb ki, onlarla QHT-yə qarşı analoji maddələr üzrə cinayət işi qaldırılıb və onların rəhbərləri mühakimə olunub.

Cinayət işinin qaldırılmasının səbəblərinə gəlincə, Meydan TV-nin Mingəçevir şəhərində əhalinin etirazları barədə araşdırılmasıdır. Belə ki, saxlanılan şəxs polis binasının pəncərəsindən özünü atıb. Vətəndaşların etiraz aksiyasından videonun nümayişi hakimiyyəti ciddi narahat edib.

Jurnalistlərin dindirilməsi zamanı bu videonu onlara kimin verməsi, kimin tapşırığı ilə nümayiş etdirilməsi barədə suallara cavab istənilib.

Meydan TV 2013-cü ildə yaradılb və baş ofisi Almaniyada yerləşir.

Layihəyə keçmiş vicdan məhbusu və bloger Emin Milli rəhbərlik edir.

Emin Milli aprelin 20-də bəyanatla çıxış edərək xatırladıb ki, 2015-ci ili sentyabrından Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər dindirməyə çağırılıb. Lakin hansı cinayət işi üzrə çağırıldıqları barədə heç bir məlumat verilmir. Və yalnız indi məlum olub ki, Meydan TV-yə qarşı cinayət işi başlanılıb.

E.Milli bildirib ki, onlar heç bir qanunsuz fəaliyyətlə məşğul olmayıb. Maliyyə hesabatları resursun fəaliyyət göstərdiyi ölkənin orqanlarına təqdim olunub.

Azərbaycanda Meydan TV-nin heç bir biznes-fəaliyyəti yoxdur. Jurnalistlərlə əməkdaşlıq ictimai əsaslarla həyata keçirilir. Bu səbəbdən E.Milli qanunsuz sahibkarlıq, iri məbləğdə vergidən yayınma maddələri üzrə istintaqın aparılmasını absurd sayır.

“Meydan TV-nin yeganə məqsədi beynəlxalq konvensiyalar çərçivəsində müstəqil peşəkar media fəaliyyəti həyata keçirməkdir. Bizim yeganə “cinayətimiz” söz azadlığı hüququmuzdan istifadə etməkdir”, – E.Milli vurğulayıb.

Onun fikrincə, cinayət işində məqsəd Meydan TV ilə əməkdaşlıq  edən jurnalistləri qorxutmaqdır.

“Azərbaycanda heç bir şəxs Meydan TV-nin adından danışmaqda səlahiyyətli deyil və heç bir jurnalist bizim fəaliyyətimizə görə məsuliyyətli deyil. Hakimiyyət bu cinayət işi ilə jurnalist fəaliyyti üçün əngəl yaradır və demokratik atmosferi pozur”, – E.Milli belə deyib.

Ana səhifəXəbərlər”Meydan TV-yə qarşı cinayət işində 15 jurnalistin adı var”