Meydan TV YAP əməkdaşı ilə olan söhbətin səsyazısını yayır

Hazırda iqtidarda olan Yeni Azərbaycan Partiyası nəhayət, Meydan TV-nin sualını cavablandırıb.

Source: Meydan.TV

(embedded content removed)

Hazırda iqtidarda olan Yeni Azərbaycan Partiyası nəhayət, Meydan TV-nin sualını cavablandırıb. Ancaq videoreportaj yayımlandıqdan sonra. Partiya mayın 25-də Meydan TV-də yayımlanan “Facebook-da saxta səhifələri YAP idarə edir” başlıqlı videomateriala etiraz edir. YAP yaydığı açıqlamada iddia edir ki, Meydan TV jurnalistika prinsiplərini pozub və qərəzli mövqe sərgiləyib, partiyanın mövqeyini əks etdirməyib.

Yayımlanan reportajda “Facebook”un data analizi ilə məşğul olan keçmiş əməkdaşı Sofi Janqın (Sophie Zang) və azərbaycanlı ictimai fəal Bəxtiyar Hacıyevin fikirləri yer alıb.

Meydan TV əməkdaşı 3 gün YAP-ın mətbuat xidməti ilə əlaqə saxlamağa çalışıb, xidmət rəhbərinin “Facebook” hesabına mesaj göndərib. Bundan başqa, mətbuat xidmətinin Xatirə adlı əməkdaşının mobil telefonu ilə əlaqə saxlayıb. Xatirə xanım sualı dinlədikdən sonra səlahiyyətli şəxs olmadığını, partiyada başqa işlə məşğul olduğunu deyib. Meydan TV əməkdaşı yenidən partiyanın qərargahı ilə əlaqə saxlayıb və onu təkrar Xatirə xanımla calaşdırıblar. O, rəhbərliyin iclasda olduğunu deyib, sabah əlaqə saxlamağı tövsiyə edib. Səhərisi gün isə Xatirə xanım cavab verməkdən yayınıb və Meydan TV əməkdaşının telefon nömrəsini alaraq “sizinlə əlaqə saxlayacaqlar” deyib. Lakin növbəti 2 gün ərzində heç kim Meydan TV ilə əlaqə saxlamayıb. Buna görə də Meydan TV hazırladığı materialda YAP-dan münasibət öyrənə bilmədiyini açıqlayıb.

Meydan TV YAP-ın mətbuat xidmətinin Xatirə adlı əməkdaşı ilə olan söhbətin səsyazısını da yayımlayır.

YAP yaydığı açıqlamasında “The Guardian” saytında yayımlanan materialı da təhrif edib. Meydan TV adıçəkilən həmin araşdırmanı tərcümə edərək öz səhifəsində

yayıb

. Materialda YAP-la bağlı qeyd olunur:

“”Guardian” araşdırıb ki, “Facebook”un öz əməkdaşı Sofi Janqın 2019-cu ilin avqust ayında menecerlərə və şirkətin icraçı direktorlarına Azərbaycanda təqib kampaniyasının mövcudluğu ilə bağlı məlumat verib. Bundan sonra sosial media şirkəti 14 ay müddətində Azərbaycanın hakim partiyası YAP-ın bir qolunun bu kampaniyanı həyata keçirməsinə icazə verib.

2020-ci ilin oktyabrında “Facebook”, “koordinasiya edilmiş saxta davranış” siyasətini pozduğu üçün YAP ilə əlaqəsi olan 8000-dən çox “Facebook” və “Instagram” hesabını və səhifəsini sildiyini açıqlayıb”.

Ana səhifəSiyasətMeydan TV YAP əməkdaşı ilə olan söhbətin səsyazısını yayır