Meydan TV və digər saytların bloklanması məsələsinə yenidən baxılıb

“Bu proses Avropa Məhkəməsində işə baxılmasını yubatmaq üçündür”

Source: google.az


“Bu proses Avropa Məhkəməsində işə baxılmasını yubatmaq üçündür”

Meydan TV də daxil olmaqla, 5 sayta Azərbaycanda girişin məhdudlaşdırılmasıyla bağlı üç il öncə başlanmış məhkəmə prosesi hələ də davam edir. Bu iş üzrə Azərbaycandakı hər üç məhkəmə instansiyası keçilib, hüquq-müdafiə vasitələri tükəndirilib və ardınca Avropa Məhkəməsinə şikayətlər göndərilib. Meydan TV-nin şikayəti kommunikasiya mərhələsindədir. Bu şikayət üzrə arqumentlərini yazıb göndərmək üçün Azərbaycan hökumətinə sentyabrın 17-nə qədər vaxt verilib.

“Azadlıq” qəzetinin şikayəti üzrə isə artıq kommunikasiya mərhələsi yekunlaşıb, bir müddət sonra Avropa Məhkəməsinin qərarını elan etməsi gözlənilir. Azadlıq radiosunun şikayəti də Avropa Məhkəməsinin icraatındadır.

Meydan TV, Turan TV, Azadlıq radiosu, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” televiziya proqramının saytlarının bloklanması barədə qərar 2017-ci il mayın 12-də Səbail Rayon Məhkəməsində çıxarılıb. Məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında bu qərarı çıxarıb. Nazirlik iddia ərizəsində adları çəkilən saytlardan əlavə, həm də bloklanmadan sonra həmin saytlara daxil olmağa imkan verən başqa internet resurslarının da bloklanması tələbini qoymuşdu. Məhkəmə o hissədə iddianı təmin etməmişdi. Nazirlik də şikayətinin tam yox, qismən təmin olunmasından narazı qalıb şikayət verməmişdi. Lakin girişi məhdudlaşdırılan saytların beşi də apelyasiya məhkəməsinə şikayət etsə də, nəticə dəyişməmişdi. Bakı Apelyasiya Məhkəməsinin qərarından da saytlar Ali Məhkəməyə şikayət vermişdilər. Bu şikayət də 2018-ci ilin iyununda təmin olunmayanda ölkə daxilində hüquqi müdafiə vasitələrini tükəndirib Avropa Məhkəməsinə şikayət göndərmişdilər.

Təxminən iki il sonra – 2020-ci il martın 19-da Ali Məhkəmənin Plenumu bu məsələyə yenidən baxıb. Bloklanan saytların təmsilçilərinə, o cümlədən də Meydan TV-yə heç bir məlumat verilmədən məhkəmə iclası keçirilib. Plenumun qərarında yazılıb ki, nazirlik əlavə kassasiya şikayəti verib. Orada göstərib ki, sözügedən saytlar bloklansa da, başqa internet resurslarının köməyilə istifadəçilər yenə həmin saytlara daxil olurlar. Ona görə bu resurslarla bağlı da tədbir görülməlidir.

Ali Məhkəmənin Plenumu həm Bakı Apelyasiya Məhkəməsinin, həm də Ali Məhkəmənin qərarlarını ləğv edib. İşi yenidən araşdırma aparmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib. Plenumun qərarında yazılıb ki, saytlar vaxtilə apelyasiya şikayəti veriləndə Səbail Rayon Məhkəməsinin onların maraqlarına toxunan hissəsindən (5 sayta girişin məhdudlaşdırılması) şikayət veriblər. Lakin apelyasiya məhkəmə öz qərarından səlahiyyətindən kənara çıxaraq, şikayət olunmayan hissəyə (əlavə resurslar) də münasibət bildirib. Sonradan Ali Məhkəmə də bu işə baxanda həmin məqama diqqət yetirmədən o qərarı qüvvədə saxlayıb.

Sentyabrın 9-da Bakı Apelyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyilə bu işə yenidən baxılıb. Meydan TV-nin vəkili Elçin Sadıqov, Azadlıq radiosunun nümayəndəsi Adil İsmayılov, “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli bildirib ki, Plenumun qərarı qanunsuz və əsassızdır. Şikayət vermə ilə bağlı qanunvericiliyin tələbləri pozulub. Nazirlik nə apelyasiya, nə də Ali Məhkəməyə kassasiya şikayəti verib. Üstündən iki il keçəndən sonra əlavə kassasiya şikayəti verib və Plenum da qanunvericiliyin tələblərini nəzərə almadan ona baxıb, hətta təmin edib.

Bloklanan saytların təmsilçiləri bu iş üzrə məhkəmə mübahisələrinin artıq tükəndiyini, məsələnin Avropa Məhkəməsinin icraatında olduğunu vurğulayıblar. Qeyd ediblər ki, apelyasiya məhkəməsinin 2017-ci ilin dekabrında çıxardığı qərarın mahiyyəti Səbail rRyon Məhkəməsinin qətnaməsindən fərqlənmir. Vəkillər bu işin yenidən apelyasiya məhkəməsinə qaytarılmasını süründürməçilik kimi qiymətləndirib.

Hakim Ziya Şirinov bildirib ki, Plenum saytların apelyasiya şikayəti üzrə çıxarılan əvvəlki qərarı ləğv etdiyinə görə həmin şikayətlərə yenidən baxılır.

Hakimlər qısa müşavirənin ardından saytların apelyasiya şikayətinin təmin olunmadığını, Səbail Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qərarının qüvvədə saxlandığını elan edib.

Meydan TV-nin vəkili Elçin Sadıqov hesab edir ki, bu proses Avropa Məhkəməsində işə baxılmasını yubandırmağa hesablanıb: “Əvvəlki qərarı təkrarladı. Bu da absurddur. Halbuki, Avropa Məhkəməsində bu işlər icraata götürülüb. Eləsi var, kommunikasiya mərhələsi başlayıb. Eləsi var, artıq qərar mərhələsindədir. Biz bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik. Eyni zamanda, Avropa Məhkəməsini məlumatlandırmaq üçün ora da göndərəcəyik”.

Sözügedən saytlara Azərbaycandan giriş 2017-ci il martın 26-dan məhdudlaşdırılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məhkəmədə qaldırdığı iddiada göstərib ki, bu saytlarla əlaqədar o vaxtkı Baş prokuror Zakir Qaralov martın 27-də nazirliyə məktub göndərib. Məktuba saytlarda yayımlanan materiallar da əlavə edilib. İddia olunub ki, həmin yazılarda dövlətçilik maraqlarına zidd məqamlar var. Bu üzdən sözügedən saytlara girişin əngəllənməsi üçün məhkəməyə müraciət olunub.

Məhkəmə araşdırması zamanı məlum olub ki, məktuba əlavə edilən məqalələr hökumətin, Prezident İlham Əliyevin tənqidilə bağlıdır. Məktubu Z.Qaralovun martın 27-də göndərdiyi iddia olunsa da, məqalələr arasında elələri vardı ki, ondan sonra – aprel ayında yayımlanmışdı.

Ana səhifəXəbərlərMeydan TV və digər saytların bloklanması məsələsinə yenidən baxılıb