Media qurumunun “Facebook” hesabından materiallar silinib
İyunun 18-də səhər saatlarında Meydan TV-nin sosial şəbəkə hesablarına hücum olub. Azərbaycan dilində səhifənin 2018-ci ildən sonrakı bütün paylaşımları silinib.
Bu barədə Meydan TV-nin redaksiya heyəti açıqlama yayıb.
Eyni hal "İnstagram” səhifəsində də baş verib və aprel ayından sonrakı paylaşımlar silinib.
"Hazırda səhifə paylaşımlarının bərpası üçün iş gedir. Narahatlığa görə üzr istəyirik", – açıqlamada deyilir.
2018-ci ilin yanvarın 29-da da Meydan TV-nin "Facebook” səhifəsi hakerlərin hücumuna məruz qalmış və silinmişdi.
Həmin ilin yanvarın əvvəlindən başlayaraq Meydan TV əməkdaşlarının səhifələrinə, e-mail ünvanlarına hücumlar olub. Bundan başqa, Meydan TV-nin "Youtube” hesabına qarşı saxta müəlliflik hüququ ilə şikayətlər edilib.
Media hüquqçusu Xalid Ağaliyev baş verən olayı şərh edərkən xatırladıb ki, Azərbaycan 11 il əvvəl “Kibercinayətkarlıq haqqında” Konvensiyaya qoşulub:
“Bununla ölkəmiz informasiya sistemlərinə qanunsuz daxil olma, qanunsuz ələ keçirmə, məzmuna müdaxilə əməllərinin cinayət əməli kimi tövsif edilməsi üçün zəruri olan tədbirləri həyata keçirmək öhdəliyi götürüb. 7-8 il əvvəl bu hərəkətlər cinayət əməli kimi tövsif edilib, Cinayət Məcəlləsinə ayrıca fəsil əlavə edib. İnsan haqları günü “münasibətilə” yuxarıda qeyd etdiyim mediaların məruz qaldığı hücum aşkar şəkildə qanunsuz daxil olma, qanunsuz ələ keçirmə, məzmuna müdaxilədir”.
Xalid Ağaliyev bildirib ki, hökumətin üzərinə düşən vəzifə Cinayət Məcəlləsindəki müddəaları işə salmaq, bunu edənləri müəyyənləşdirib mühakimə etməkdir.