Bu gün, sentyabrın 20-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
Ayrı-ayrılıqda keçirilən məhkəmə proseslərində jurnalistlər Aynur Qənbərova (Elgünəş), Xəyalə Ağayeva, Natiq Cavadlı, Aysel Umudova, Ramin Cəbrayılzadənin (Deko) həbs müddəti daha 3 ay uzadılıb.
Ramin Cəbrayılzadə (Deko ), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı 2024-cü il dekabrın 6-da saxlanılıblar.
Onlara qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
2025-ci il avqustun 28-də Meydan TV işi üzrə ittihamlar ağırlaşdırılıb və onlar Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham olunurlar. Bu iş üzrə Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.