Meydan TV ilə bağlı dindirmələr davam edir (VİDEO)

“Mingəçevir işi ilə bağlı çağırılmışdım, amma sualların çoxu Meydan TV ilə bağlı idi” – bu sözləri 3 sentyabrda Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılan jurnalist Şirin Abbasov deyib. “Soruşdular ki, hansı əsaslarla Meydan TV ilə əməkdaşlıq edirsiniz? Bundan əvvəlki televiziya fəaliyyətim, təhsilim barədə suallar oldu”.

Jurnalistə qəribə gəlib ki, Bəhruz Hacıyevin ölümü zamanı və ondan sonra Mingəçevir şəhərində olmadığı halda istintaq onu şahid qismində tanıyıb. “Mingəçevir işinə aidiyyatım olmadığı üçün rahat ifadə verdim və 3 saat dindirildim”.

Şirin Abbasovun nümayəndəsi Namizəd Səfərov : “Mingəçevirdə baş verən ölüm hadisəsi ilə bağlı sosial şəbəkələrdə gedən şəkillərin mənbəyini öyrənmək istəyirlər. Mən belə başa düşdüm. Şirinin də bu paylaşmaya aidiyyəti yoxdur. 3 saat ərzində müstəntiq bizimlə çox mədəni davrandı. Hələ yaxşı ki, mən onları Şirinin əlindən aldım.(gülür) Şirin çox aktiv idi, xoşuma gəldi. Axıra qədər də qaydasında oxudu ki, başqa əlavələr olmasın”.

Mingəçevirdə baş verən hadisədən iki gün sonra, 22 avqustda şəhərə Meydan TV-nin əməkdaşı Sevinc Vaqifqızı ilə getdiyi üçün istintaqa ifadə verməyə dəvət olunan Ramin Deko ( Cəbrayılzadə) deyib ki, onun televiziya ilə heç bir əməkdaşlığı olmayıb. “Mingəçevir işi ilə bağlı şahid qismində ifadə verdim. Meydan Tv-nin fəaliyyəti barədə suallar verildi. Mən də bildirdim ki, Meydan TV ilə əməkdaşlığım olmayıb, onlarla heç vaxt işləməmişəm”.

1 sentyabrda Meydan TV ilə əməkdaşlıq edən Sevinc Vaqifqızı dindirilib. Növbəti günlərdə internet televiziya ilə əməkdaşlıq edən İzolda Ağayeva, Cavid Abdullayev, Natiq Cavadlı Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıblar və müstəntiqin suallarını cavablandırıblar.

20 avqustda şübhəli şəxs qismində Mingəçevir Polis Şöbəsinə gətirilən Bəhruz Hacıyev orada vəfat edib. Polis Şöbəsindən bildiriblər ki, B. Hacıyev otaqda tək qalanda pəncərəni açıb və oradan özünü yerə atıb. Bunun nəticəsində 1988-ci il təvəllüdlü gənc vəfat edib. Amma B. Hacıyevin atası Dilsuz Hacıyev oğlunun aciz insan olmadığını və intihar ehtimalına inanmadığını bildirib. O, əlavə edib ki, oğlunu polis işçiləri öldürüb.

Ana səhifəVideoMeydan TV ilə bağlı dindirmələr davam edir (VİDEO)