Meydan Hərəkatının sonu (2-ci yazı)

Noyabrın 23-də Bakıda xüsusi vəziyyət və komendant saatı elan edildi

Source:
Meydan hərəkatı
Meydan hərəkatı

Meydanda və Bakıda xüsusi vəziyyət tətbiq edilməmişdən AXC MTM bir neçə iclas keçirdi. Onlardan biri Müslüm Eldarovun təklifi ilə onun atası, tanınmış heykəltəraş Ömər Eldarovun Montindəki emalatxanasında keçdi.

Emalatxanada xeyli sayda eskiz işləri sənətkarın gərgin əməyindən xəbər verirdi. Mən füzulluğumun öhdəsindən gələ bilməyib onlara diqqətlə tamaşa edirdim və axırda pərdə ilə örtülmüş bir küncə də baxdım. Orada, pərdə arxasında kətilin üstündə oturmuş bir qadının ağ mərmərdən heykəli var idi. Heykəl çox gözəl idi. Mən Müslümdən soruşdum ki, belə gözəl heykəl nə əcəb emalatxanada saxlanılır. Müslüm dedi:

-Bu, Heydər Əliyevin mərhum xanımı Zərifə Əliyevanın qəbrüstü abidəsidir.

-Bəs nə əcəb onu Moskvadakı qəbrin üstünə qoymayıblar?

-Heydər Əliyeviç atama deyib ki, qəbri Bakıya köçürəcək, elə onda abidəni qoyacaq.

Mən barmağımı dişlədim: Əliyev Bakıya qayıtmağı planlaşdırır, onu daha Moskva ilə heç nə bağlamır.

Meydanda Azərbaycan Sovet Sosialist Respublikasının rəsmi bayrağı ilə yanaşı 1918-1920-ci illərdə mövcud olmuş nakam Azərbaycan Cümhuriyyətinin də bayrağı ilk dəfə qaldırıldı. İlk dəfə imperiyaya lənət, xalqımızın hüquqlarının pozulması barədə çıxışlar səsləndi. Meydanda xalqın fəal hissəsinin quruluşdan ayrılma prosesi başladı. Meydanda “ermənilər” bol-bol təhqir edildi, lənətləndi, partiya nomenklaturası və satqın ziyalılar da onlara qatıldı.

Meydanda elə-hey Vəzirovdan tələb edilirdi ki, Ermənistanla bütün iqtisadi əlaqələri kəssin. Sovet idarəçilik sistemini bilən bir insan kimi mənə aydın idi ki, bu tələbin icrası AKP MK-nın Birinci katibinin səlahiyyətlərinin xaricindədir. Lakin bu tələbin siyasi mənası da mənim üçün qaranlıq deyildi. Əməli olaraq Azərbaycana qarşı təcavüzə başlamış Ermənistanla bizim iqtisadi əməkdaşlığımız sıravi vətəndaşın beynində “millətə xəyanət” kimi qavranılırdı və bu əməkdaşlığın davamı Vəzirovun “siyasi qətli”nə xidmət edirdi. AXC Məramnaməsinin iqtisadi bolümünün müəllifi Vahid Axundov mənə kiçik bir namə göndərdi. Bu namədə camaatın tələbinin icrasının qanuni və mümkün yolu göstərilirdi: camaatın qarşısına konkret tapşırıq qoyulur, fəhlələr meydandan öz müəssisələrinə qayıdır, yaxınlarda seçilmiş və nəhəng səlahiyyətləri olan əmək kollektivləri şuralarının qərarı ilə həmin müəssisələr (dəmir yolu, neft- kimya və maşınqayırma) Ermənistandakı tərəfi-müqabilləri ilə bütün əlaqələri kəsirlər.

Yenidənqurma illərində qəbul edilmiş “Əmək kollektivləri şuraları haqqında” qanuna görə bu şuralar o qədər böyük səlahiyyət sahibi idilər ki, onların qərarlarını heç kəs, hətta İttifaq nazirləri ləğv edə bilməzdi. Beləliklə, camaatın haqlı tələbi həyata keçəcəkdi. Mən bunu meydan natiqlərinə çatdırmaq üçün tribunanın arxasına keçdim və yazılı təklifi Sabir Rüstəmxanlıya verdim. Təbii ki, Sabir Rüstəmxanlı bu təklifi meydanda səsləndirmədi.

Elə bu vaxt çıxış üçün tribunaya Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin sədri Süleyman Tatlıyev yönəlirdi. Mən onun qolundan yapışdım. Tatlıyev mənə sarı döndü. Dedim: “Süleyman müəllim, bu dəqiqə xalqa söz verin ki, respublikamızın hüquqlarına qarşı olan Konstitusiya dəyişikliklərini Moskvada rədd edəcəksiniz”. Süleyman Tatlıyev həmin andaca soruşdu: “119-cu maddənin 13-cü bəndinimi deyirsiniz?” Dedim: “Bəli, heç olmasa onu…”

Süleyman Tatlıyev qürurla dedi: “Onu biz qoymarıq keçsin”. Mən də sevindim. Ürəyimdə fikirləşdim ki, “bu yüksək vəzifəli partokratların vətənə və millətə yabançı manqurt olmaları barədə fikir heç də həqiqəti tam əks etdirmir”.

Tatlıyev çıxış etdi. Dedi: “Xalqın burada səsləndirilən tələblərini yerinə yetirməyən siyasi rəhbər vəzifəsində qalmağa layiq deyi”. Bu sözləri də mən özüm üçün belə tərcümə etdim ki, “ay Əbdürrəhman, ay Vəzirov, bir ovuc siyasi dələduzun burada xalq adından səsləndirdiyi səfeh tələbləri yerinə yetirmədiyin üçün vəzifədən çıx, ver yerini bizim əhli-hal olan təcrübəli həmkarımıza”.

Nümayişçilərin əhval-ruhiyyəsi, ruh coşqunluğu çox yüksək səviyyədə idi. Meydan mitinqinin insanların xatirəsində müsbət və xoş bir hadisə kimi yaşamasının səbəbi də məhz bu “xalqın birliyi” xülyası oldu. Gecələr meydanda onlarla tonqal qalanır, onların ətrafına toplaşan sadə insanlar bi milli Hayd-parklarda hərə öz istədiyini danışırdı. Mən bir tonqal dairəsindən o birisinə keçir, deyilənlərə qulaq asır, heç bir dairədə siyasi cəhətdən ağlabatan və məntiqi bir fikir eşitmirdim. Görürdüm ki, bir neçə adam bir tonqalın ətrafından başqasına keçir və hər yerdə də “Heydər Əliyevin pencəyi Topxanada asılsaydı, ermənilər qorxudan oraya yaxınlaşa bilməzdi”,- deyirdilər.

Meydanda hər gün aramsız söylənən qafiyəli çağırışlar da onun əqli və siyasi səviyyəsini göstərirdi. Hadisədən 30 il keçib. Zaman dəyişib, ümid edirəm ki, siyasi savad səviyyəsi də dəyişib. Bu qafiyəli, çox zaman xorla oxunan şüarlara baxın: “Bakı gözəl şəhərdir, ermənilər olmasa”, “Harda gördün erməni, vur başına gülləni”, “Hava yaman soyuqdur, ermənilər toyuqdur”, “Topxanada iş gedir, Bakıda nümayiş gedir”, “Ermənisən, ölməlisən, vəssalam”…

Yadınıza Kiyevdəki Maydanda meymun kimi hoppanan və “Kto ne skaçe – tot moskal” çığıran, hoppana-hoppana Krımı itirən ukrayna vətənpərvərlərini salın.

Xalq nağıla köklənmişdi. Şəhər camaatı, xüsusilə kəndistandan yeni köçmüşlər öz yaxın və əziz tayfa-nəsil birliyi ab-havasına qovuşub özlərini xoşbəxt hiss edirdilər.

Meydanda mən Babək Ədaləti adında bir həkimlə tanış oldum. Əslən cənublu olan bu şəxs mənə və digər AXC fəallarına həqiqi siyasi dərs keçməyə cəhd etdi. Onun sözlərinə görə, demokratiya və hüquq boş sözlərdir. Hər bir rəhbər işçi imkanı daxilində yeməli yerlərə öz adamlarını təyin edir. Həmin adamlar yaxşıca yeyir və bu imkanı verdiyinə görə rəhbər işçinin arxasında dağ kimi durur. Babək Ədaləti mənə məsləhət görürdü ki, AXC Həsən Həsənovun hamiliyini qəbul etsin, özü isə bizlə onun arasında bu əlaqənin yaranmasına kömək edə bilər. Ona səmimi təşəkkür edib fikirləşməyə söz verdik və bir daha onunla əlaqəyə girmədik.

Biz çıxış yolu arayırdıq. Leyla Yunusova təklif verdi ki, “Molodyoj Azerbaydjana” qəzetinin baş redaktoru Nəcəf Nəcəfovla görüşək. “Domsovet”in şəhərə tərəf olan səkisində görüşdük və bir saata yaxın gəzişib söhbətləşdik. Nəcəf Nəcəfov çox sevincək görünürdü. Partmafioz qrupların bu davası onu açıq sevindirirdi. Biz təklif verdik ki, indiki zəif nəzarət şəraitində fürsətdən istifadə edib AXC-nin Məramnaməsini öz qəzetində çap etsin. Bu, həm xalqa, həm də demokratiyaya gözəl hədiyyə olardı. Nəcəf Nəcəfov dedi ki, bu işi yalnız… Nemət Pənahovun icazəsi ilə görə bilər. Nə qədər dəlil gətirsək də, xeyri olmadı: “Nemət desin, çap edim”. Mənə vəziyyət bəlli oldu.

Noyabrın 23-də Bakıda xüsusi vəziyyət və komendant saatı elan edildi. Meydan SSRİ DİN-in Daxili Qoşun hissələri tərəfindən mühasirəyə alındı. Mitinq təşkilatçılarının heç olmasa bir hədəfi həyata keçdi: SSRİ rəhbərliyi Bakıda zor işlətmək imkanı qazandı. Bu tarixdən etibarən meydandakı nümayişçilərin sayı mütəmadi azalmağa başladı.

Bakıda və respublikanın bir çox rayon mərkəzində gedən mitinq xalqın diqqətini bir çox vacib siyasi hadisədən yayındırdı.

Mitinq iştirakçılarının tələblərindən biri “ Ermənistanda yaşayan azərbaycanlılara müxtariyyət vermək, əks halda Qarabağ ermənilərinin muxtariyyətini ləğv etmək”,- idi.

Azərbaycan ictimaiyyətinin bu tələbini hələ mitinq başlamamışdan vəziyyəti öyrənmək üçün oktyabr ayında Bakıya gəlmiş akademik Saxarova akademik Bunyadov “yoldaş Qorbaçova çatdırmaq üçün” bildirmişdi. Mixail Qorbaçovu qətiyyətsizlikdə ittiham edənlər çox yanılırlar. Bu tələb ona çatar-çatmaz SSRİ-nin rəhbəri, “insan yoxdursa, problem də yoxdur” deyiminə uyğun olaraq, bütün azərbaycanlıların Ermənistandan qovulması əmrini verdi. Bu əmri icra edən erməni sovet-partiya rəhbərliyinə kömək üçün Rusiyadan Ermənistana əlavə qoşun göndərildi. Hətta AKP MK-ya tapşırıldı ki, Moskvanın bu əmrini icra etmək üçün erməni kommunistlərinə kömək göstərsinlər. Vəzirovun xüsusi tapşırığı ilə Bakıdan Yerevana yük maşını karvanı və AKP MK-nın məsul işçisi Fazil Yaqubovun rəhbərliyi altında bir qrup partiya-sovet işçisi göndərildi.

AXC MTM-in meydanda asdığı Məramnamə layihəsində musiqi müəllimi Emin Əhmədovun, Tofiq Qasımovun və bu sətirlərin müəllifinin ev telefon nömrələri yazılmışdı. “Simsiz teleqraf” gözəl işlədi, iki gün sonra mənim evimə zəng gəldi. Ermənistandan, Rəncbər kəndindən zəng vurub məndən imdad diləməyə başladılar. Həyəcanlı səs bildirirdi ki, erməni millətçiləri hüquq-mühafizə orqanlarının və sovet-partiya qurumlarının işçiləri ilə birlikdə onları yurdlarından zorla qovurlar.

Elmlər Akademiyasının elmi işçisi nə edə bilərdi? Həmin günlər, Bakıda meydan hayqıran vaxt Ermənistandan 200 000-dən çox azəri türkü və müsəlman kürd deportasiya edildi. Sonradan Arzu Abdullayevanın əlaqələndirdiyi tədqiqatçı qrup tərəfindən (orada ən fəal insanlar Ağacavad Salamov, Şəmsəddin Rəhimov və Nəriman Zülfüqarov idi) müəyyən edildi ki, həmin günlərdə əzabkeş xalqın humanist nümayəndələrinin bilavasitə yardımı nəticəsində 216 azəri türkü və müsəlman kürd həyatları ilə vidalaşmalı olublar.

Ermənistandan müsəlman kürdləri qovan erməni millətçiləri yezidi kürdlərə əl dəymədilər. Səbəb məlumdur: erməni millətçiləri, bunu aydın qabartmasalar da, öz qondarma soyqırımlarının baiskarı kimi türkləri və müsəlman kürdləri görürlər, elə onlardan da hayıflarını alırlar.

Mitinqin 10-cu günü, noyabrın 28-də SSRİ Ali Soveti SSRİ Konstitusiyasına əlavə və dəyişiklikləri elə ilk variantda qəbul etdi. Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin sədri Süleyman Tatlıyev mənə verdiyi vədə rəğmən nəinki 119-cu maddənin 13-cü bəndinə qarşı çıxdı, əksinə, Azərbaycan nümayəndə heyətinin adından etdiyi çıxışda eston “separatçılarını” səfehcəsinə tənqid etdi. Bu mövqe ilə Azərbaycanın kommunist rəhbərliyi xalqın yazılı müraciətlərlə ifadə edilmiş iradəsinə və vətənin mənafeinə nə qədər yad olduqlarını bir daha sübut etdilər.

Mənim bütün meydan qarşısında olmasa da, Sərdarov adına zavodun fəhlələri qarşısında mənəvi borcum var idi ki, onları yaxınlaşan labüd zorakı əməliyyatdan xəbərdar edim. Ona görə qardaşımdan xahiş etdim ki, mənim üçün meydana bir buraxılış vəsiqəsi əldə etsin. O da şəhər partiya komitəsi vasitəsilə mənə bir vəsiqə düzəldə bildi. Soyuqdəymədən təzəcə sağalmışdım. Dekabrın 3-də axşam yollandım meydana.

Orada duruş gətirib qalanların sayı 2 mindən artıq deyildi. Nümayişçilərin bir qismi meydanda gəzişir, bir qismi çadırların içində, tonqalların ətrafında dövrə vurub qızınır və söhbət edirdi. Meydanın hər iki tərəfi qoşunun mühasirəsində idi. Əskərlər adamlara meydandan çıxmağa icazə verir, girməyi qadağan edirdi. İki saatdan bir gah mərkəz tərəfdə, gah Qara şəhər tərəfdə duran zirehli texnikanın mühərrikləri gurultu ilə işə salınır, həmin iki min adam silahlı qoşunu meydana buraxmamaq üçün yüyürüb əsgərlərin qarşısına bədənlərindən sədd çəkirdi.

Meydan camaatın gözündə müdafiə ediləsi son əziz məkan kimi qalırdı. Ortada Azərbaycan və Qarabağ gedirdi, iki min “spartalı” azərbaycanlı meydanın mənasız müdafiəsi ilə məşğul idi. Hər dəfə də həyəcan işarəsi aldadıcı olurdu, əsgərlər əmr almadıqlarından yerlərindən tərpənmirdilər. Bir on-on beş dəqiqədən sonra əsgərlər mühərrikləri söndürürdülər, camaat da yenidən meydana dağılışıb gəzişməyə başlayırdı. Bütün bu mənasız qaçışma və dağılışmalar mənə şir sürüsünün ceyran sürüsünə hücumunü, ceyranların qaçmasını, şirlərin bir-iki ceyranı ovlayandan sonra təqibi dayandırmasını və şikarı didməyə girişməsini, ceyranların sakitləşib yenidən otlamağa başlamasını xatırladırdı.

Sərdarov adına zavoddakı görüşdə tanış olduğum və xətirlərini çox istədiyim Füzuli və Hüseyn mənim “fəhlələri dinc şəkildə meydandan çıxarın, ordu əməliyyatının başlamasına az qalıb” xəbərdarlığıma belə cavab verdilər ki, bu, mümkün deyil, zira fəhlələr cəzalanmaqdan qorxduqları üçün meydanı özlərinin son sığınacağı sayırlar.

Zavodun fəhlələrinin çoxu onsuz da meydanı tərk edib, qalanlar üzdə olan fəallardır ki, onlar da ümidsizlik və qüssədən təsəllini meydanı “qorumaq”la tapırlar. Hüseyn və Füzuli acı-acı dedilər ki, hadisələrin əvvəlində onlar çox çalışdılar ki, fəhlələrin qorxu hissini üstələyib zavodu dayandırsınlar və onları meydana çıxarsınlar, indi isə “dirçəlmiş” fəhlələr yenə qorxurlar, bu dəfə zavoda qayıtmaqdan qorxurlar.

Mən anladım ki, meydanda qalmış 25-30 fəhləni inandıra bilməyəcəyəm. Onlar sona qədər burada qalacaq. Çarəsizlikdən tonqal ətrafında dövrə vurmuş adamların cərgəsinə qatıldım və söhbəti dinləməyə başladım.

Kaş bunu etməyəydim! Hündürboy, qıvrımsaç birisi Sumqayıt talanı barəsində danışırdı:

“Biz “Jiquli”ni saxlayıb sürücünü çıxardıq və döyməyə başladıq. Müqavimətə halı qalmayanda biz onu böyk tonqalın içinə atdıq. Oddan sıçrayıb çıxmaq istəyəndə birimiz əlindəki üçü itilənmiş armaturu onun düz sinəsinə sancdı. Oddan çıxmaq istəyəndə armatur onun sinəsinə daha dərin sancılırdı, qayıda da bilmirdi, çünki alov onu yandırırdı”.

Tonqal ətrafında bu söhbəti dinləyən kişilər hırıldayıb gülüşürdü. Qalxdım və halım pəjmürdə çadırı tərk etdim.

Qonşu çadırdan Qəmbərov İsa çıxdı və hara isə tələsik getdi. Onu görməyə və danışmağa heç həvəsim yox idi.

Millətçi dəstə, çox güman ki, məqsədinə, tam da olmasa, çatmışdı.

Dan yeri sökülənə qədər meydanı dolaşdım. Bir-iki tanışımı görüb söhbət etdim. Süni xəz astarlı plaşım məni soyuqdan əsla qorumurdu. Aramsız titrəyirdim. Səhər tonqalların qara izlərinin çopur sifətə çevirdiyi boz asfalta son dəfə baxıb meydanı tərk etdim.

Bu, meydanın sonu idi. Xalqımız öz tarixi yolunda daha bir mərhələni kütbeyinliklə və “qəhrəmanlıqla” uduzmuşdu. Dərd onda idi ki, xalq bunu dərk etmirdi. İndinin özündə belə əksəriyyət indiki bəlalarının başlanğıc nöqtəsini görmür, anlamır və tanımır. Bəziləri isə meydan hərəkatını qəhrəmanlıq dastanı sanır. Əgər bu qəhrəmanlıqdırsa, onda qız qaçıran, varlıları soyan əsl Koroğlu qəhrəmanlığıdır.

Mən meydan hərəkatını partiya mafiyasının “perestroyka” dövründə öz siyasi rəqiblərinə, son nəticədə isə demokratiyaya və xalqa qarşı apardığı oyunun birinci və xeyli uğurlu mərhələsi sayıram. Həmin mərhələdə üzə çıxmış və siyasi kapital toplamış adamlar xalqa hələ çox bəla və məğlubiyyət gətirəcəkdilər, lakin xalq bunu anlamırdı və hətta indi də tam həcmdə anlamır.

Eyni hadisə Ermənistanda baş verdi və eyni nəticələrə gətirdi.

1990-cı ilin sonunda Leyla Yunusova və mən xalq hərəkatı barəsində bir elmi iş yazmaq qərarına gəldik. Bir dəfə Leyla xanım məni evinə dəvət etdi ki, “mühüm sənəd əldə etmişəm”. Yollandım onun evinə. Mənə yekə bir qovluq verdi. Qovluqda Yerevan mitinqlərində edilmiş çıxışların ermənicədən ruscaya tərcüməsinin əlyazmalarının kseroks nüsxələri var idi (şübhəsizdirki, Bakı mitinqlərinin də ruscaya tərcüməsi lazımi mütəxəssislərin masasının üstündə idi). Bir hissəsini oxudum. Mahiyyət və ifadə tərzi Bakıdakı Meydan mitinqinin səfeh çıxışları ilə eyni idi, sadəcə bizdə səslənən “erməni” sözü orada “turkes” ilə əvəz olunmuşdu. Hamısını oxumağa dəyməzdi. Soruşdum ki, “bu material səndə haradandır?” Dedi: “DTK işçiləri verib”. Soruşdum: “Nə əcəb, belə hörmət haradandır?” Dedi: “Bir dəfə Poluxin (indiki Murtuza Nağıyev) küçəsində maşın yolu ilə gedirdim, birdən bir kişi məni qolumdan tutub kobudcasına səkiyə qaldırdı, elə bu an düz yanımdan bir maşın sürətlə keçdi. Bu kişi dedi ki, “Sizi öldürmək istəyirlər. Biz DTK-da sizə çox hörmət edirik, qoruyuruq və qətlinizə imkan vermərik. Sizin fəaliyyəti bəyənirik və kömək üçün sizə Yerevan mitinqlərindəki çıxışları veririk”.

Nə isə, bu nağıla bənzəyən əhvalatı dinlədim və heç nə deməyib mənzili tərk etdim. Birgə kitab yazılası olmadı.

Xalqımızı məğlubiyyətə aparan meydan qəhrəmanlarının və millətçi “politruk”ların rəhbər qərargahı var idi. Bu qərargah rüşvətxor mafiozlardan və “milli dəyər” dəllallarından ibarət idi. Burada rus yazıçısı Saltıkov-Şedrinin dahi bir cümləsi yada düşür: “…nəsə millətdən və vətənpərvərlikdən çox danışmağa başlayıblar. Yəqin ifrat oğurluqlarının üstü açılıb.

Küçə etirazlarının yanacağı da çox güclü idi: zədələnmiş milli qürur və özgələrə nifrət. Bu yanacaq 1920-1930-cu illərdə Almaniyanı və İtaliyanı yandırıb ərsəyə faşizmi gətirmişdi, 1980-1990-cı illərdə isə bu yanacaq Cənubi Qafqazda hadisələrin üstünə səpildi və boyük yanğın törətdi.

Əminəm ki, mən bu qənaətimi o zaman xalqa müraciətlə tam açıq desəydim (üstüörtülü tərzdə, elmi istilahlarla deyirdim), məni cox az adam anlayardı. Əksəriyyət amlamazdı və o zaman onlar üçün ən ülvi hiss olan “milli sürüyə mənsubluğ”a qıydığım üçün mənə nifrət edərdi.

Meydan hərəkatının ən acı aqibətlərindən biri Ermənistandan bütün azərbaycanlıların qovulmasının tam kölgədə, dünya, İttifaq və hətta Azərbaycan mediasının diqqətindən kənarda qalması

oldu.

Dünya hələ də bilmir ki, bu qeyri-insani əməliyyatda Ermənistanın dövlət qurumlarına və millətçılərinə SSRİ DİN-nin Daxili Qoşun hissələri yardım göstərmişdi. Həmin hissələrin zabitlərinə hərbi tapşırıq verilərkən bu əməliyyatın keçirilmə səbəbi kimi “erməniləri vəhşiləşmiş türklərin əlindən xilas etmək zərurəti” göstərilirdi.

Meydan nümayişi günlərində və ondan azca sonra AXC MTM üzvləri cəhd etdilər ki, bu etnik təmizləmə əməliyyatı barəsində məlumatı əldə edib müyəssər istiqamətlərdə yaysınlar. Lakin Moskvanın əmrinə müntəzir AKP və DTK bu məlumatı gizlətmək üçün bütün tədbirləri görürdü.

Leyla Yunusova gecə Semaşko adına xəstəxanaya gedib, orada deportasiya zamanı uşaqları düşmüş qaçqın qadınlarla müsahibə apardı və bu məlumatı öz xətti ilə yaydı. Mən isə Ermənistandan Bakı partiya məktəbində oxumağa gəlmiş Eldar Səfərov adlı bir jurnalisti tapdım və ondan soruşdum ki, deportasiya barədə onda hansısa sənəd və şəkillər varmı? Dedi ki, onda xeyli sənəd və şəkil var. Xahiş etdim ki, onları və ya surətlərini mənə yaymaq üçün versin. Dedi ki, hamısını Azərbaycan DTK-na verib.

Mənə yalnız bu qəribə məntiqə acımaq qaldı.

Gözlənildiyi kimi, dekabrın 4-dən 5-nə keçən gecə qoşun meydanı nümayişçilərdən təmizlədi. Min nəfər adam həbs edildi. Əksəriyyət Azərbaycanda, az bir hissə “Rusiyət”də qısa müddət həbsdə qaldı.

Nemət Pənahov ona vurulmuş və başını itirmiş hansısa xanımla “Təcili yardım” maşınında aradan çıxa bilmişdi, lakin sonra tapılıb həbs edilmişdi. Nə qədər qəribə görünsə də, Nemət çox qısa bir vaxtdan sonra azadlığa çıxmışdı və öz fəaliyyətini sərbəst davam etdirmişdi.

Hərəkatın ilk vaxtlarında belə təxribatçıların dəyəri çox yüksək idi, hərəkat genişləndikcə, onların sayı sürətlə çoxalmağa başladı və inflyasiya prosesi baş verdi: onlar xeyli qiymətdən düşdü.

Bakı “xüsusi vəziyyət rayonu”nun komendantı general-leytenant Tyaqunov təyin edildi. General Tyaqunov meydanın dağıdılması əməliyyatını AKP MK-da müzakirə edərkən ən qəti tədbirlərdən belə çəkinməmək barədə əmr aldığını söyləmişdi. Buna Vəzirov qəti etiraz edib əməliyyat zamanı qan tökülməsini istisna edən üsulların seçilməsini israrla tələb etmişdi.

SSRİ DİN-nin Daxili Qoşunları Azərbaycanda iflasa uğramış kommunist rejimini və onun rəhbəri Ə.X.Vəzirovu bu dəfə xilas etdi. Hakimiyyətdən sovet qanunlarına riayət edilməsini tələb edən geniş xalq kütləsi tamamilə məntiqsiz və siyasi cəhətdən səfeh şüarlarla dövlətlə qanunsuz və mənasız qarşıdurmaya cəlb edildi. Bu şüarların məqsədi aydın idi: hakim zümrəyə yabançı, dayaz, lakin qeyri-mafioz partiya rəhbərinin devrilməsi tələb olunurdu.

Əgər 1988-ci ilin noyabrında meydanın liderləri öz mafioz ağalarının bu tapşırığını yerinə yetirə bilmədilərsə, onlar ümudlərini itirmədilər, çünki Vəzirovun siyasi qətli prosesi başlamışdı, kütlə ona qarşı artıq qısqırdılmışdı və “elan edilmiş qətl” gec-tez həyata keçəcəkdi.

Moskvanın Dağlıq Qarabağ məsələsində mövqeyi həm Ermənistanda, həm Azərbaycanda qatı millətçiliyin çiçəklənməsi üçün münbit zəmin yaradırdı. Bu mövqe “beynəlmiləlçi kommunist liderləri” olan tipik partokrat Suren Harutyunyana və Əbdürrəhman Vəzirova öz vəzifələrini qorumaq üçün cüzi şans belə vermirdi. Onların taleyi Moskvanın özünə də bəlli idi, bəlkə də özü işlərin gedişini məhz belə planlaşdırmışdı.

Mənə isə qalırdı Moskvanın, Sov.İKP-nin və “şəxsən yoldaş Qorbaçov”un Dağlıq Qarabağ külüngü ilə Cənubi Qafqazda sovet hakimiyyətinin evini yıxmasına tamaşa etmək.

Hərəkatın fəallarına qarşı cəza tədbirləri başladı: təqiblər, həbslər, istintaq, işdən qovulmalar. Elmlər Akademiyasında onlarla işçi, o cümlədən bu sətirlərin müəllifi işdən çıxarıldı. Elə həmin andaca kortəbii bir tərzdə Akademiyanın işçiləri işdən kənarlaşdırılmışların hüquqlarını müdafiə edən bir qurum yaratdılar. Ona rəhbərliyi ərəbşünas Nəriman Qasımzadə edirdi. Nəriman Fələstin müqaviməti mövzusunda müdafiə etmişdi, savadlı və fəal insan idi. O və həmkarları xeyli imza topladılar və aidiyyatı olan idarələrin qapılarını döydülər. Onların bu fəaliyyəti hərəkata isti münasibət bəsləyən Akademiyanın prezidenti Eldar Salayevə imkan verdi ki, “ictimaiyyətin rəyini nəzərə alaraq” bütün işdən çıxarılmışları işdə bərpa etsin.

Bir müddət sonra məni də, qardaşım Arazı da Rusiyanın müxtəlif yerlərindən yığılıb Bakıya “Meydan işi”ni araşdırmaq üçün ezam edilmiş SSRİ Baş Prokuroluğunun xüsusi istintaq qrupunun müstəntiqləri dəvət edib “silist”ə tutdular.

Məni dindirən müstəntiq sadə rus əyalət “mujik”i idi. Məncə, o, bu yad və qəribə cənub şəhərinə nə üçün ezam olunduğunu tam dərk etmirdi. İnsanlara təkəbbür və əda ilə yanaşan, dindirilən vətəndaşı qorxutmağa adət etmiş adi azərbaycanlı prokurorluq işçilərindən fərqli olaraq bu müstəntiq çox nəzakətli idi və dediyim hər sözü sidqi-ürəkdən anlamağa çalışırdı. Mən meydan hərəkatı barədə bütün düşündüklərimi dedim. Dedim ki, “DQMV və onun ətrafında” gedən hadisələr SSRİ-ni dağıdır. Separatçılar aşkarlıq və yenidənqurmanı dövləti möhkəmləndirmək və hakimiyyəti xalqa vermək üçün deyil, əksinə, dövləti dağıdıb mürtəce nomenklatura zümrəsini hakimiyyətdə saxlamaq üçün istifadə edirlər. Dedim ki, erməni millətçilərinin xaç atası Dəmirçyandır, bizim millətçilərə gizli rəhbərliyi Əliyevin komandası edir”. Müstəntiq mən deyənləri səliqə ilə yazdı, oxumaq üçün mənə verdi. Mən oxudum, imzaladım və “Nizami” kinoteatrının yaxınlığında, köhnə Bakının dar məhəllələrinin birində yerləşmiş və rus müstəntiqlərinin müvəqqəti qərargahına çevrilmiş hüquqi təlim mərkəzindəki kasıb kabineti tərk etdim.

Bir azdan bəlli oldu ki, qardaşım Araz da oxşar ifadə verib. İstintaqa 17 günlük mitinq hadisələrinin bütün qəhrəmanları: natiqlər, “Nümayiş komitəsi”nin üzvləri və üzdə olan təşkilatçılar cəlb edilmişdi. Onların rus müstəntiqlərinə verdiyi ifadələrin istintaqdan kənarda da siyasi rolu oldu. Nemət Pənahovun vəkili Ramiz Zeynalov çoxcildli cinayət işinin kseroks surətini çixara bildi və onu tezliklə azadlığa çıxmış Nemətə verdi. Nemət isə bu ifadələri öz “Meydan” qəzetində rəqiblərini vurmaq məqsədilə çap etməyə başladı.

Bu ifadələrin bəziləri həqiqətən də gülməli və əyləncəli idi. İfadələr öz sahiblərinin bəzən səfehliyini, bəzən isə qorxaqlığını açıb ortaya qoyurdu. İfadələrdən bəlli oldu ki, bəzi meydan bülbülləri meydana AKP MK-nın tapşırığı ilə gəlibmiş ki, “xalqı sakitləşdirsinlər və ifrat hərəkətlərdən çəkindirsinlər”.

Əlizadə qardaşlarının ifadələrinin çapını Nemət, çox güman ki, özü üçün xeyirli saymadı və dərc etmədi. Həmin ifadlərdə biz onu Heydər Əliyevin casusu adlandırmışdıq.

Mitinq günlərində millət naminə camaatdan böyük məbləğdə pul yığılmışdı. Elə yaxın dostum Tariyel mənimlə məsləhətləşmədən 5 min manat pul vermişdi. Danışırdılar ki, qoca bir bakılı 80 min manat vermişdi. Bu pul, guya ki, Qarabağın müdafiəsinə gedəcəkdi.

“İt də getdi, ip də getdi”. Dələduz millət fədailəri bu pulu elə çırpışdırdılar ki, sovet müstəntiqləri cəmi 80 min manatın izini, yalnız izini tapa bildilər.

Meydanda ağır cinayət törənməmişdi. Bir azdan bütün saxlanılmışlar azadlığa cıxıb öz fəaliyyətlərini bərpa etdilər. Həbsə məhkumların da müddətləri uzun olmadı.

İşə bərpa olduqdan sonra mən Bunyad Sərdarov adına maşınqayırma zavodunun işdən çıxarılmış fəhlə fəallarının hüquqlarının müdafiəsi ilə məşğul oldum. Onları tətil və nümayiş günlərində meydana gəlib “misilsiz qəhrəmanlığa görə” tərifləmiş və xanımının bişirdiyi pirojkilərə səxavətlə qonaq etmiş zavod direktoru Elbrus Seyidov “ekstremist fəaliyyətə görə” işdən çıxarmışdı. Fəhlə liderləri Hüseyn Əliyev və Füzuli Əhmədov məsləhət üçün mənə müraciət etmişdi. Mən də onlar üçün meydan hadisələrinin səbəbləri, gedişi və pərdəarxası motivlərini izah edən müraciətlər yazmağa başladım. Fəhlələr bu müraciətlərlə respublikanın bütün idarələrinin qapılarını döyüb heç bir yerdə müsbət münasibət görmədilər. Azərbaycanın nə sovet, nə həmkarlar, nə də partiya orqanları işdən ədalətsiz çıxarılmış fəhlələrə həyan olmadı. Onlara kömək əlini uzadan insan… Bakı xüsusi idarə rayonunun komendantı general-leytenant Tyaqunov oldu. Tyaqunov fəhlələri qəbul etdi, diqqətlə dinlədi və onların fövrən işə bərpa edilməsi barədə əmr verdi. Azərbaycan məmurları rus hərbçilərindən oddan qorxan kimi qorxurdular və fəhlələr qeydsiz-şərtsiz işə bərpa olundular.

Zavod direktorunun riyakarlığı ona baha başa gəldi. Bir neçə ay sonra zavodda direktor seçkisi keçirildi. Hüseyn və Füzuli iclasda durub Elbrus Seyidovun şərəfsiz mövqeyini onun üzünə çırpdılar və o, seçkini uduzdu. Direktor vəzifəsinə vaxtilə bu zavodda işləmiş, lakin fəhləyə əl qaldırdığına görə qovulmuş bir mühəndis seçildi. Bu mühəndis etdiyi hərəkətə görə fəhlələrdən yüz dəfə üzr istəyib tövbə edəndən sonra fəhlələr onu bağışlayıb direktor seçdilər. Fəqət seçiləndən az sonra yeni direktor da əvvəlkinin yolunu tutdu. Buna baxmayaraq fəhlələr ilk dəfə hiss etdilər ki, onlar bir olsalar, zavodun taleyini həll edə bilərlər.

Hüseyn və Füzuli axıra kimi AXC-nın zavod dayaq dəstəsinin ən fəal və sadiq üzvü qaldılar.

Məncə, “Meydan hərəkatı” Azərbaycan xalqının maraqlarına ciddi və uzunmüddətli ziyan vurdu:

Meydan xalqımızın mübarizəsini səmərəli hüquqi müstəvidən labüd məğlubiyyətlə nəticələnməli zorakılıq müstəvisinə keçirdi. Hüquqi müstəvidə mübarizə həmin dövrdə müstəsna əhəmiyyəti olan “SSRİ Konstitusiyasına əlavələr və dəyişikliklər”dəki birbaşa Azərbaycanın müttəfiq respublika kimi öz ərazisi və iqtisadiyyatının bəzi sahələri üzərində suveren hüquqlarını məhdudlaşdıran maddə və bəndlərinin rəddi naminə xalqı səfərbər etməkdən keçirdi. Qarşıda Qarabağın taleyini həll edəcək vəzifələr və hədəflər dururdu, bunun əvəzinə meydan bülbülləri kütləni məkrli üsullarla partnomenklaturanın daxilində gedən mafioz boğuşmalara cəlb etdilər. Bu “lider”lərin əksəriyyətinin Ümumittifaq miqyasda gedən siyasi proseslərdən xəbəri yox idi (maraqlanmırdılar və anlamırdılar), bəzilərinin isə xəbəri var idi, lakin onları Qarabağ və demokratiya deyil, hakimiyyətdaxili vəzifə davası maraqlandırırdı.

“Meydan” Azərbaycanda köhnə partiya mafiyasının qeyri-mafioz yeni birinci katibə qarşı “xalq hərəkatı” silahından birinci və uğurlu istifadəsi oldu. Xalqa və vətənə obyektiv lazım olan məqsədlər əvəzinə kütlənin sarı simini titrədən bəsit şüarlar səsləndirib devrilməsi nəzərdə tutulan respublika rəhbərini zahirən ədalətli , əslində qanunsuz tələbləri yerinə yetirməyən lider kimi xalqın gözündən salmaq texnologiyası sınaqdan keçirildi. Xalqla rəhbər arasında dərin uçurum yaradıldı.

Əsla təsadüfi olmadı ki, Şəki şəhərində mitinq iştirakçıları rayon prokurorluğunun binasına hücum etdilər və istintaq işlərini yandırdılar. Neçə cani bu şanlı “milli-azadlıq” hərəkatının bu qəhrəmanlığı sayəsində layiq olduğu cəzadan canını qurtara bildi.

Meydandakı boşboğaz və məntiqsiz çıxışlar və bağırtılar Ermənistandan deportasiya edilən 200 min azərbaycanlının fəryadını batırdı.

Bakıda və bəzi rayonlarda tətbiq edilmiş “xüsusi vəziyyət” Kompartiya rəhbərliyinə SSRİ Xalq Deputatları Qurultayına seçkiləri total saxtakarlıq şəraitində keçirməyə imkan yaratdı. Həmin seçkilərdə Baltikyanı respublikaların xalq hərəkatları xeyli savadlı və parlaq vətənpərvəri ölkənin ali qanunverici orqanına göndərə bildi. Meydan isə AXC MTM-in pespublika rəhbərliyinə təzyiq silahını əlindən aldı. Kompartiyanın Qurultaya göndərdiyi deputatlar Azərbaycanın maraqları naminə aparılan bütün siyasi döyüşləri uduzdu.

Meydan siyasi səhnəyə bir çox kəmsavad, həyasız və partmafiya ilə sıx bağlı olan siyasətçi sala bildi. Məhz bu adamlar sonrakı mərhələlərdə xalq hərəkatında mənfi rol oynadılar və indiki avtoritar üsuli-idarənin qurulmasında həlledici işləri gördülər. Beləliklə də, bu “Dirçəliş” ilə Azərbaycanda demokratiyaya ümid puça çıxdı.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəMeydan Hərəkatının sonu (2-ci yazı)