Meydan hərəkatı – 30

(Birinci hissə)

Source:
Cıdır düzündən topxanaya baxış
Cıdır düzündən topxanaya baxış

(Birinci hissə)

1988-ci ilin noyabr ayının 17-də Bakıda Lenin adına meydanda 18 günlük mitinq keçdi. AXC hakimiyyəti bu hadisəni millətin qəflət yuxusundan oyanması, imperiyaya qarşı açıq üsyana başlaması, xülasə, müasir tariximizdə ən şanlı əlamətlərdən biri sayıb onun başlanğıc gününü Dirçəliş Günü elan etdi. Ulu öndər və onun xələfi tarixin bu yozumu ilə tamamilə razı qalaraq onu rəsmi bayram kimi saxladı.

Bu il həmin hadisədən 30 il keçir. Onun iştirakçıları bir-bir dünyadan köçür, bir azdan canlı şahid qalmayacaq, nə isə öyrənmək istəyən gərək professor Ədalət Tahirzadənin “Meydan”ikicildliyini tapıb hadisələrin xronologiyası ilə tanış olsun, sonra da rəsmi siyasi təfsiri qəbul edib millətin dirçəlməsinə sevinsin.

Necə ki, sovet xalqı 70 il Böyük Oktyabr Sosialist İnqilabının qələbəsinə sevinmişdi.

Yubiley ilində Dirçəlişə ictimai marağın artma ehtimalını nəzərə alıb hadisədə fəal iştirak etmiş bir adam kimi 18 günlük mitinq və onun tariximizə təsiri haqqında rəyimi bölüşmək istəyirəm.

Mitinqin başlanmasına işarəni Şuşa şəhərinin bir qrup erməni və azərbaycanlı sakininin “Topxananın harayı” başlıqlı məktubunun AKP MK-nın rəsmi mətbu orqanı olan “Kommunist” qəzetində çapı vermişdi. Həmin günə qədər Dağlıq Qarabağdakı hadisələr barəsində susan “Kommunist” qəzeti birdən-birə Cıdır meydanının qənşərində yerləşən Topxana yaylasında Ermənistanin Kenaker alüminium zavodunun işçiləri üçün istirahət mərkəzinin tikilməsinə Şuşa şəhərinin sakinlərinin etiraz məktubunu görəsən nə üçün çap etdi?

Bu məktubun hazırlanması və çapı səbəbləri barəsində müxtəlif fərziyyələr mövcuddur. Məncə, bu fərziyyələrin arınması “milli-azadlıq mübarizəsi” kimi müqəddəsləşdirilən və ülviləşdirilən geniş xalq hərəkatı haqqında dürüst təsəvvürün əldə edilməsinə, Meydan hərəkatı ilə sonrakı dövrdə baş vermiş hadisələr arasındakı səbəb-nəticə əlaqələrinin aşkarlanmasına kömək edə bilər.

Bir il sonra mən Şuşada olarkən Cıdır meydanından rəmzə çevrilmiş Topxanaya, orada yarımçıq qalmış daş tikiliyə tamaşa etmişdim. Bu metrə yarım hündürlüyə və 15-20 metr uzunluğa qədər horülmüş divarın Bakıda belə möhtəşəm xalq hərəkatına təkan verə biləcəyinə təəccüblənməmək olmurdu. Səbəb nədəydi?

Bu tikili nə idi, nə üçün idi?

Cıdır meydanından Topxana yaylasına və təxribat tikilisinə mənzərə…

Əvvəla, Ermənistan ərazisində yerləşən zavodun Azərbaycan ərazisində öz işçiləri üçün istirahət mərkəzinin tikintisinə başlaması xəbərinə yalnız yaşadığı dövlətin hüquqi-siyasi-inzibati-iqtisadi quruluşuna nabələd adam inana bilərdi. Sovet vətəndaşlarının 90%-ni belələrinə aid etmək olardı. Odur ki, siyasi cəhətdən cahil olan azərbaycanlıların bu xəbərə inanması və meydana axışması əsla qəribə sayılmamalıdır. Lakin sıravi vətəndaşların bilmədiyini mərkəzi partiya orqanı olan “Kommunist” qəzetinin işçiləri bilməmiş deyildi. Axı onlar dəqiq bilməliydilər ki, sovet qanunlarına görə Kenaker Alüminium Zavodu heç vaxt Ermənistanın tabeliyində olmamışdı və ola bilməzdi, zira SSRİ ərazisindəki bütün metallurgiya müəssisələri, o cümlədən Azərbaycandakı və Ermənistandakı ağır sənaye müəssisələri müvafiq İttifaq nazirliyinin tam tabeliyində idi və respublika rəhbərliyinin bu zavodların maliyyə və idarəçilik işlərinə qərar vermək səviyyəsində qarışmaq hüququ yox idi. Onların rəhbərlərinin təyinat məsələsi belə son nəticədə Moskvada həll olunurdu. Deməli, “Ermənistan öz zavodunun işçiləri üçün istirahət mərkəzi tikir” fikri sovet gerçəkliyi ilə əsla uzlaşmırdı və elə əvvəlcədən kütlə ehtiraslarını qızışdırmağa yönəlmiş qurama fitnə idi.

İkincisi, istənilən əsaslı kapital qoyuluşu tələb edən tikinti mütləq təsdiqlənmiş və razılaşdırılmış plana uyğun başlaya bilərdi. Əgər Kenaker zavodunun sahibi olan İttifaq nazirliyi öz işçiləri üçün istirahət mərkəzini bütün Sovet İttifaqı üçün istirahət zonası sayılan Ermənistanda deyil, nədənsə Azərbaycanda və mütləq Topxanada tikmək istəsəydi, onun Azərbaycan SSR Nazirlər Soveti, bizim Dövlət Plan Komitəsi, müvafiq tikinti və təchizat nazirlikləri, nəhayət, AKP MK ilə bütün məsələləri razılaşdırması labüd idi. Bunların heç biri edilməmişdən “Kommunist” qəzeti necə oldu ku, “Topxana harayı” yazısını dərc etdi? Yəni bizim jurnalist həmkarlarımız bu qədər savadsız idilər? Düşünmürəm. Həmin yazı müəlliflərinin sonrakı karyera yoluna baxdıqda əmin olursan ki, bu əməliyyat və buna görə Vəzirovdan aldıqları cəza müqabilində onlar kimdən ki, lazımdı, kifayət qədər yüksək ənam aldılar.

Üçüncüsü, Qarabağda hakimiyyətə nəzarəti öz əlinə almış mərkəzi partiya, DİN və DTK qurumlarının fəaliyyəti nəticəsində 1988-ci ilin sentyabr ayının sonuna qədər Stepanakertdən bütün azərbaycanlılar, Şuşadan isə bütün ermənilər çıxarılmışdı. Şuşada sentyabrın sonundan erməni sakini qalmamışdı, hansı şuşalı erməni 1988-ci ilin noyabr ayında haray çəkib Bakı əhlini Topxananın imdadına çağırırdı?

Dördüncüsü, 1989-cu ilin avqustunda mən Cıdır düzündən Topxanaya baxanda, oradakı yarımçıq tikili Abşeron yarımadasının kəndlərindəki daş karxanalarında çıxarılan boz 20×40 sm ölçülü “kubik” daşlardan hörülmüşdü. Dağlıq Qarabağda və Ermənistanda belə növ daş olmur və yoxdur. Deməli, bu daşı Bakıdan göndərmişdilər.

“Topxananın harayı” yazısını kim təşkil etmişdi? Əvvəl mən belə zənn etdim ki, Şuşa şəhər partiya komitəsi (1-ci katib Vaqif Cəfərov) vilayətin ona və yerli azərbaycanlılara saymazlığından cana doyub belə bir uydurma məktubu “təşkil etmişdi”. Lakin bu məktubu “Kommunist” qəzetində dərc etdirmək onun imkanından xaric idi.

Qalırdı iki digər fərziyyə: ya bu məktubu Vəzirov əhalini SSRİ Konstitusiyasına əlavələrə və dəyişikliklərə qarşı etiraz mitinqlərinə qaldırmağa çalışan AXC MTM-in səylərini qabaqlamaq məqsədi ilə özü təşkil edib, ya da… Vəzirovu vəzifədən kənarlaşdırmağa çalışan, lakin bunu açıq etməkdən çəkinən köhnə nomenklatura bu fitnəni salmış, ondan tam bəhrələnmişdi.

Mitinqin dördüncü günü AKP MK katiblərindən biri və bu dövrdə birinciliyə bütün varlığı ilə can atan Həsən Həsənovun meydandakı mitinqdən nə qədər məmnun qaldığını, oğul toyu edən ata kimi nəşədən əlini əlinə sürtdüyünü və az qala yerində dingildədiyini müşahidə etdikdə düşündüm: acı noyabr küləyinin soyuğundan büzüşən, daxildəki ağrılı hisslərin əmrilə “Qa-ra-bağ!” hayqıran bu zavallı sadə camaat öz kortəbii etirazı ilə hansısa bir ovuc xalqa yad partokrata dəstək verdiyini dərk edirmi?

Təbii ki, əgər bu mitinqi biz, Vəzirovu vəzifədən kənarlaşdırmağı özünə əsla məqsəd seçməmiş AXC MTM təşkil etməmişdiksə, qalirdı Vəzirovun ayağının altini qazan dəstələr. Məhz onlar bu möhtəşəm mitinqi öz nomenklatura hamilərinin köməyi ilə təşkil edə bilərdilər. Mitinqin axarı da bu dəstənin dəsti-xəttini aşkar açıb göstərdi.

Tarix özü bu fərziyyələrdən hansının həqiqətə daha yaxın olması barədə suallara dəqiq və birmənalı cavab verdi. Dahi mütəfəkkir demişdir: “Həqiqətin meyarı gerçəklikdir”. Fitnəkar və yalançı bir çağırışla xalqı ayağa qaldırmış, onu qüdrətli dövlətin cəza və zor maşını ilə üzbəüz qoymuş, məğlubiyyətə uğratmış və məğlubiyyəti misilsiz riyakarlıqla qələbə kimi qələmə vermiş, onu “Dirçəliş bayramı” kimi rəsmiləşdirmiş xalqa və vətənə yabançı bir zümrə istədiyi və izlədiyi bir məqsədə – mütləq hakimiyyətə və ağlasığmaz sərvətə qovuşandan sonra tarixi saxtalaşdırmaqda israrlıdır, həqiqəti açmağa və deməyə çalışan insanlara qarşı quduz şərləmə kampaniyası aparmaqdan heç vaxt çəkinmir.

O zamansa Topxana yaylasında ağacların və endemik (yəni yalnız bu yerdə mövcud olan) kolların doğranması xəbəri Bakı əhalisinin heysiyyatına ciddi toxundu, mitinqə on minlərlə insan çıxdı.

AXC MTM-dən ilk əvvəl Tofiq Qasımov, Ağacavad Salamov və Mirbaba Babayev meydana yollandılar. Həmişəki kimi, Tofiq müəllim camaatın ön cərgəsinə çıxdı və hansısa “nümayiş komitəsi”nin tərkibinə qatılıb hökumət nümayəndələri ilə danışıqlarda iştirak etdi. Bizə isə xəbər gəldi ki, mitinq fasiləsizdir və camaat, hakimiyyət “xalq”ın tələblərini qəbul edənə qədər, Meydanda duracaq.

Bundan da biz belə nəticə çıxardıq ki, oyunun şərtlərinə görə belə tələblərin sayı çox, onların bir hissəsinin icrası isə mümkünsüz olmalıdır ki, təşkilatçılar camaati meydanda sona qədər saxlaya bilsinlər və nəticədə Vəzirov xalqa qarşı zor tətbiq etməyə razılıq versin. Bundan sonra isə “xalqa düşmən Vəzirov” bayatısı hər münasibətdə zil səslə ifa edilsin. Yeri gəlmişkən, burada hadisələri qabaqlayıb bir haşiyə çıxmaq istərdim. AXC təşkilatlandıqdan sonra bir dəfə kənarda durub çox səmimi insan olan Pənah Hüseynovun kiməsə gülə-gülə danışdığını eşitdim: “Əşi, camaata deyirdik ki, tələblərini yaz göndər, camaat da qalaq-qalaq məktub göndərirdi. Biz onları yekə bir polietilen torbaya yiğirdiq. Özümüzün istədiyimizi səsləndirirdik və deyirdik ki, bunu xalq yazıb tələb edir”.

Noyabrın 19-da AXC MTM üzvləri qərara aldılar ki, meydana yollansınlar və hadisələrin məcrasına bizim nəzərdə tutduğumuz istiqamətdə (Konstitusiya layihəsinə etiraz, demokratik islahatlara dəstək və s.) təsir göstərməyə cəhd etsinlər. Biz Bakı İncəsənət Mərkəzindəki dostumuz Rəfail Gülməmmədovdan xahiş etdik ki, iki iri vatman kağızının üst hissəsində böyük hərflərlə bizim dildə və rusca “Azərbaycan Xalq Cəbhəsi” sözlərini yazsın. O da bizim xahişimizi yerinə yetirdi. Biz bu kağızların aşağı hissəsinə AXC Məramnaməsi çap edilmiş A4 formatlı kağızları yapışdırıb meydana varid olduq. Meydan qaynayırdı. Biz biri rus, digəri Azərbaycan dilində olan AXC Məramnaməsi yapışdırılmış iki vatman kağızını (üzü dənizə baxanda) tribunadan solda, “Domsovet” binasının sol küncünə yaxın bir yerdə divara vurduq. Və mitinqlərin rəsmi hissəsi qurtardıqdan sonra qardaşım Arazın bizim üçün haradansa əldə etdiyi səyyar səsgücləndirici ilə öz Cəbhə təbliğatımıza başladıq. Başladıq deyəndə ki, elə özüm danışdım, zira çıxış üçün başqa həvəskarlar və bacaranlar o zaman tapılmadı, hərçənd ki, yoldaşlarımın hamısı ətrafımda idi.

Mən kommunist kimi çıxış edirdim. Deyirdim ki, yenidənqurma nəhəng bir işdir, əgər uğurla keçsə, cəmiyyəti dərindən təmizləyib yeniləyəcək. Deyirdim ki, yenidənqurma ölkəni dərin böhrana gətirmiş yarıtmaz hakim nomenklaturanın vəzifələrini itirməsi ilə nəticələnəcək. Deyirdim ki, vəzifə və imtiyazlarını itirmək təhlükəsini hiss edən nomenklatura irticası bu yeniliyə qarşı açıq çıxmağa cürət etmədiyindən sınanmış “ayır-buyur” silahına əl atır, 1905-ci ildə olduğu kimi, xalqın bütün gücünü və diqqətini milli ədavət məcrasına yönəldir. Deyirdim ki, erməni xalqı, erməni zəhmətkeşi bizim xalqa düşmən deyil, bizim xalqa düşmən erməni və azərbaycanlı tüfeyli nomenklatura xadimləridir. Onlar xalqın hüququnu tapdalayıb millətin və dövlətin sərvətini talan edirlər.

Camaat təəccüblə məni dinləyirdi. Tanış sözlər idi, fəqət yeni qiyafədə, fərqli vurğu ilə səslənirdi. Dinləyicilərimin sayı, əlbəttə ki, hökumət mikrofonu ilə danışanlara qulaq asanların sayı ilə heç bir müqayisəyə gəlməzdi, 100-200 olardı, fəqət mənə etiraz edən, mənimlə mübahisəyə girən də olmurdu. Belə bir çıxışım zamanı gecə gördüm ki, AKP MK büro üzvlüyünə namizəd, respublika komsomolunun lideri Sahib Ələkbərov kiminləsə gəzişə-gəzişə gəlib mənə yaxınlaşdı, bir qədər dinləyəndən sonra gülə-gülə mənə dedi ki, “belə bir vaxtda belə məzmunlu cıxışı tək sən edə bilərsən”.

Noyabrın 19-da birinci gecə çıxışımı etdim. Səhərisi, noyabrın 20-də, Universitetin filologiya fakultəsinin müəllimi Firudin Cəlilov mənə yaxınlaşdı və ultimatum verdi: “Nemət deyir ki, məramnamənizi yığışdırıb meydanı tərk etməsəniz, sizi buradan döyə-döyə qovmağı əmr edəcək”.

Cəmi bir ay əvvəl bu millətçi qrup bizə birləşməyi təklif edirdi, indi isə döyməklə hədələyirdi.

Bu hədənin cavabı bizə bəlli idi. Biz bilirdik ki, meydanın müxtəlif yerlərində bizim tanış fəhlələr öz kollektivləri ilə dayanıblar. Tez onlara xəbər yolladıq, yarım saatdan sonra biz təxminən 50 fəhlənin əhatəsində idik. Bizi izləyən və fəaliyyətimizi güdən millətçi qrup üçün bu gedişimiz gizli qalmadı və bundan sonra meydan mitinqi günlərində AXC MTM üzvlərini hədələməyə cürəti çatan kəs tapılmadı.

Meydanı Azərbaycan Televiziyası canlı yayımda göstərməyə başladı. Təşəbbüs aşağılardan gəlmişdi, rəhbərliyin qadağa və hədələrinə məhəl qoymadan vətənpərvər jurnalistlər lazımi texnikanı da sürüb-gətirib Meydan mitinqini bütün Azərbaycana göstərməyə başlamışdı. Bu yayım nümayiş hərəkatının əksər rayonlara yayılmasına güclü təsir etdi.

Biz 17 günlük mitinqin çox hissəsini meydanda keçirsək də, ara-sıra iş yerimizə, Elmlər Akademiyasına da baş çəkir, oranın da nəbzini yoxlayırdıq. Meydan hərəkatına münasibətdə biz ikili mövqe tuturduq. Bir tərəfdən biz xalqın etiraz hüququnu tanıyır və müdafiə edir, o biri tərəfdən bu etirazın səmərəsiz və hətta ziyanlı məqsədlərə xidmət etdiyini görürdük. Meydan təşkilatçılarının siyasi hədəfi Vəzirovu vurmaq idi. Biz bu hədəfə şərik deyildik.

Digər hədəf əhalinin siyasi fəallığını yüksəltmək idi. Biz bu hədəfi faydalı sayırdıq. Lakin fəallığın artırılması nəyə xidmət etməliydi? Vəzirovun devrilməsinəmi? Yenə biz bu hədəfi qəbul etmirdik. Əvəzində biz bu etiraz enerjisini SSRİ Konstitusiyasına mürtəce əlavələrə qarşı yönəltməyi təklif edirdik. Bu məqsədə isə meydanın təşkilatçıları tam laqeyd idi.

EA-da da meydana ikili münasibət var idi. Bəzi alimlər onu sözsüz müdafiə edir, bəziləri isə mafioz oyunun nümunəsi sayırdı. Noyabrın 20-də Leyla Yunusova Akademiyanın bağında işıq dirəyinin daş təməlinə çıxıb 15-20 nəfər qarşısında meydanın müdafiəsinə alovlu bir çıxış edirdi. Həmin vaxt Vəzirovu müdafiə edən akademik Ziya Bunyadov bunu görüb möhkəm əsəbiləşmişdi və əl atıb Leyla Yunusovanın boğazına dolaşmış şərfin ucundan tutub onu həmin təməldən aşağı dartmışdı. Təxminən iki metr hündürlüyündən aşağı yıxılan Leyla xanım havada ikən hörmətli akademikə yağlı bir sillə çəkmişdi. Alimlər öz həmkarını asfalta dəyməkdən qoruyub elə göydəcə tutmuşdular və qəzəblənib onu vurmağa can atan akademiki qətiyyətlə fikrindən vaz keçməyə məcbur etmişdilər.

Ziya müəllim hirslənib getmişdi, Leyla xanım isə Akademiyada “Ziyaya sillə vuran cəbhəçi qız” kimi ad çıxarmışdı.

Vəziyyəni eşidən Tofiq müəllim gəlib Leyla xanımın sağ əlimi öpmüşdü və məsləhət görmüşdü ki, bir müddət əlini yumasın, tarixi hadisənin izini qorusun.

Lenin meydanındakı mitinq vüsətinə və sonrakı hadisələrin gedişinə təsirinə görə həddən ziyadə böyük əhəmiyyət kəsb etdi. Mitinq təkcə Bakıda deyil, respublikanın əksər şəhər və rayonlarında keçirdi. Bütövlükdə “Meydan hərəkatı” kimi tanınmış bu ictimai-siyasi hadisəyə müxtəlif qiymətlər verildi.

Onun təşkilatçılarının xatirələri çap olundu. Bu hadisə ilə bağlı SSRİ prokurorluğu istintaq işi açdı və xeyli adamı, o cümlədən bu sətirlərin müəllifini dindirdi.

Mitinqin aparıcısı ilk iki gün Akademiyanın Coğrafiya institutunun elmi işçisi Ənvər Əliyev oldu. (Onun bu hadisə barədə yazdığı kitab 25 il keçəndən sonra çap olunub). Noyabrın 18-də axşamçağı eşitdim ki, kimlərsə onu döyüb meydandan uzaqlaşdırıb, sonra isə dövlət orqanları onu həbs edib. Noyabrın 19-da, biz ora gələn gün, meydanın cilovu keçmişdi Nemət Pənahovun əlinə. Tribunada əsas natiqlərdən biri Sabir Rüstəmxanlı idi, lakin Nemət bir azdan onu da “KQB agenti” elan edib mitinqi təkbaşına aparmağa cəhd etdi.

17 günlük meydan mitinqi zamanı mən orada 12 gün olmüşam. İki gecəni orada ayaq üstə keçirmişəm. 5 gün isə əynim nazik olduğu üçün möhkəm xəstələndiyimdən ora gəlməyə halım olmayıb. Bəzi həmkarlarım da müxtəlif dərəcədə meydan hərəkatında iştirak edib. Odur ki, mitinqin anatomiyasını bilavasitə öyrənməyə müvəffəq olmuşuq. Aşağıda meydanın bir gününü əsatiri baxışdan uzaq bir insanın gözü ilə təsvir etməyə çalışacağam.

Məsələn, noyabrın 21-də səhər tezdən zibil içində olan meydana əyninə açıq sarı rəngli kürk geymiş Hacı Əbdülün başçılığı altında bir dəstə kişi, əllərində küçə süpürgəsi, çıxdı və böyük həvəs və qürurla oranı süpürdü. Bu zaman gecəni meydanda keçirmiş və ağlasığmaz pintilik və mədəniyyətsizliklə oranı zibilxanaya çevirmiş vətənpərvərlər kənara çəkilib bu dəstəyə öz nəcib təmizlik işini görmək üçün şərait yaratdı. Mənim zənnimcə, bu süpürgəçilər hadisələrin mahiyyətindən bixəbər cahil bakılı qədeşlər idi ki, bu üsulla öz vətənə sevgilərini nümayiş etdirirdilər.

Təxminən bir il sonra onlar eyni hümmət və qeyrətlə 20 yanvar şəhidləri üçün milyonlarla qərənfili şəhərin mərkəzi küçələrinə səliqə ilə düzəcəkdilər. Bakılılar demişkən, “gavər onların vətən sevgisi bundan uzağa gedə bilmirmiş”.

Şəhərin müxtəlif yerlərindən insanlar axışıb meydanı doldurmağa başladı. Səhər saat 10-da artıq 40 000 adam meydana gəlmişdi. Meydan natiqləri öz nəcib vətənpərvər işlərinə başlayıb camaatın başına dalbadal bir-birindən coşqun və alovlu nitqlər yağdırdılar. Saat 12-də artıq meydana gəlmişlərin sayı 50 000- 60 000 arasında idi. Bir gün ərzində naməlum bir fəhlə statusundan milli qəhrəman zirvəsinə yüksəlmiş Nemət Pənahov məşhur fizioloq Pavlovun şərti refleks nəzəriyyəsinə uyğun olaraq müdrik və qəhrəman xalqımızın təlimi ilə məşğul olmağa başladı. Bunun üçün o, vaxtaşırı komandir səsi ilə “Otur!” əmri verirdi. Görəndə ki, camaat onun dəyərli göstərişini lazımi intizamla icra etmir, ardınca mahmızlayıcı çağırış gəlirdi: “Oturmayan – erməni!” Bu sözlərdən sonra insanlar öz geyimlərini qorumaq fikrindən vaz keçıb düz asfaltın üstünə çökürdü. Mən bu əbləh səviyyəsinə köklənmiş belə göstərişləri icra etməyi şənimə sığışdırmırdım. Bunu görən yaxınlığımdakı öz 54 ölçülü bədənini asfalta qoymuş qara meşin paltolu bir vətənpərvər qadın bu milli xəyanətə bərabər əməlin qarşısını almağa çalışdı və qəzəblə qışqırdı: “Ədə, otur da! Ermənisən?” Hamı dönüb maraqla bu erməniyə baxmağa başladı. Belə şəraitdə mənə yalnız əlimi yelləyib oranı tərk etmək, meydanın vətənpərvərlərin nisbətən az olduğu hissəsinə keçmək qaldı.

Bəli, nitqlər nə nitqlər! Akademiyanın müxbir üzvü, riyaziyyatçı alimimiz Yəhya Məmmədov millətin bu ağır və böhranlı anında nə deyirdi? “Nemət xalqımızın igid və qeyrətli oğludur. Kim deyirsə ki, o, orta təhsilli adi fəhlədir, səhv edir. Nemətin savadı və zəkası bizim bir çox akademikin savadından çoxdur”. Düz sözə nə deyəsən? Başqa bir məşhur şair millətdən və dildən yanğı ilə danışıb xalqı az qala ağladırdı. Mən isə heyrət və qəzəblə düşünürdüm ki, nə üçün bu natiqlərdən biri belə yeni Konstitusiya layihəsində xalqımız üçün qurulan tələ barəsində danışmır?

Məgər Konstitusiya bu millətçilər üçün böylə əhəmiyyətsiz şeydir? Tarix göstərdi ki, bu sadəlövh sualın cavabı “onlar nə bilir qanun nədir”dədir.

Məni ən çox heyrətə gətirən şüar “Azərbaycan dili dövlət dili olsun” idi. Qüvvədə olan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası dövlət dili kimi Azərbaycan dilini elan etmişdi. Bu rəsmi təsdiqdən sonra belə bir şüarı səsləndirmək kütləni açıqca oynatmaq, onun cahilliyindən sui-istifadə etməkdən başqa bir şey deyildi. Belə oyunbazlıq isə yalnız siyasi fırıldaqçıların, xalqa həqarətlə yanaşan dələduzların işi ola bilərdi.

Meydan barədə professor Ədalət Tahirzadənin hazırladığı iki cildli salnamədən tutmuş ayri-ayri kitab və məqalələrə qədər xeyli yazı çap olunub. Mən Meydan hadisələrini təhlil edib belə qəti qənaətə gəldim ki, onun təşkilatçılarının əsl məqsədi Qarabağın müdafiəsi deyil, respublikanın partiya-təsərrüfat mafiyası üçün təhlükə sayılan Əbdürrəhman Vəzirovun gözdən salınması və vəzifədən kənarlaşdırılması idi. Məhz həmin bu mafiya vətənpərvərlik şüarı ilə pərdələnərək bir neçə gün Meydanı səxavətlə çadır, odun, ərzaq və siqaretlə təchiz etdi. Gələn bu müftə malların təşkilatçıları xalqın çibinə girən ictimai iaşə və təchizat müəssisələrinin rəhbərləri idi. Onlar isə partiya və nazirlik rəhbərlərinin göstərişi olmadan qorxudan bir addım belə atmazdılar.

Naxçıvanlı dostum Vaqif Mahmudov nəql edir ki, qardaşı ilə birlikdə meydana gəlmiş, orada “Abşeron” mehmanxanasının önündə Naxçıvanda Kamil-kirvə kimi tanınan, siyasətdən tam uzaq bir adamın dayanıb gələn ərzağı bölüşdürən dispetçer rolunu ifa etdiyini görüb. “Sən hara, mitinq hara” sualına belə cavab eşitmişdi ki, “saat filana qədər burada mən durmalıyam, sonra məni filankəs əvəz edəcək”.

Yəni meydan mütəşəkkil qüvvə tərəfindən idarə edilirdi və “xalq istədi, xalq qalxdı, xalq dedi” kimi fikirlər üçün zərrə qədər əsas yoxdur.

Meydanda müxtəlif iri müəssisələrin çadırları qurulmuşdu. Bunyad Sərdarov adına Neft-maşınqayırma Zavodunun çadırına zavodun direktoru, Azərbaycanın Nazirlər Şürasının sədri Həsən Seyidovun qardaşı Elbrus Seyidov təşrif buyurdu. O, özü ilə böyük karton qutuda isti ət piroşkiləri gətirmişdi. “Bunu mənim xanımım şəxsən özü xalqımızın tarixində misilsiz qəhrəmanlıq göstərən fəhlələr üçün bişirib” – deyən direktor öz tətil edən, işə çıxmayan fəhlələrini xeyli tərifləmişdi. (Mitinq dağıdıldıqdan sonra o, beş nəfər ən fəal və “qəhrəman” fəhləni “iğtişaşlara təhrik” üstündə işdən çıxarmışdı).

Nemət və onun arxasında duran məşqçiləri meydana toplaşmış kütləni bir neçə dəfə Mərkəzi Komitənin qarşısına aparıb oranı mühasirəyə almaq, onun işini iflic etmək və beləliklə, “xalq”la hakimiyyət arasında zorakı, lap yaxşı olardı ki, qanlı qarşıdurma yaratmaq cəhdi etdilər. Lakin əhalidə hakimiyyətdən və quruluşdan qorxu hissi hələ də güclü idi və belə cəhdlər o zaman alınmadı. (O zaman alınmadı, lakin bir il iki aydan sonra Meydan bülbülləri istədiklərinə nail oldular).

Hakimiyyət isə o zaman həqiqətən hadisələri bilərəkdən, ya bilməyərəkdən, zəif idarə edirdi, ya da heç etmirdi.

Bunu aşağıdakı hadisələrdən görmək olar. Meydanda təşkil edilmiş Nümayiş Komitəsi ilə yanaşı AXC MTM özü bir dənə Tətil Komitəsi təsis etmişdi və bu barədə xəbəri meydanda yaymışdı. Akademiya işçilərindən biri bu komitə üçün öz evini ayırmışdı, telefonlara isə bizim cəbhəçi xanımlar nəzarət edirdi.

Tətil komitəsinin işindən kiçik bir nümunə: zəng çalınır, həyəcanlı səs bildirir: “Sizinlə Bakı limanından danışırlar. Qazaxıstandan buğda ilə gəmi gəlib. Biz isə tətil edirik. Nə edək, boşaldaq, ya qalsın?” Tarixçi Leyla Yunusova göstəriş verir: “Şəhər çorəksiz qala bilməz. Boşaldın!” Liman fəhlələri bu göstərişi canla-başla yerinə yetirirlər.

Daha bir zəng: “Sizinlə danışan balıqçılardır. Biz Qarabağa bir maşın duzlu balıq göndərmək istəyirik. Göndərək, ya yox?” Azərbaycan mətbəxinin dərin bilicisi tarixçi Arzu Abdullayeva deyir:

“Qarabağlılar duzlu balıq sevmir və yemir. Göndərməyin”. Daha bir zəng əyalətdən gəlir: “Burada biz meydan üçün maşın hazırlayırıq. Daha çox nəyə ehtiyac var: oduna, ya ərzağa?” Cavab: “Hər şey lazımdır, odun da, ərzaq da”.

Lənkərandan hansısa Ələkrəm Hümmətov zəng edib Arzu Abdullayevaya təntənəli surətdə bildirir:

“Biz burada poçtu, bankı və vağzalı tutmuşuq. Biz Bakı ilə həmrəyik!” Arzu xanım anlayır ki, xalqımıza bolşevik inqilabı barəsində 70 il verilmiş dərs havayı keçməyib: vağzal, poçt və bank…

Meydanda axşam çıxışlarımın ikinci günü məni Arif Babayev tapdı. Biz 1960-cı illərin əvvəlində 132 nömrəli məktəbdə eyni sinifdə oxumuşduq. Arifin saçı dümağ idi, yaşından xeyli qoca görünürdü. Həyat tarixçəsini qısaca danışdı. AZİ-ni bitirəndən sonra Bakı dəniz gəmiçiliyi idarəsinə təyinat alıbmış. Bir müddət sonra görüb ki, bir dəstə rəhbər işçi buranı yeyib-dağıdır. Halallıqla böyümüş Arif biganə qalmayıb, yuxarılara, o cümlədən Heydər Əliyevə bu barədə yazılı məlumat göndərir. Bundan sonra onu hər tərəfdən təqib etməyə başlayırlar. Hansısa mərhələdə Arif anlayır ki, ona qarşı kampaniya lap yuxarıdan idarə edilir və tezliklə onu şərləyib həbs edəcəklər.

Bakını tərk edib Rusiyaya gedir, orada xeyli qalır və işləyir. Təzəcə qayıdıb. Ali təhsilli mühəndis güc-bəla “Azərbaycan-İnturist” mehmanxanasında fəhlə montyor işinə düzəlib: “Zərdüşt, sən özün dünya görmüş adamsan. Bilirsən ki, böyük sovet mehmanxanalarında xaricilər qalan nömrələrdə DTK-nın audio və video qurğuları gizlədilib.

Həmin nömrələr DTK otaqları sayılır. Mən montyoram deyə həmin nömrələri tanıyıram. İndi bu camaatın qurban-sadağa getdiyi Nemət hər axşam bu nömrələrin birində DTK zabitlərindən təlimat alır, səhər çıxır meydana, camaata imperiyadan və partokratlardan nağıl danışır. Bunu sənə ona görə deyirəm ki, camaatın gözünü açasan”.

Ürəyim qısıldı. Çarəsizliklə dedim: “Arif, camaatın başı indi havalıdır. Söz qanan, fikir dinləyən, düşünən halı yoxdur. İndi Nemət onlar üçün xalq qəhrəmanıdır. Heç nə etməyib, səfeh nitqlər söyləyib, bəsit şeirlər deyib, amma xalq onu özünə büt seçib. İndi mən çıxıb onun DTK kuklası olduğunu desəm, heç kəs mənə inanmaz, əksinə, məni xain və düşmən sayarlar”.

Arif mənim haqlı olduğumu desə də, qanı qara getdi.

Elə noyabrın 21-də tanımadığım bir kişi məni söhbətə dəvət etdi. Bakı ləhcəsində danışırdı. Dedi ki, meydanı təhlil edir və aşağıdakı nəticələrə gəlib: “Buraya toplaşan camaatı uşaq kimi aldadıb oynadırlar. Onları dressirovka edirlər. Meydan maşın kimi idarə edilir. Nemətin özü kukladır, amma xalq elə bilir ki, onları Nemət idarə edir.

Meydanın idarə mexanizmi çox sadədir. Tribunanın önündə 5-6 cərgə enində bir dəstə adam dayanıb. Sayları olar 150-200. Tribunanın sağ küncündə bir şlyapalı kişi durub (həmin adamı mən tanıyırdım. Bu, ADU-nun filologiya fakultəsinin müəllimi, əslən gürcüstanlı Vəkil Hacıyev idi). Nemət danışır, müəyyən anda hansısa işarəni verir. Bu zaman həmin sağ küncdə duran kişi şlyapasını başından götürür. Həmin an ön səfdə 5-6 cərgə duran adam əlini qaldırıb əl çalmağa (yerə oturmağa, yerdən qalxmağa və s.) başlayır. Onların hərəkət impulsu keçir arxadakı sıralara, bütün meydan bu dəstənin hərəkətini təkrar edir. Alqışlar və ya asfaltın üstündə əyləşmək zaman baxımından uzun çəkə bilər, lakin hansısa işarədən sonra şlyapa qayıdır həmin kişinin başına, camaat əlini yanına salıb çəpik çalmağı dayandırır, ya da asfaltdan ayağa qalxır və sairə. Odur ki, bir dəstə dələduzun xalqı beləcə meymun kimi oynatmasına yol vermək düzgün deyil. Mənim ətrafımda iki yüz cavan var. Mən onların gücü ilə bu ilk 5-6 cərgə adamı dağıda bilərəm. Onda Nemət və onun dəstəsi kütləni idarə edən mexanizmi itirəcək. Amma mən meydandakı camaata nə deyəcəyimizi bilmirəm. Görürəm ki, sənin və yoldaşlarınının deməyə sözünüz var. Mən Neməti və dəstəsini tribunadan yığışdırandan sonra elə edərəm ki, meydanın idarəsini siz öz əlinizə alasınız“.

Mən kişini diqqətlə dinlədim və dedim ki, yoldaşlarımla məsləhətləşərəm. Həqiqətən də meydanda olan və tapa bildiyim bütün cəbhəçi yoldaşlarımı “Domsovet”in sol böyründəki bir qapının ağzına yığıb qəziyyəni onlara danışdım. Müzakirədən sonra belə qənaətə gəldik ki, naməlum bakılı kişi vəziyyəti düzgün təhlil edib və gəldiyi nəticələr də düzgündür. Düşündük ki, meydanı nəzarətə götürsək, səslənən əbləh şüar və yalanlar əvəzinə gerçək siyasi fəaliyyətlə, əsasən Konstitusiya dəyişiklikləri ilə bağlı mövqeyimizi camaata çatdırıb Qarabağın müdafiəsi və demokratik islahatlar məsələsində Azərbaycanın mövqeyini gücləndirə bilərik. Fəqət başqa bir fikir də səsləndi: onun təklifində bir amil nəzərə alınmayıb. Əgər Neməti və dəstəsini DTK idarə edirsə, deməli, biz meydanı ələ alan kimi bizə qarşı Nemət deyil, məhz DTK oynamağa başlayacaq. Bu təşkilatın isə üzərinə qoyulmuş tapşırığı yerinə yetirmək naminə istənilən cinayətə getmək qətiyyəti bizdə heç bir şübhə oyatmırdı. Biz onların planlarını pozmağa başlasaq, onların ehtiyat planı işə düşəcək və bu halda qan mütləq töküləcək. Qanlı hadisələrin əsas iştirakçısı AXC MTM olacaq.

Özümüzün qeyri-zorakı fəaliyyət prinsiplərimizə sadiq qalaraq biz günahsız insanların qanının axıdılması ehtimalı ilə bağlı bütün variantlardan imtina edirik.

Kişini tapıb ona bildirdim ki, AXC MTM onun meydanı ələ almaq təlklifini qəbul etmir. O da xudahafizləşib həyatımdan bilmərrə itdi.

Meydan hərəkatından sonra rejissor Zaur Məhərrəmov mitinq günləri çəkdiyi material əsasında sənədli film hazırladı. Bu filmin bəzi səhnələri “Domsovet”in damından çəkilib. Bax, həmin ən uca nöqtədən çəkilmiş kadrlarda həmin kişinin bizə danışdığı “kütlənin sürü kimi idarə edilməsi texnologiyası” çox parlaq şəkildə göstərilir.

Qovzanan əllər dalğası səsgücləndiricilərin quraşdırıldığı bülvar səmtində deyil, məhz dirijor çubuğu vəzifəsini icra edən məşum şlyapanın yerləşdiyi tribunanın önündən başlayır, enmə dalğası da həmin yerdə başlayıb bulvarda sona yetirdi.

(Ardı var)



Redaksiyadan: Yazıda adı keçən şəxslərin münasibətini işıqlandırmağa hazırıq. Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəMeydan hərəkatı – 30