– Dünyanın bir çox ölkəsində küçə sənətçiləri performanslarıyla şəhər sakinlərinin, turistlərin könlünü ovsunlayır. Bakı küçələrinə də sənət yenidən qayıdır. Şəhərin mərkəzində pantomim göstərən kim, tamaşaçıları başına yığıb heykəl tək dayanan kim. Müsahibimiz Türkiyədən dünya turuna çıxan Fərhat Kılıçdır. 27 yaşlı Fərhat yaşı qədər ölkə gəzib, dünyanı sənətinə şahid tutub.
– Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı başlayıb.
Tədbirdə Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, digər ölkələrdən qida sahəsi üzrə 40 beynəlxalq ekspert, qida üzrə bloqerlər də təmsil olunurlar.
Festivalda bir çox ölkədən olan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edəcəklər. Qonaqlar peşəkar aşpazların ustad dərslərində də iştirak edib yemək hazırlamağın incəliklərini öyrənə biləcəklər.
Festival mayın 8-dək davam edəcək.
– Ankarada Azərbaycanın himninin müəllifi, maarifçi və ictimai xadim olan Əhməd Cavadın heykəlinin açılışı olub. 37-ci il repressiyasının qurbanı olan şairin 130-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Əhməd Cavadın nəticəsi Cavad Axunzadə şairin Bakıda ev muzeyinin olmamasını zaman-zaman dilə gətirir. O deyir ki, Əhməd Cavadın İstiqlaliyyət küçəsində evi də olub. Ümid edir ki, şairin 130 illiyində Bakıda heykəlini də görə biləcəyik.
– Deputat Qənirə Paşayeva Balet artistlərinin pensiya yaşının azaldılmasını təklif edib. Qanun layihəsi ilə bağlı Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Opera və Balet Teatrının təkliflərini səsləndirib. Millət vəkili bildirib ki, artistlər 15-20 il pensiya üçün gözləməli olur və bu müddətdə işsiz qalırlar. Onlar güzəştli şərtlərlə əmək pensiyası alanlar sırasına balet artistlərinin istisna hal kimi daxil edilməsini istəyirlər.
– Hollivud ulduzu, Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri Ancelina Coli Ukraynaya gözlənilməz səfər edib. Lvov şəhərində olan aktrisa müharibədən zərər görmüş yaralı və kimsəsiz uşaqlara baş çəkib. O, həmçinin ı təxliyə edilənlərə tibbi və psixoloji yardım göstərən könüllülərlə də görüşüb. Aktrisa deyib ki, Ukraynada müharibəni sonlandırmaq mücadiləsi hər gün öldürülən, yaralanan və sarsılmış insanların sayını məhdudlaşdırmaq üçün yarışdır.