Bir neçə gün əvvəl Prezident Sarayının təminatı şöbəsinin müdiri Sultan Dadaşovun motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılmışdı.
Əməkdar artist Bəhram Bağırzadə motosiklet sürücüsünə zorakılıq edən məmurla bağlı ironik video paylaşıb. İnstagram hesabından paylaşım edən Bəhram Bağırzadə kuryerlərin xidmət haqqına görə etiraz etdiyi “Wolt” şirkətini də işarələyib. Bir müddətdir azərbaycanlı gənc aktyor Elvin Ağayev sirroz xəstəliyindən əziyyət çəkir. Aktyor və həmkarları mətbuat vasitəsi ilə maliyyə yardımı üçün imkanlı şəxslərdən, hökumətdən yardım istəyib. Ancaq müraciətlərinə nazirlikdən müsbət cavab gəlməyib. Mədəniyyət Nazirliyi mətbuata bildirib ki, Nazirliyin kino büdcəsində sənət adamlarının müalicəsi üçün vəsait nəzərdə tutulmayıb. Aktyorun əməliyyatı üçün isə ümumilikdə 90 min manat lazımdır.
Bakıda Beynəlxalq Caz Günü keçirilir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 29 aprel- 4 may tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı və Beynəlxalq Muğam Mərkəzində Azərbaycan cazmenlərinin iştirakı ilə tədbirlər silsiləsi keçirilir. UNESCO-nun sülhməramlı səfiri, Hörbi Hənkokun təşəbbüsü ilə 30 aprel tarixində dünyada Caz Günü qeyd olunur.
Türkiyədə kino adamları Gezi hadisələri ilə bağlı məhkəmə qərarlarına etiraz olaraq müraciət hazırlayıb. Müraciəti imzalayanlar arasında Nuri Bilge Ceylan, Nejat İşler, Emin Alper, Fatih Akın kimi adlar var. “Biz qorxu imperiyası yaratmaq üçün açıq-aşkar edilən bu qanunsuzluğa seyrci qalmayacağıq. Biz susmayacağıq və qorxmuruq!” – deyə onlar bildirib.
Qeyd edək ki, məhkəmə iş adamı Osman Kavalanı ömürlük məhkum edib, digərlərinə 18 illik həbs cəzası verib.
Estoniya hökuməti müğənni Filip Kirkorovun 5 il müddətinə ölkəyə girişini qadağan edib. Bu barədə Estoniya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Həmçinin, müğənni Polina Qaqarinanın da ölkəyə girişinə 5 il qadağa qoyulub. Buna səbəb sənətçilərin Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləmələri olub.