Çoxdandır gözlənilən kitabın üzərindən əlavə deyər vergisi götürülüb. Bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq. Vergi Məcəlləsinə olan dəyişiklikdən 5 ay sonra – mayın 13-də Baş nazir bu qərarı təsdiqləyən sənəd imzalayıb. Bu o deməkdir ki, kitabların qiyməti 18% düşəcək.
Bu həftə Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi iclası keçirilib. Kinodramaturq Rüstəm İbrahimbəyovun vəfatından sonra yazıçı Anar Rzayev onun yerinə aktyor Rasim Balayevin namizədliyini irəli sürülüb. İclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyib. Mayın son günlərində AKİ-yə sədr təyinatı ilə bağlı iclas keçiriləcək. Həmçinin Rasim Balayev hesab edir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə xalq artisti Şəfiqə Məmmədovanın sədri olduğu Kinematoqrafçılar İttifaqı birləşməlidir.
Kinodan söz düşmüşkən, azərbaycanlı kinematoqrafçılar ilk dəfə Avropa Film Akademiyasına üzv seçilib. Siyahıda siyahıda ümumilikdə 11 sənət adamı var. Xalq artisti, kinorejissor Vaqif Mustafayev, İlqar Nəcəf, Rüfət Həsənov, Elvin Adıgözəl kimi adlar var. Avropa Kino Akademiyası 1989-cu ildə ilk prezidenti İnqmar Berqman və 40 kinorejissorun təşəbbüsü ilə Avropa kino sənayesinin maraqlarını inkişaf etdirmək üçün yaradılıb. Müstəqil rejissor Elvin Adıgözəl Avropa film Akademiyasına üzv seçilməyinə fikir bildirib.
“Bütün hallarda Avropa Kino Akademiyasına üzv olmaq Azərbaycan kinosunda hər hansısa bir dəyişiklik, inkişaf demək deyil. Azərbaycan Avropanın bir hissəsidirsə, Euroimajın üzvü olmalı idi və ölkədə kino fondlar olmalı idi. Avantaj mənim üçün fərdi şəkildə sadəcə ugurdur, Avropa Kino Akademiyasının illik üzvlük haqqını işlədiyim prodüsserlərin dəstəyi ilə özüm ödəyəcəm. Kino fəaliyyətimdə Avropa kino akademiyasının üzvü olaraq öz yoluma uyğun sənətim üçün mübarizə davam edəcək”.
Azərbaycan “Avroviziya-2022”nin final mərhələsindədir. Ölkəni “Fade to back” mahnısı ilə təmsil edən müğənni Nadir Rüstəmli. bu gün – mayın 14-ü Turində keçiriləcək yarışmada səhnəyə 15-ci nömrə altında çıxacaq. Finalda ümumilikdə 26 ölkə iştirakçısı çıxış edəcək. Bukmeykerlərin proqnozlarına əsasən, qalibiyyətə əsas favorit Ukraynadır. Azərbaycanın Avroviziya təmsilçisini isə şanslı hesab etmirlər.
Romanın Santi-Apostoli meydanında rus mədəniyyətinə münasibətdə ayrı-seçkiliyə qarşı mitinq keçirilib. Aksiya “Böyük Rusiyanın dostları” assosiasiyası tərəfindən təşkil olunub. “Biz İtaliyada mədəniyyətimizə qarşı göstərilən münasibəti gördük. Dostoyevski ilə bağı mühazirələrin ləğvinə cəhd, Neapolda Çaykovskinin baletinin ləğv edilməsi, bu kimi bir çox nümunələr oldu. Yəni dünyanın bir parçası olan mədəniyyətimizə təcavüz olunmağa başlanıldı. Mədəniyyətin dəri rəngi, dili, sərhədləri yoxdur, o, bütün dünyaya aiddir”, – deyə aksiyanın təşkilatçılarından olan Yuliya Bazarova deyib. Fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalar mədəniyyət sahəsində də baş verib.