O, bütün ölkələrdə insan hüquq və azadlıqlarının ABŞ üçün prioritet olduğunu deyib
Donald Trampın Prezident seçkilərində qalib gələcəyi təqdirdə belə, ABŞ-ın Azərbaycana münasibətinin dəyişməyəcəyi bildirilir.
Bu barədə Respublikaçılar Partiyasının Arlinqton bölməsinin rəhbəri Metyu Hart “Turan”a deyib.
“Donald Trampın Prezident seçkilərində qalib gələcəyi təqdirdə, ABŞ-ın Azərbaycana qarşı siyasəti dəyişməyəcək”, – deyə Metyu Hart qeyd edib.
“Bəs Tramp Azərbaycanda insan hüquqlarını və demokratiyanı müdafiə edəcəkmi?” sualına isə Metyu Hart belə cavab verib:
“Tramp administrasiyası həmişə insan hüquqlarına böyük diqqət yetirib və bütün ölkələrdə onun pozulmasını qətiyyətlə pisləyib”.
Onun sözlərinə görə, bütün ölkələrdə insan hüquq və azadlıqları ABŞ üçün prioritetdir:
“Xaricdə Amerika azadlığının və Amerika demokratiyasının ifadə olunması bizim yumşaq güc adlandırdığımız şeydir. Bütün ölkələr üçün öz vətəndaşlarının və azlıqların hüquqlarının təmin edilməsi çox vacibdir”.
Metyu Hart onu da qeyd edib ki, bütün ölkələr xarici müdaxilə təhlükəsi olmadan öz taleyini təmin etmək imkanına malik olmalıdır.
Bu il, 2024-cü ilin noyabrında ABŞ-da Prezident seçkiləri keçiriləcək.
Seçkilərdə hazırki Prezident Co Baydenin əsas rəqibi kimi ABŞ-ın sabiq Prezidenti Donald Trampın adı çəkilir.