”ABŞ-ın yaxın zamanda Qarabağla bağlı radikal addım atacağına inanmıram”
“25 ildir Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadığı barədə düşüncə doğru deyil”, – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayzanın sözləridir.
O, bu sözləri Bakıda “Caucasus İnternational” jurnalının nəşrinin 5 illiyinə həsr edilmiş “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib (APA).
M. Brayza bildirib ki, 10 il əvvəl münaqişənin həlli ilə bağlı əsas sənəd hazırlanmış və razılaşdırılmışdı:
“Bu, yeganə işlək sənəddir və münaqişənin həllində fundamental balans yaradır. Problem prezidentlərin bir-birinə etibar etməməsindədir. Münaqişənin həlli üçün tərəflər güzəştə getməlidir”.
Metyu Brayza deyir ki, münaqişənin yeganə həlli vasitəçilik və liderlik yolu ilə mümkündür. Bunu da Rusiya və ya ABŞ üzərinə götürə bilər:
“Amma inanmıram ki, Trump bunun öhdəsindən gəlsin. Buna çoxlu vaxt tələb olunacaq. ABŞ-ın siyasi rəhbərliyində isə bu işi görəcək siyasətçilər yoxdur”.
Metyu Brayzanın açıqlamasını Meydan TV-yə şərh edən siyasətçi Arif Yunus da prezidentlərin bir-birinə etibar etməməsinin həqiqət olduğunu söyləyib. Deyir, nə İlham Əliyev Serj Sarkisyana, nə də Serj Sarkisyan İlham Əliyevə inanır:
“Bu, məlum idi. Qarabağ münaqişəsinin həllinə ən böyük maneə də hər iki tərəfin bir-birinə inamsızlığıdır. Belə bir vəziyyətdə münaqişənin həlli mümkün deyil. Əvvəlcə inamsızlığı aradan qaldırmaq, sonra digər məsələləri masaya çıxartmaq lazımdır”.
Arif Yunus Metyu Brayzanın Trump administrasiyası barədə fikirlərini bölüşür. Bildirir ki, yeni administrasiyada vəziyyət heç də yaxşı deyil, diplomatın söylədikləri gerçəkdir:
“Trump prezident seçildikdən sonra ən yaxşı mütəxəssisləri, illərlə insan haqları, münaqişələrlə məşğul olan ekspertləri kənarlaşdırıb. Bu, faktdır. Çox güman ki, həmin adamların arasında Qarabağ məsələsi ilə məşğul olan mütəxəssislər də olub. Mən Trump administrasiyasının yaxın vaxtlarda Qarabağla bağlı radikal addım atacağına inanmıram”.