Bakı metrosu

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Bakı metrosu

“Metroya maskasız girişlə bağlı hüquqi əsasa söykənən qadağa yoxdur”

Məqalə yeniləndi:  10 May 2020

Maska taxmaq istəməyən sərnişin həbs edilib

Mayın 9-da metronun “20 Yanvar” stansiyasında Bakı sakini Nicat Rəhmanoğlu polisin tibbi maska taxmaq barədə göstərişinə əməl etmədiyindın inzibati cəza alıb.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Yasamal Rayon Məhkəməsi Nicat Rəhmanoğlunun İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinin tələblərinə zidd hərəkət etməsini əsasl gətirərək onun haqqında 10 sutka cəza qərarı çıxardıb. Nicat Rəhmanoğlunun səhvini etiraf etdiyi bildirilir.

Məlumatda son bir gündə metropoliten ərazisində 167 nəfərə rəsmi xəbərdarlıq edildiyi qeyd olunub.

Olayı Meydan TV-yə şərh edən hüquqşünas Hafiz Həsənov vətəndaşların həbsi, cərimə edilməsinin hüquqiliyi ilə bağlı problemlərin olduğunu deyib.

Hafiz Həsənov hesab edir ki, Nazirlər Kabineti karantin qaydaları haqqında ayrıca qərar verməliydi, yəni konkret qaydalar hazırlanmalı və bu, kabinetin qərarı ilə təsdiqlənməliydi:

“Nazirlər Kabinetinin 2 aprel tarixində icazə sistemi barədə qərarı var, başqa qaydalar sistemi yoxdur. Bu məsələlərin Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimləndiyi bildirilir. Ancaq operativ qərargahın hüquqi statusu tam müəyyən olunmayıb. Nazirlər Kabineti operativ qərargah yarada bilər, amma bu qurumun insan hüquqlarının məhdudlaşdırılması ilə bağlı qərar vermək, qaydalar müəyyən etmək hüquqi yoxdur. Çünki Konstitusiyada insan hüquq və azadlıqlarının məhdudlaşdırılması Milli Məclisin səlahiyyətinə aid məsələdir. Nazirlər Kabineti isə ali yox, yuxarı icra orqanıdır. Bu o deməkdir ki, Nazirlər Kabinetinin insan hüquq və azadlıqları haqqında qərar vermək, qaydalar müəyyən etmək, ümumiyyətlə, icazələr vermək səlahiyyəti yoxdur. Ona görə də Nazirlər Kabinetinin öz qərarları belə hüquqi mübahisə doğurur. Bütün sadaladıqlarımdan sonra dövlət strukturu olaraq operativ qərargah nədir və bu qaydaları və qərarları verə bilərmi sualı meydana çıxır”.

Hüquqşünas deyir ki, rəsmilər belə vəziyyətdə 1993-cü ildə qəbul olunmuş “Sanitar-epidemologiya qaydaları haqqında” qanununu xatırladırlar, ancaq bu sənədin 1995-ci il Konstitusiyasından əvvəl qəbul olunduğunu unudurlar:

“Halbuki, müstəqillik dövrünün Konstitusiyasından sonra artıq qanunvericilik onun prinsiplərinə uyğun müəyyən olunurdu. Belə olanda “Sanitar-epidemologiya qaydaları haqqında” qanunu da Konstitusiyaya uyğunlaşdırılmalıydı. İndi rəsmilər sənədin bir maddəsinə istinad edirlər, orda yazılıb ki, karantin qaydaları müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunur. Əslində, Konstitusiyada hüquqi termin olaraq Azərbaycan hökuməti ifadəsi yoxdur, ali icra hakimiyyəti prezidentdir, Nazirlər Kabineti yuxarı icra hakimiyyətidir və yerli icra hakimiyyəti var. Eyni zamanda, müvafiq qanunda hansısa operativ qərargah barədə heç nə yoxdur. Ona görə də Nazirlər Kabinetinin qərarı mübahisəli qalmaqla, vahid karantin qaydaları müəyyən edilmədiyindən onun pozulmasına görə də məsuliyyət nəzərdə tutula bilməz. Digər tərəfdən də, operativ qərargahın statusu müəyyən olunmadığından belə bir qərar verə bilməz. Nəticə etibarı ilə legitim olmayan, hüquqa söykənməyən bir qurumun verdiyi qərarların və qaydaların posulmasına görə məsuliyyət nəzərdə tutula bilməz”.

Hafiz Həsənov

Hafiz Həsənov

Mənbə: Foto: sosial şəbəkə

Hafiz Həsənov xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın indiyə qədər küçədə, qapalı yerlərdə maskasız gəzməyə görə qadağası yox idi:

“Qaydalarda deyilmir ki, küçədə, qapalı yerlərdə, nəqliyyat vasitələrində, metroda maskasız kəzmək qadağandır. Sadəcə, tövsiyəsi var idi. Hətta bu tələb formasında verilsə belə, vəzifə kimi müəyyən olunmayıbsa, onun pozulması da məsuliyyət yaratmamalıdır. Ona görə indiyə qədər polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211 maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) əsasən tətbiq olunan cərimələrin hamısı hüquqi mübahisə doğurur. Bəzilərinin isə hüquqi əsası yoxdur, məsələn, 1-13 aprel tarixində 17 min nəfərə yaxın insana cərimə yazıblar, hansı ki, prezident yol polisinə bu səlahiyyəti aid etməmişdi. Bu baxımdan həmin cərimələr hüquqi əsası olmadığından ləğv edilməliydi”.

Hafiz Həsənov bildirib ki, sərnişin nəqliyyatına, metroya maskasız girişlə bağlı hüquqi əsasa söykənən qadağa yoxdur. Ona görə də İnzibati Xətalar Məcələsinin 211-ci maddəsi ilə məsuliyyətə cəlb etməyin hüquqi əsası yoxdur:

“Televiziyalarda göstərirlər, polis avtobusa daxil olur və “maskasız olanlar düşsün” deyir, hansı əsasla?! Eyni zamanda, Daxili İşlər Nazirliyinin rəsmilərinin, operativ qərargahın nümayəndələrinin çıxışlarında da təzadlar var. Yəni vahid qayda olmadığından fərdlər tövsif edir, sanki özlərindən qanun və qayda yaradırlar. Bu baxımdan belə pərakəndəlikdə tərbiq olunan cərimələrin, həbslərin hüquqi əsası yoxdur. Bir məqamı da unutmayaq ki, İnzibati Xətalar Məcələsinin 211-ci maddəsi Normativ Hüquqi Aktlar haqqında Konstitusiya qanuna uyğun deyil. Çünki İnzibati Xətalar Məcələsinin 211-ci maddəsi sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasını müəyyən edir, amma göstərilmir ki, bu qaydaların pozulması hansı hərəkətlərdə ifadə olunmalıdır, konkretlik yoxdur. Əslində, ölkədə normal şəkildə fövqəladə vəziyyət təbiq olunardı, buna mübafiq qanunda da nələr nəzərdə tutulur, ona uyğun da məsələlər tənzimlənərdi”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 May 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dspnvw

Ən çox baxılan