”Gediş haqqının bahalaşması ilə bağlı yayılan məlumat əsassızdır”
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət etməyib.
Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, metroda gediş haqqının bahalaşması ilə bağlı yayılan məlumat əsassızdır:
“Metroda gediş haqqını biz qaldırmırıq. Buna Tarif (qiymət) Şurası qərar verir. Bu barədə bizdə məlumat yoxdur. “Bakı Metropoliteni” QSC metroda gediş haqqının artırılması barədə Şuraya müraciət etməyib”.
Bakı metrosunda hazırda gediş haqqı 0,2 AZN təşkil edir.
Noyabrın 27-də iqtisadçı Qubad İbadoğlu öz “Facebook” səhifəsində növbəti ildən gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola biləcəyini yazmışdı. O, fikrini əsaslandırmaq üçün iyulun 15-dən sonra elektrik enerjisinin qiymətinin artırılmasını göstərmişdi.