Son bir ildə ancaq utanmaqla məşğulam. Bu utanc hissi durmadan artır. Mən niyə utanıram? Kimin yerinə utanıram? Bu utanc niyə belə dəhşətlidir?
Uzun-uzadı treninqlərdə, seminarlarda, səfərlərdə olandan, başqa ölkələrin təcrübələri ilə tanış olandan sonra çox sərt bir şillə aldım. Yazı, mətbuat, jurnalistika sahəsində nə qədər naşı, qeyri-peşəkar, dayaz olduğumu hiss elədim. Ciddi və akademik təhsil yox, dil bilgiləri yox, faktlarla, mənbələrlə işləmək təcrübəsi yox. Bir sözlə, biabırçılığın son həddi…
Utandım. Pis oldum. Depressiyaya düşdüm. Sonra da düşündüm ki, axı necə belə olub? Necə olub ki, mən və daha tanığım, qələminə, bacarığına inandığım onlarla jurnalist, publisist bu qədər az bilgi, az bacarıqla ölkənin aparıcı medialarında işləmişik? Necə olub ki, onlar bizə maaş veriblər? Hələ bəzən nümunə göstəriblər? Bu dəhşət, bu illərlə davam edən aldanma necə olub ki, baş verib…
Ukraynanın, Çexiyanın, Gürcüstanın, Ermənistanın, hətta bir az da Amerikanın mətbuat standartları ilə tanış olandan, onların jurnalistlərdən, müəlliflərdən hansı tələbləri elədiyini görəndən sonra şoka düşdüm. Bizim təsəvvürümüzdə olanın əksinə, böyük qonorarlara, maaşlara deyil, az, təvazökar ödəmələrə işləyən jurnaistlərin necə zəhmət çəkdiklərini, özlərini öldürdüklərini, tapdıqları xəbərləri, faktları necə işlədiklərini, yoxladıqlarını gördükcə, heyrətlənirdim. Müasir imkanlardan, yeniliklərdən xəbərdar, ən azı 3-4 dil bilən bu adamlar necə sadə, təvazökardılar?
Onlar bizim kimi asan və tez başa gələn pula deyil, ciddi imicə qaçırlar. Onlar şöhrətə deyil, peşəkarlığa üstünlük verirlər. Bilgilər onlara özlərini göstərmək, eqolarını sakitləşdirmək üçün deyil, işlərinə köməklik üçün lazımdır. Bəzən çox az sayda auditoriyası olan mətbuat orqanları üçün işləyirlər. Bəzən 300-400 nəfərin oxuduğu, baxdığı bu media orqanlarında böyük bir media-holdinqdən heç də geri qalmayan ciddiyyətlə işləyirlər.
Onlar öz işlərində öz gələcək uğurlarını, karyera pillələrini görürlər. Onlar öz gələcəkləri üçün işləyirlər.
Bütün bunları görürəm və bir daha qayıdıb, soruşuram ki, axı necə olur bu…
Uzun-uzadı mübahisələrdən, müşahidələrdən, ziddiyyətlərdən sonra yekun qənaət bu olur: Azadlıq!
Azad olmayan ölkədə peşəkarlıq, ciddilik nümayişinin sonu həbsxanadır. İnformasiya tapırsan – həbs. Araşdırma aparırsan – həbs. Obyektiv fikrini yazırsan – həbs.
Azad olmayan media peşəkar ola bilməz. Azad olmayan mediada jurnalistin karyera perspektivi peşəkarlıqdan asılı deyil. Yaltaqlıqdan, yarınmaqdan asılıdır. Azad olmayan ölkədə jurnalist işlədiyi sayta, televiziyaya, qəzetə öz imici, öz reputasiyası kimi baxmır. Bu, onun qəzeti, saytı, televiziyası deyil. Hansısa oliqarxındır, nazirindir, məmurundur. O isə bir az burda işləyəcək, başqa hardansa daha sərfəli təklif gəlsə, ora gedəcək.
Azad olmayan mətbuatda media rəhbəri idarə elədiyi sayta, televiziyaya, qəzetə öz imici, öz reputasiyası kimi baxmır. Gəlir yeri kimi, öz biznesi kimi də baxmır. Nə vecinədi, hər media orqanı bir nazirin, oliqarxın, prezident qohumunun adı ilə bağlıdır. Pulu da o verir. Oxunmasalar da, olar. Baxılmasalar da, olar. Ən biabırçı, ən qeyri-peşəkar materialarlla gündəmə gəlsələr də, olar. Etibarlarını itirsələr də, olar.
Onsuz da sayt, televiziya, qəzet yiyəsi özünə lazım olduğu müddətcə pulunu verəcək. Səndən ancaq burda “sayt-sayt”, “jurnalist-jurnalist”, “publisist-publisist” oynamağı istəyirlər.
Bütün bunlar ona gətirdi ki, bir az azad, fərqli düşünən adamların “qiyməti” artdı. Onların ovuna çıxdırlar. Bir jurnalist, bir publisist, bir redaktor düşündü ki, az işləyib, dəqiqlik, mənbə, etika, standart dərdi çəkib, qəpik-quruş almaqdansa, heyif deyilmi, ağzına gələni yazırsan, işə dayaz yanaşırsan, əvəzinə də yaxşı maaş, qonorar alırsan. Onsuz da, ölkədə peşəkar qıtlığıdı. Onsuz da ölkədə ciddi, fanatcasına işləyə biləcək, işləmək istəyəcək adam yoxdu.
Yoxdu, çünki neft pulları zayımızı çıxarıb.
İllərlə heç bir akademik, ciddi əsası olmayan yazılarla, yoxlanmamış xəbərlərlə, şayiələri informasiya mənbəyi kimi qələmə verməklə, maaş, qonorar alıb, elə bilirdik ki, qabağa düşürük. Amma sən demə, bu pulları bizə ona görə verirmişlər ki, biz peşəkarlıq dərdi çəkməyək, ciddiyyətdən uzaqlaşaq, korrupsiyalaşaq, çox pula, yaxşı həyata öyrəşək. Nəticədə, ölkəni dəhşətli qıtlığa, krizisə, peşəkar jurnalist, publisist qıtlığına gətiriblər. Nəticədə onlar qabağa düşüblər.
Bizsə yaxşı mənada qəddar rejimlə işləyən, yeniliklərdən xəbərdar, az qala bizə başqa kosmos kimi görünən standartlarla işləyən, parlaq gələcəkli xarici jurnalistlərin yanında boynumuzu burub, durmuşuq indi.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…