Mətbuat xidməti: ”Masallıdakı stadion satışa çıxarılmayıb”

“Qanunla stadionlar satıla bilməz”

Source:


“Qanunla stadionlar satıla bilməz”

Masallıda yerləşən Anatoli Banişevski adına stadionun acınacaqlı durumu ilə bağlı məlumat vermişdik. Meydan.TV-yə müraciət edən bir qrup Masallı sakini həmyerliləri, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun onları aldatdıqlarını bildirmişdi. Belə ki, əvvəllər Gənclər və İdman Nazirliyinin balansında olan stadion Mübariz Mənsimova verilib. Mənsimov isə stadionu təmir etdirəcəyini, orada Futbol Akademiyası açacağını vəd edib. Ancaq işadamı 4 il ərzində stadionda heç bir iş görməyib. Stadionun qapıları futbolla məşğul olan uşaqların da üzünə bağlanıb.

Masallı sakinləri Mübariz Mənsimovdan ya verdiyi vədi yerinə yetirməyi, ya da stadionu geri qaytarmağı tələb edirdi. Həmin vaxt məsələ ilə bağlı Meydan.TV-yə danışan “Xəzər Lənkəran” futbol klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu stadionda görüləcək işlərin müəyyən səbəblərdən yubandığını bildirmiş, arenanın təmir olunacağını, futbol akademiyasının açılacağını qeyd etmişdi.

İndi isə stadionla bağlı mətbuatda başqa bir məlumat yayılıb. Məlumata görə, biznesi iflasa uğrayan, iqtisadi böhranla üzləşən Mübariz Mənsimov stadionun satılması barədə göstəriş verib. Sportinfo.az saytının yaydığı məlumatda bildirilir ki, Mənsimov stadionu  500 min dollara satışa çıxarıb. Mətbuatda belə bir məlumatın yayılması Masallı sakinlərinin də narahatlığına səbəb olub. Onlar yenidən Meydan.TV-yə müraciət ediblər. Sakinlər bildirirlər ki, stadion Mənsimova verilərkən orda ancaq idman klubunun profilinə uyğun işlərin aparılacağı vəd olunub. Üstəlik, sakinlər onu da iddia edirlər ki, stadion Mənsimova simvolik qiymətə – cəmisi 5 min manata verilib. Sakinlər deyir ki, Mənsimov üzləşdiyi maliyyə çətinliyini rayonun stadionunu satmaqla sığortalaya bilməz. Onlar stadionun hansısa işbaza satıla biləcəyinin, onun yerində isə bazar və yaxud ticarət obyektinin tikiləcəyindən narahatdılar.

Sakinlər bildirirlər ki, Mənsimovun qohumları artıq rayonda bu yöndə iş aparır, stadiona müştəri axtarırlar.

“Xəzər Lənkəran” futbol klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu isə Meydan TV-yə stadionun satışa çıxarılması ilə bağlı yayılan məlumatın yanlış olduğunu bildirdi:

“Bu, düzgün məlumat deyil. Belə bir qanun var ki, stadionlar satıla bilməz. Ona görə də Masallıdakı stadionun satışa çıxarılması ilə bağlı yayılan məlumatın heç bir əsası yoxdu”.

Hüseyn Cəbrayıloğlu “Mənsimov stadionu istifadəyə götürmək üçün nə qədər pul ödəyib” sualına “bu barədə məlumatsızam” cavabını verdi.

Ana səhifəXəbərlərMətbuat xidməti: ”Masallıdakı stadion satışa çıxarılmayıb”