Mətbuat Şurasından alternativ sosial şəbəkə təklifi

KİV rəhbərləri özlərinə qarşı “sərtlik” təklifləri irəli sürdülər

Source:


KİV rəhbərləri özlərinə qarşı “sərtlik” təklifləri irəli sürdülər

Mətbuat Şurası (MŞ) sentyabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) ölkədə informasiya təhlükəsizliyinin təmin olunmasına dair dinləmələr keçirib.

Dinləmələrin keçirilməsinə səbəb kimi avqust ayında Qarabağ cəbhəsində hərbi durum gərginləşən zaman “arzuolunmaz” informasiyaların ölkə mediasına “yol tapması” göstərilib. Avqustun 29-da PA-nın rəhbəri Ramiz Mehdiyev bu məsələ ilə bağlı KİV rəhbərlərilə toplantı keçirib. Həmin toplantıda KİV-lər hərbi durum gərginləşən zaman dövlət sirrini yaymaqda ittiham edilib. Həm də bu səhvlərdən “nəticə” çıxarmaq tələb olunub.

BMM-də keçirilən tədbir bir tərəfdən PA-nın göstərişlərini yerinə yetirmək, digər tərəfdən medianın “nəticə” çıxarması məqsədilə keçirilirdi. Elə ona görə də MŞ sədri Əflatun Amaşov bu məsələdə medianın məsuliyyəti olduğunu deyib və gələcəkdə belə “səhvlərə” yol verməmək üçün təkliflər səsləndirilməsini irəli sürüb. Dinləmələrdə Ə.Amaşov “avropainfo”, “vətəninfo”, “azernews”, “azadinform”, “gündəmxəbər”, “meqatvaz”, “defensaz”, “ölkəmaz” kimi saytlar hərbi sirri yaymaqda ittiham olunublar. Hərbi sirrin yayılması ilə bağlı informasiyaların əksər saytlarda əksini tapdığı nəzərə çatdırılıb.

Ordu hissələrinin manevrləri, hərbi texnikanın hərəkəti, əsgər itkiləri haqda informasiyaların KİV-lərdə yayılması jurnalist naşlığı və qeyri-peşəkarlığının nəticəsi sayılıb. Deputat Bəxtiyar Sadıxov isə jurnalistləri belə informasiyaları bilərəkdən yaymaqda, milli və dövləti maraqlarına xəyanətdə ittiham edib. Onun fikrincə, belə məsələdə infromasiyanın operativliyi yox, dövləti maraqlar aparıcı olmalıdır. Eyni məsələni KİV-lərə Dövlət Yardımı Fondunun icraçı direktoru Vüqar Səfərli də qaldırıb. Onun sözlərinə görə, bəzi saytlar belə informasiyaları bilərəkdən yayıblar və onlar bəllidir.

Çıxışlar zamanı informasiya mənbəyi olan dövlət qurumlarının məsuliyyət daşıdığına ötəri toxunulub. Bır sıra mətbuat rəhbərləri hərbi sirləri yayan konkret saytların adlarının çəkilməməsinə, yalnız  “bəzi KİV-lər” ifadəsilə kifayətlənməsinə etiraz ediblər. Eyni zamanda, bu hadisələrdə erməni təxribat qruplarının sosial şəbəkələrdə fəallıq göstərdiyi, azərbacanlı adı ilə Azərbaycan saytlarında təxribat törətdikləri iddia olunub.

Hərbi sirlərin KİV-lərdə yayılmasını önləmək üçün təkliflərə gəlincə, bu sahədə yazan jurnalistlərin Müdafiə Nazirliyində akkreditasiya olunması təklifi irəli sürülüb. Hərbi sahə ilə bağlı xəbərlərin ancaq Müdafiə Nazirliyi ilə uzlaşdırılan xəbərlərdən ibarət olması zərurəti vurğulanıb. Bundan əlavə, KİV-lərin fəaliyyətilə bağlı qanunvericiliyə dəyişikliklər olunması, “İnformasiya haqqında qanun” qəbul olunması da vurğulanıb. Saytların ancaq domen alaraq fəaliyyət göstərməsinin kifayət olmadığı, onların rəsmi qeydiyyatdan keçməli olduğu qeyd edilib. Sosial şəbəkələrin bu sahədə etibarsız olduğunu deyən natiqlərdən biri “alternativ sosial şəbəkə” yaratmaq təklifi verib. Belə şəraitlərdə MŞ-da redaktorlardan ibarət İnformasiya Mərkəzi yaradılması, hərbi sahədə yazan  jurnalistlərə treninqlər keçirilməsi təklifləri də irəli sürülüb.

Ana səhifəXəbərlərMətbuat Şurasından alternativ sosial şəbəkə təklifi