Mətbuat Şurası üzvünün əlində linç və qorxu alətinə çevrilən media

Mənbə: Mətbuat Şurası

Sosial mediada linç siyasəti necə və kim tərəfindən həyata keçirildi, insanlar nəyə şahid oldu?

Sentyabrın 11-də Mətbuat Şurasının idarə heyətinin üzvlərindən biri Fərid Pərdəşünas sosial media hesabından izləyicilərinə çağırış etdi.

Etdiyi çağırışın önəmini və həssaslığlını əsas gətirərək tələbi təmin olunmadığı təqdirdə hüquq-mühafizə orqanlarına, konkret Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edəcəyini bildirdi.

Foto: Fərid Pərdəşünasın şəxsi arxivindən

Pərdəşünas hər gün öz hesabından “Vikipediya” açıq mənbəsində 3000-ə qədər müharibədə həlak olan şəxs haqda məqalələrin silindiyini deyərək “Vikipediya” ilə əməkdaşlıq edənlərə ultimatum verdi.

Bəs onun bu addımları nə qədər etik və hüquqi idi?

Mətbuat Şurası idarə heyəti üzvünün bir qrup şəxsi hədəf göstərərək onlara qarşı linç və qaralama kampaniyasına başlaması, bunu günlərlə davam etdirməsi nə dərəcədə doğru addımdır?

Mətbuat Şurası media, jurnalistlərin özünütənzimləmə quruluşudur. Söz azadlığına daha geniş imkanların yaradılması, söz azadlığı müstəvisində qarşımıza çıxan münaqişə-mübahisələrin həlli kimi məsələlər bu qurumun məqsədləri sırasına daxildir. Bu kontekstdə yanaşanda, fikrimcə, şuranın təmsilçisinin istər neqativ, istərsə də pozitiv planda söz azadlığı ilə əlaqəli münaqişələrdə aşkar tərəf olması qətiyyən xoş, etik görünmür”, –  bunu Meydan TV-yə media üzrə ixtisaslaşmış hüquqşünas Xalid Ağəliyev deyib.

Xalid Ağəliyev. Foto: Meydan TV

Onun fikrincə, şuranın söz, ifadə azadlığı kontekstindəki məsələlərdə  mübahisələri normal müzakirə axarına daşımaq funksiyasını üzərinə götürməsi, emosiyaları cilovlayan təşəbbüslərlə çıxış etməsi daha doğru olar və eləcə də quruma da hörmət gətirərdi.

““Filankəs şəhidlərin ruhunu təhqir edib” təsəvvürü yaratmaq linç və terrorla nəticələnə bilər”

Pərdəşünasın bu addımı Mətbuat Şurası tərəfindən nəinki tənqid olundu, hətta dəstəkləndi. Belə ki, yaradılan hay-küyün fonunda şuranın sədri Rəşad Məcid sosial media hesabında “Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünasın narahatlığını bölüşür və qarşı tərəfdən tutarlı əsaslandırmalar gözləyirik” fikrini paylaşdı.

Media eksperti Rövşən Əliyevin Meydan TV-yə açıqlamasına görə, kütlə üçün həssas mövzu birtərəfli şəkildə ortaya atıldı və bir neçə şəxs hədəf götürüldü:

Onlara qarşı real təhlükə yarandı. Bunu əvvəlcədən görməmək mümkün deyildi. Hər kəs bilir ki, şəhidlər həssas mövzudur və “filankəs şəhidlərin ruhunu təhqir edib” təsəvvürü yaratmaq linç və terrorla nəticələnə bilər. Azərbaycanın sosial mediasında bir qrup “Vikipediya” redaktoruna qarşı başlayan kampaniyada terrora çağırış təhlükəsinin olması aydın idi”.

Bu məsələnin hüquqi tənzimlənməsinə gəlincə, Xalid Ağəliyev: “İstər milli, irqi olsun, istərsə də dini, sosial zəmində, belə çağırışlara yanaşma olduqca ölçülü-biçili olmalıdır”, – deyir.

Hüquqi baxımdan, milli, irqi, dini, sosial zəmində nifrətə, düşmənçiliyə çağırışlar, habelə bu kontekstdə vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətləri qanunvericilik qadağan edir”, – deyir hüquqşünas.

Onun sözlərinə görə, əgər kimsə hansısa konkret götürülmüş sosial qrupu hədəfə alan çağırışlar edirsə və çağırış edən şəxs insanları hədəfə götürülən qrupa qarşı qanunazidd əməllər törətməyə sövq edəcək gücə, qüvvəyə, nüfuza sahibdirsə, bu zaman onun məsuliyyəti məsələsi gündəmə gəlməlidir.

Wikipedia. Foto: T. Schneider/shutterstock

“Yəni, sadəcə, hansısa qanunazidd çağırışın edilməsi yetərli deyil, çağırış nəticəsində qanunazidd hərəkətlərin edilməsi ehtimalı real olmalıdır”, – o deyib.

Düşüncə azadlığı nədir?

Pərdəşünasın paylaşdığı paylaşımlarda onunla əks fikirdə olan şəxslərə, hətta müharibədə həlak olmuş şəxsin yaxını olduğunu deyənlərə qarşı neqativlik vardı.

Bu cür paylaşımlara etiraz edənlərin bəzilərinə isə o: “Mənim haqqımda olan məqaləni sildilər”, – deyə əks arqument gətirirdi.

Məsələnin şəxsi qərəz zəminində formalaşması ilk günlər elə vikipediyaçıların öz dilindən səslənsə də, “şəhid məqalələrini silən”nin əslində isə bu məqalələri toplayanın olması da bu qərəzi kölgədə qoya bilmədi.

Pərdəşünasın növbəti paylaşımı isə həlak olan hərbi qulluqçular barədə əsas informasiyaları toplayan Ayxan Ziyadzadənin “X” hesabındakı paylaşımlarını əlavə edib, ona qarşı aparılan kampaniyaları daha da körükləmək məqsədi daşıyırdı.

Bəs öncə “hökumətə” yaxınlığı olan gəncin sonradan fikrini dəyişməsi onun düşüncə azadlığına qəsb hesab oluna bilərdimi?

Hər bir insan istənilən mövzu haqqında fikir və düşüncə sahibi olmaq, sahib olduğu düşüncələr səbəbilə hər hansısa formada qınanmamaq və bu düşüncələrini azad, sərbəst şəkildə ifadə etmək imkanına malik olmalıdır. Çünki düşüncə dediyimiz şey, insanın şəxsi və ictimai həyatının ortaya çıxardığı problemlərə qarşı uyğun gördüyü həll variantları, belə demək mümkünsə, öz gerçəkləri, öz seçimləridir”, – siyasətçi Araz Əliyev Meydan TV-yə şərh edib.

Foto: Araz Əliyevin şəxsi arxivindən

Onun fikrincə, heç kim öz həyatını başqalarının gerçəklərinə uyğun yaşamağa məcbur deyil və öz həyatı, seçimləri haqqında başqasının qərar verməyini istəməz:

Bu baxımdan düşüncə azadlığı təbii olandır. Onun məhdudlaşdırmağa çalışmaq qeyri-təbiidir. Düşüncə azadlığı onun davamı olan ifadə azadlığı olmadan mümkün deyil. Bu baxımdan istənilən formada ifadə azadlığının pozulması, birbaşa düşüncə azadlığına qarşı edilmiş qəsddir”.

İfadə azadlığının təməlinin həm də tənqid etmə imkanı olduğunu vurğulayan A.Əliyev deyir ki, hər kəs bəyənmədiyi və ya fərqli olduğunu düşündüyü fikirləri tənqid edə, onunla razılaşmadığını açıq şəkildə bəyan edə bilər:

“Lakin istənilən halda bu cür müzakirələrin predmeti fikirlər olmalıdır. Fikirlər onu söyləyən şəxsin kimliyindən, keçmişindən, ətrafından və ya ideologiyasından asılı olmadan mühakimə edilməlidir. Yalnız bu zaman onların doğru və ya yanlış olduğu barədə obyektiv bir nəticə əldə etmək mümkündür.  Bunun əksi isə artıq fikir sahibinə qarşı qərəz göstəricisidir”.

Müstəqil media olaraq nəyi etmədik?

“Jurnalistlər burada terrora çağırış, qisasa yönəltmə kimi əməllərin olub-olmaması haqda hüquqşünaslardan müsahibələr götürə, həmin təhlükə haqda debatlar təşkil edə bilərdilər. Bu, ictimai yayımların vəzifəsidir”, – deyir Rövşən Əliyev.

Media ekspertinin fikrincə, əgər təhlükədə olanların tərəfdarları məsələni hüquqi müstəviyə çıxarmaq istəyirlərsə, burada ilk instansiya Mətbuat Şurasıdır:

Foto: Rövşən Əliyevin şəxsi arxivindən

Ancaq problem bundadır ki, kampaniyaya Mətbuat Şurasının bir üzvü başlamışdı, Şuranın sədri də həmin mətni təkrar paylaşmaqla öz dəstəyini bildirmişdi. Belə bir məsələ var: “Adam dəli olanda mollanın yanına gedər, molla dəli olanda kimin yanına getsin?” Təbii ki, obrazlı bir misal kimi çəkirəm…”.

Bu cür aparılan media siyasətinin nəticələrinin nələrə səbəb ola biləcəyi müzakirə olunurmu və ya olunmalıdırmı?

Sosial media-auditoriya, media-auditoriya məsələlərini qanunlarla tam tənzimləmək mümkün deyil və tənzimləmə nə qədər çox olarsa, ondan avtoritar rejimlərin sui-istifadə etmə imkanları da bir o qədər genişlənər. Ona görə, mədəni dünyada defamasiyanı Cinayət Məcəlləsindən çıxarırlar. Peşə kodeksi, peşə birliklərinin tədbirləri, jurnalistərin peşəkarlığının artırılması bu cür nəticələrin qarşısını alır”,– Rövşən Əliyev Meydan TV-nin suallarını cavablandırarkən deyib.

O, hazırda ölkədə olan vəziyyətin müstəqil medianı daha da zəiflətdiyini bildirir:

“Müstəqil media bütün mümkün vasitələrlə zəiflədilib. Normal mediada müxtəlif sahələr üzrə mütəxəssislər olur. Hüquq, kommersiya, texnologiya, marketinq, təhlil… Qalır bir redaktor və bir neçə müxbir. İndi bu müxbir insidentlər, hadisələr baş verən məkana qaçısın, ona badalaq gələnlərin hüquqi yolla cavabını versin, yoxsa qlobal prosesləri izləsin?

Media ekspert bildirir ki, avtoritar rejimlər təşkilatlanır, dijital quldarlığın tam bərqərar olması üçün planlı, sürəkli iş aparır:

Proses BRİCS mərkəzlidir. Bu işin bir qolu da liberalizmi gözdən salmaqdır. Konkret Azərbaycanda şəhid mövzusu, vətən mövzusu manipulyasiyaya yarayır. Xarici düşmən obrazı köməyə gəlir”.

Media siyasəti və atılmalı olan hüquqi addımlar

Rövşən Əliyev bildirir ki, əslində, mübahisəli məsələlər olanda, ortaya seçim çıxanda sağlam düşüncə köməyə gəlməlidir:

Təbii, mülki və cinayət məcəlləsini heç kəs ləğv etməyib. Amma şəxslərin bir-birini küçədə təhdid etməsi ilə mediada təhdid etməsi eyni hüquqi prosedurla aparılmalıdır, bunun üçün ayrıca media qanunu qəbul eləmək avtoritar, totalitar rejimlərin işidir ki, sonra bundan media azadlığına qarşı istifadə eləsinlər”.

Hakimiyyətin media siyasətinin ikitərəfi olduğunu qeyd edən R. Əliyev vurğulayır ki, leqallaşdırılmış yol, mümkün olan ən mürtəce “Media haqqında” Qanunun qəbul edilməsidir, amma hakimiyyət bununla da kifayətlənmir, bir kölgə yola da əl atır:

Qeyri-rəsmi trollar və loyal redaktorlar şəbəkəsi saxlanmasının əlamətləri çox yerdən görünür. “WhatsApp” qruplarında redaktorlara gündəlik instruksiyalar gəlməsi haqda məlumatlar var. Reklam bazarı və xeyriyyə təşkilatları olmayan ölkənin mediasının nə cür maliyyələşməsi çoxlu suallar doğurur və ortada kölgə metodlarının olmasına şübhə yeri qoymur”.

Araz Əliyevin fikrincə isə ideyalar, fikirlər, ideologiyalar və digər düşüncə nümunələri subyektiv xarakterlidir və heç kim digərinin düşüncəsini qəbul etməyə, o düşüncə əsasında yaşamağa, ona inanmağa məcbur deyil və məcbur da edilə bilməz.

O vurğulayır ki, bir insanın azadlığı digər insanın azadlığının başladığı yerdə bitir:

Bu səbəblə başqa insanlara zərər vermək, onları hədəfə çevirərək həyatı üçün təhlükə yaratmaq, öz iradəsi xaricində nəyəsə məcbur etmək üçün istifadə artıq sərhədləri aşmaq, hüquqları və azadlıqları açıq şəkildə pozmaqdır”.

Xalid Ağəliyev isə deyir ki, əgər söhbət qaralama kampaniyalarından gedirsə, burada məsələ artıq etika ilə bağlıdır:

Kimsə qaralandığını, nüfuzdan salındığını zənn edir, düşünürsə, bunu məhkəmə qaydasında mübahisələndirə bilər. Azərbaycanın bu müstəvidə mübahisələri tənzimləyən kifayət qədər sərt qanunları var”.

Ana səhifəSiyasətMətbuat Şurası üzvünün əlində linç və qorxu alətinə çevrilən media