“İnanırıq ki, humanist mövqeyinizi “Turan” İnformasiya Agentliyinin rəhbərinə münasibətdə də görəcəyik”
Azərbaycan Mətbuat Şurası “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin saxlanılması ilə prezident İlham Əliyevə müraciət edib.
APA-nın məlumatına görə, müraciətdə ölkə başçısının jurnalistlərin dostu olduğu deyilir, İlham Əliyev azad sözün müdafiəçisi kimi təqdim edilir.
Daha sonra “Turan” İA-nın ötən əsrin 90-cı illərinin əvvəllərindəki fəaliyyəti vurğulanır.
“Agentlik həmin mərhələdə Azərbaycanla bağlı başlıca informasiya mənbələrindən biri olmaqla yanaşı, eyni zamanda daxili ictimai-siyasi mühitin formalaşmasına da mühüm töhfəsini verdi. Mövcud xüsusda “Turan”ın baş direktoru Mehman Əliyevin də əməyi vurğulanmalıdır. O, özünü cəmiyyətə peşəkar jurnalist olaraq təqdim etdi.
M.Əliyevə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Hazırda o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırmalar gedir. Sizə müraciət ünvanlamaqla hər zamankı hümanizminizə, insanpərvər mövqeyinizə güvənirik. İnanırıq ki, bu mövqeyinizi “Turan” İnformasiya Agentliyinin rəhbərinə münasibətdə də görəcəyik”.
Müraciətdə daha sonra deyilir:
“Möhtərəm cənab Prezident, xahiş edirik ki, M.Əliyevlə bağlı insidentin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapmasına köməyinizi əsirgəməyəsiniz. Həssas yanaşmanızın yaranmış problemin aradan qaldırılmasında həlledici rol oynayacağına əminik”.