Mükafatın qaliblərinin adları noyabrın 8-də Fransanın Strasburq şəhərində açıqlanacaq
“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq-müdafiə təşkilatı 2016-cı ildə “Mətbuat Azadlığı” mükafatına namizədlərin adlarını açıqlayıb. Siyahıda 22 namizəd var. Bu barədə təşkilatın saytı məlumat yayıb.
“Mətbuat Azadlığı” mükafatı 3 nominasiya üzrə 1 nəfər jurnalistə, KİV-ə və vətəndaş jurnalistikası nümayəndəsinə veriləcək.
Builki 22 namizəd 19 ölkəni təmsil edir. Həmin namizədlərdən çoxu həbsdədir, bəziləri isə təqib olunur.
Həbsdə olan namizədlər “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzi, misirli jurnalist İsmayıl Alexandrani, çinli Chinois Lu Yuyu və Li Tingyudur.
Təşkilatın məlumatında Seymur Həzinin Azərbaycandakı yeganə müxalifət qəzeti olan “Azadlıq”ın əməkdaşı və “Azərbaycan saatı” proqramının aparıcısı olduğu, 2014-cü ilin avqustunda saxta ittihamla həbs edildiyi bildirilir.
“Bir neçə siyasi məhbus azadlığa buraxılsa da Seymur Həzinin həbsdə olması İlham Əliyevin azadlıqları sıxmağa davam etməsinin örnəyidir”, – deyə məlumatda vurğulanır. Məlumatda Azərbaycanda ifadə azadlığına qarşı həbslərin davam etdiyi də qeyd olunub.
Mükafatın qaliblərinin adları noyabrın 8-də Fransanın Strasburq şəhərində açıqlanacaq.
“Mətbuat azadlığı” mükafatı 1992-ci ildən təqdim edilir.
2012-ci ildə bu mükafatı azərbaycanlı jurnalist, Turan İnformasiya Agentliyinin əməkdaşı, hazırda mühacirətdə olan Məlahət Nəsibova alıb.
S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək, “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.
“Amnesty International” təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.