Mətbuat azadlığı günündə saytların bloklanması istənilir

Dünya Mətbuat Azadlığı gününü qeyd edərkən Azərbaycanda məhkəmə müstəqil medianın qapadılması üçün hökumətin verdiyi şikayətə baxıb. Səbail Rayon Məhkəməsində azadliq.org azadliq.info, azerbaycansaati.com, meydan.tv saytları, Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı iddiaya baxılıb. İddiaya görə, Heydər Əliyev Fondunun Rumıniyadakı qaranlıq biznesi haqda araşdırma, “Əliyev rejiminin gələcəyi yoxdur, ona yalnız avtoritar qəsbkar kimi baxılacaq” başlıqlı məqalə, Cəmil Həsənlinin kütləvi aksiyaların keçirilməsi məsələsinin müzakirəsi ilə bağlı yazılar və digərləri konstitusiyanın zorla dəyişdirilməsi, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlib.

Vəkillər isə bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi materiallarda nəyin dövlətin maraqlarına zidd olduğunu əsaslandıra bilmirlər. Vəkil Elçin Sadıqov deyir ki, prosesdə Baş Prokurorluğun üçüncü tərəf kimi çıxış etməsi və linqvistik ekspertizanın aparılması ilə bağlı vəsatət təmin olunmayıb.

İctimaiyyət nümayəndələri də saytların bloklanmasını azad sözə basqı kimi qiymətləndirir.

Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan mətbuat azadlığı indeksinə görə sonuncu pillələrdə qərar tutur. “Freedom House”un siyahısında Azərbaycan 199 ölkə və ərazi sırasında 190-cı yerdədir. Sərhədsiz Reportyorlar təşkilatının “2017-ci il, Media azadlığı indeksi” hesabatında isə Azərbaycan 180 ölkə içərisində 162-ci yerdə qərar tutub. Siyahıda Gürcüstan 64, Ermənistan 79, Rusiya 148-ci yerdədir. Bu nəticə ilə Azərbaycan media hüquqlarının ən çox pozulduğu ölkələrdən biri hesab olunur.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə 9 jurnalist həbsdədir.

Bundan başqa, mayın 2-də “Kanal13” televiziyasının rəhbəri Əziz Orucov 30 sutkalıq həbs olunub.

Ölkə başçısı İlham Əliyev çıxışlarında medianın azad olduğunu söyləyir. O, nitqlərinin birində jurnalistlərin həbsinin sadəcə onların cinayət törətmələri ilə əlaqələndirərək, bununla Azərbaycanda mətbuat azadlığını tənqid edənlərin məsələyə “kontekstdən kənar” baxdıqlarını deyib.

Məhkəmə təxirə salınıb. Növbəti proses mayın 12-də davam edəcək.

Ana səhifəVideoMətbuat azadlığı günündə saytların bloklanması istənilir