Məşum öncəgörmələrin qaçılmaz nəticələri

Buna görə də İlham Əliyevin prezidentliyi barəsində öncəgörməmin qaçılmaz nəticəsini düzgün sayıram.

Foto: Meydan.tv


Seçkiləri saxtalaşdırıb öz həyasızlıq və dələduzluğu ilə qürrələnmək siyasilər arasında ən adi hərəkətdir

Öncəgörmə qabiliyyəti Allah vergisi deyil.

İstənilən məntiqi düşüncə sahibi hər hansı bir əməli səbəb kimi qəbul edib, onun törədə biləcəyi nəticələr zəncirini ardıcıl təhlil etsə və son nəticəni qaçılmaz aqibət kimi bəyan etsə, onun açıqlaması baş vermiş hadisəni öncədən görə bilməsi və ya görə bilməməsi kimi yozula bilər.

Məsələn, sizin bəndeyi-həqiriniz AXC İH-nin üzvü kimi xalqa sadiq insan saydığım cəbhəkratlara deyəndə ki, bəsdir sovet qanunlarını kobudcasına pozdunuz və xalqı dərəbəyliyə təhrik etdiniz, AXC liderləri , bir nəfəri çıxmaq şərtilə, məni həyatdan və zəmanədən uzaq düşmüş ağılsız sayırdı.

Hadisələr göstərdi kim ağıllı, kim ağılsız imiş. Sovet ordusu gəldi və xalqı qırdı.

AXC bəylərinin tükü də tərpənmədi. Qırılan sadə xalq idi, onlar deyildi. Onların elan etdikləri möhtəşəm tarixi məqsədlər naminə sadə xalqın vəzifəsi qırılmaq idi, sadə xalq vəzifəsini vicdanla icra edib qırıldı.

Odur ki, burada məndə guya ki, hansısa misilsiz istedadın mövcudluğunu iddia etməyə heç bir əsas yoxdur. Adicə anlaqlıq və sadə məntiqi düşüncə, vəssalam-şüttəmam…

Adi fəhm və qanacaq sahibi istənilən təzahürün doğuracağı aqibəti asanlıqla öncədən görə bilər.

Məsələn, elmə biganə, kefkom və məsuliyyətsiz bir məxluqun heç vaxt nə isə fərli bir iş görə bilməyəcəyi barədə öncəgörmənin gerçəkləşməsi üçün insana peyğəmbərlik vəhyi əsla lazım deyil. Azərbaycana rəhbərlik etmiş insanların kimliyinə və onların hökmranlığının nəticələrinə baxanda bu ibtidai sinif səviyyəsində olan misalın həlli asanlıqla tapılar.

Bir daha qeyd edirəm ki, son 30 il ərzində əksər öncəgörmələrimin gerçəkləşməsi mənim, əstəğfiru-l-lah, peyğəmbərlik qabiliyyətimin nəticəsi deyil, sadəcə məntiqi və sistemli düşüncə üsulina sarsılmaz inamımın nəticəsidir.

Məhz bu səbəbə görə də bir neçə dəfə yanılmışam. 1998-ci ildə YUSİA proqramı çərçivəsində ABŞ demokratiyasını 23 gün 5 ştatda öyrənəndən sonra düşünmüşəm ki, böylə mürəkkəb və kamil sistem istənilən ictimai və iqtisadi müşkülün öhdəsindən uğurla gələ bilər. Düşünmüşəm və fikrimi amerikan demokratiyasının parlaq gələcəyi barəsində nikbin bir öncəgörmə ilə bitirmişəm.

İndiki zamanda ABŞ-da müşahidə edilən iğtişaşlar, keçmişə barbar baxışların zəfəri və dövlətin aşkar aşınması mənim həmin nikbin öncəgörməmin nə qədər yanlış olduğunu sübut edir.

Qayıdaq öz müşküllərimizə.

Yanılmıramsa, 2002-ci ildə, İlham Əliyevin ehtimal edilən prezidentliyi barədə söz-söhbət təzə-təzə gəzib-dolaşmağa başladığı bir zaman mən bu mövzuda bir məqalə dərc etdim. Açıq yazdım ki, mən İlham Əliyevin prezident olacağına inanmıram.

Niyə? Aşağıdakı səbəblərdən:


1.Heydər Əliyev xalqımıza qarşı bu qədər qəddar deyil.


2.Hakim zümrə özünüqoruma instinktinə görə onu qəbul etməz.

Məqalənin sonunda onu da yazdım ki, işdi-şayəd, möcüzə nəticəsində İlham Əliyev prezident olsa, millətin qarşısında duran heç bir müşkülə çarə tapa bilməyəcək. Çünki bu vücudun qəlbində olan istəklər siyahısında millətin dərdinə əlac istəyi yoxdur.

Amerikan yazıçısı Çarlz Bukovskinin sərrast bir ifadəsi var: “Əgər kimsə səni aldadıbsa, bu, o demək deyil ki, o, səndən ağıllıdır. Sadəcə sən onun barəsində onun olduğundan yaxşı düşünürmüşsən”. Bu ifadə mənim nə üçün birinci və ikinci səbəb barəsində yanıldığımı izah edə bilər.

Lakin son nəticəmdə əsla yanılmadım. Buna görə də İlham Əliyevin prezidentliyi barəsində öncəgörməmin qaçılmaz nəticəsini düzgün sayıram.

İndi xalqın başına qapaz dalıyca qapaz gəlir. Neft gəlirlərinin şir payı tarmar olub, heç bir səmərəli, nəinki gəlir gətirən, hətta öz xərcini çıxaran layihə yoxdur. Ölkədə bir dənə istehsalat sahəsi yaradılmayıb ki, neft-qaz gəlirləri tükənəndən sonra milli iqtisadiyyatın ayaq üstə durmasına imkan versin. Hakimiyyət manyak kimi dövlətin xarici borc yükünü durmadan artırır. Bəllidir, ki, bu pullar da oğurlanandan sonra, bu nəhəng məbləğin qaytarılması öhdəliyi yüklənəcək zavallı xalqımızın belinə. Qərb bu milyardları balalarımızın çörəyini boğazlarından kəsib alacaq.

Bu yandan da tacu-l-vəba mərəzi millətə qənim kəsilib. Tək ahılları deyil, cavan və sağlam insanları da sürüyüb aparır.

Hökumət sanki tədbir görür. Allahdan gizli deyil, məxluqdan niyə gizli olsun? Məlumdur ki, hakimiyyətimizin üsuli-idarəsində əsas iki ünsür işləyir: görüntü və cəbr. Görüntü xatirinə bir dənə qurum təsis ediblər və tapşırıblar ki, xalqa hər gün öz gərgin işləri barəsində hesabat versinlər. Onlar da bildikləri və bacardıqları tərzdə bu tapşırığı icra edirlər. Təbii ki, icra tərzi milli ənənədən qaynaqlanır və səmərəsi cəmiyyətdə gah acı gülüş, gah istehza, gah ahu-nalə, gah da ümidsizlik doğurur.

Vəba isə öz işini görməkdədir.

Cəbr ünsürü isə, həmişəki kimi, birinci yerdədir. Milləti anladığı dildə tərbiyə edirlər. Yəni, Məşədi İbad demişkən, “döyürlər”. Bu sahədə əla nəticələri polis özü yox, sadə vətəndaşlar millətə çatdırır: “oğlanı elə döydülər ki, ağzındakı 32 dişdən cəmi səkkizi qald”. Və sair və ilaxır…

Bəzən polis vəhşiliyinin qurbanları lovğalıqdan gerçəklik hissini itirb müstəqil vətən qarşısında öz xidmətlərini şişirdirlər. Məsələn, məşhur “Yasamalda zibil torbaları” dastanının qəhrəmanı iddia edir ki, həbs ediləndən sonra “onu bütün gecə 30 polis işçisi döyürdü”.

Lakin qoçaq yanılır. Bizim milli polis elə də aciz deyil ki, bir nəfər mülki şəxsi 30 nəfər polis işçisi döysün. Onlar, olsa-olsa, on nəfər idilər, sadəcə onlar otağa növbə ilə beş-beş girib vətəndaşı döyməyə başlayanda zavallı elə bilirmiş ki, bunlar təzələridir. Lakin o, yanılırmış, onlar təzələri deyilmiş, ağır işdən sonra dincini “bir qırnıq” almış köhnələr imiş.

Neynək, qoçaq bir dəfə də milli polisə düşsə, onu döyən polis işçilərinin təkcə yumruq və ayaqlarına deyil, bəzən də sifətlərinə baxsa, innən belə onların sayını düzgün hesablamağı öyrənər.

Siyasəti tərk etməyimin əsas səbəbi odur ki, mənim nəslimdən olan siyasilər arasında bir nəfər belə ləyaqətli və şərəfli insana rast gəlmədim. Azərbaycanlı siyasilərin əqidəsinə görə, siyasətçi ləyaqətsiz və şərəfsiz, yalançı və sırtıq olmalıdır, əhdi-peyman qanmamalıdır. Əks halda onun siyasətdə “uğur” qazanmaq ehtimalı sıfra yaxındır.

İndi baxıram ABŞ siyasilərinə, görürəm ki, hakimiyyət naminə dünyanın ən nəhəng dövlətini bada verməyə, onu laxladıb dağıtmağa hazırdırlar. Baxıram rus siyasilərinə, tək Yuriy Boldırevdən savayı, bir nəfər belə ləyaqətli və şərəfli insan görmürəm. Baxıram Avropanın siyasi səhnəsinə, Səhrayi-Kəbir görürəm.

Seçkiləri saxtalaşdırıb öz həyasızlıq və dələduzluğu ilə qürrələnmək siyasilər arasında ən adi hərəkətdir. Batka Lukaşenko seçki öncəsi iki ən şanslı rəqibini şərləyib və həbsə atıb, utanmadan xalqa deyir ki, “Mən Belarusu onlara verə bilmərəm, dağıdarlar.” Daha demir ki, “Belarusu doğmaca oğlum Kolyaya verməyə çalışıram”.

Məşhur bir siyasətçi vaxtilə demişdi ki, “gələcəyi görmək qabilıiyyəti – idarə etmək qabiliyyətidir”. İndi Fransanın Bezanson namlı bir yerində əyləşib məni 1992-ci ilin aprel ayında “Heydər Əliyev onsuz da gələcək, indi gəlsə, Azərbaycana xeyirdir” cümləm ilə qınayan fransızdilli çuşkaya bildirmək istəyirəm ki, mənim bu cümləm cəbhəkratlara “Mütəllibovu yıxmayın, yıxsanız, Heydər Əliyev gəlib mənim də, sizin də analarımızı ağladacaq” xəbərdarlığıma məhəl qoymamalarından, öz vəzifə hərislikləri səbəbindən dövlət çevrilişi etdikdən sonra məşum gerçəkliyin artıq qaçılmaz aqibətə çevrilməsi hökmümdən savayı bir şey deyildi.

Çox düşünüb cəbhəkratların Vətənimizin başına yekə bir daş salmış Elçibəyə tükənməz məhəbbətlərinin sirrini anlamışam. Bu məhəbbətin kökü Vətən ilə əsla bağlı deyil. Səbəb çox sadədir: Elçibəy bilik və bacarıqlarına görə hakimiyyətə heç bir hüququ çatmayan kəmsavad və səfeh insanları layiq olmadıqları yüksək vəzifələrə təyin etmişdi. Tarixin bu zarafatı Azərbaycana çox baha başa gəlmişdir, biz Qarabağı və azadlığı itirmişik.

Cəbhəkratlar çox xoşbəxt insanlardır. Bu acı həqiqəti dərk etməyə onlarda savad yoxdur. Yəni əsl milli siyasətçilərdir. Millət qarşısında törətdikləri keçmiş cinayətlərinə görə başlarına kül töküb tövbə və üzrxahlıq etmək əvəzinə yenə hakimiyyət iddiaları sərgiləyirlər.

Daha bir öncəgörmə bəyan etmək istəyirəm. Tarix yenə xalqımı ələ salıb bu məxluqatı Azərbaycanın rəhbərliyinə gətirsə, Gəncəyə qədər qərbimizi, Xızıya qədər şimalımızı, Səlyana qədər cənubumuzu itirəcəyik.

Yaşayarıq, görərik ki, mənim bu məşum öncəgörməmdən millət qaça bildi, ya yox.

Ana səhifəXəbərlərMəşum öncəgörmələrin qaçılmaz nəticələri