“Bu klubda hər şey mənim hədəflərimlə üst-üstə düşür”
Fransanın PSJ klubu İspaniyanın “Barselona” komandasından ayrılan argentinalı futbolçu Lionel Messi ilə müqavilə imzalayıb.
Bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. 34 yaşlı hücumçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb. Müqavilənin müddəti sonradan daha bir il artırıla bilər.
Messi PSJ-yə keçidi ilə bağlı klubun saytına açıqlama da verib:
“Bu klubda hər şey mənim hədəflərimlə üst-üstə düşür. Burda necə istedadlı futbolçular və məşqçilərin olduğunu bilirəm. “Park de Prens”də meydana çıxmağı səbirsizliklə gözləyirəm”.
Messi 2003-cü ildən formasını geyindiyi “Barselona”dan bir müddət əvvəl ayrılıb. Argentinalı futbolçunun Kataloniya klubu ilə müqaviləsi başa çatmışdı.