Məşqçi: Mənsimovun klubu pulumu verməyib

Zaur Əhmədov ”Xəzər Lənkəran”ın ona 2500 manat borcu olduğunu bildirib

Source:


Zaur Əhmədov ”Xəzər Lənkəran”ın ona 2500 manat borcu olduğunu bildirib


“Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun sponsorluq etdiyi “Xəzər Lənkəran” futbol klubu maliyyə böhranı səbəbindən mayın 27-də fəaliyyətini dayandırıb. Ölkə çempionatında çıxışını dayandıran klubun tək futbolçulara yox, məşqçilərə də borcu qalıb. Onlardan biri də uzun illər “Xəzər Lənkəran”ın aşağı yaş qruplarında məşqçi kimi çalışan Zaur Əhmədovdur. O, deyir ki, klub ona olan 3000 manat borcunun 500 manatını ödəyib, ödəniləsi olan 2500 manat hələ də qalır. Son bir neçə ildə klubun “U-16” komandasında köməkçi məşqçi kimi çalışan Əhmədovun hazırda səhhəti ilə bağlı problemləri yaranıb. Bu ilin fevralında onurğasındakı yırtıqdan əməliyyat olunan Əhmədov hepatit C xəstəliyindən də əziyyət çəkir. Bu xəstəliyin müalicəsi üçün onun 5000 manata ehtiyacı olduğunu deyir. Əhmədov müalicəsinin xərclərini qarşılamaq üçün klubdan ona ödənilməli olan məbləğə ümid etsə də, hələ ki, “Xəzər Lənkəran”dan pulunu ala bilmir.

Zaur Əhmədov
Zaur Əhmədov

Məşqçi Meydan Tv-yə verdiyi açıqlamasında karyerasından və borc məsələsindən danışıb: “Futbola Rusiyada başlamışam. Orda yaşadığım Tver şəhərinin “Zvezda” komandasında çıxış edirdim. Azərbaycana gəldikdən sonra bir müddət “Neftçi”də məşq etdim. Daha sonra “Dinamo”da çıxış etməyə başladım. Burda Emin Quliyev, Yaşar Vahabzadə kimi oyunçularla yanaşı çıxış etdim. 2 il “Dinamo”da top “qovduqdan” sonra “Viləş”ə yollandım. Burda da 2 il çıxış etdim. Komanda dağıldıqdan sonra aşağı liqada çıxış edən “Xəzər”ə (Xəzər Lənkəran)yollandım. Həmin mövsümdə birinci divizionda pis çıxış etməmişdik. Çempionatı 2-ci pillədə başa vursaq da, sonda maliyyə çətinliyinə görə komanda fəaliyyətini dayandırdı. 2002-ci ildə ümumiyyətlə, ölkədə futbol olmadığından, Rusiyaya getdim. Orda aşağı liqa komandalarından bəzilərində oynamaq şansım olsa da, Moskvaya yollanıb restoranda çalışmağa başladım. Burda ən aşağı səviyyədən menecerliyə qədər yüksəlmişdim. Ancaq 2007-ci ildə, 5 illik fasilədən sonra futbola geri döndüm.“Xəzər Lənkəran”ın 2-ci komandasında çıxış etməyə başladım. Əsas komandaya qarşı oyunların birində Ağasəlim Mircavadov mənim oyunumu bəyənsə də, sonradan ona mənim yaşımın çox olduğunu dedilər. Elə alındı ki, “Xəzər Lənkəran-2”-dən yaşı çox olan oyunçuları kənarlaşdırdılar. Mən də “Masallı”ya yollandım. Ancaq tezliklə bu komanda da fəaliyyətini dayandırdı. Bir müddət Neftçalanın “Anşad Petrol” komandasında çıxış etdikdən sonra yenidən Rusiyaya yollandım. Orda yenə restoranda menecer kimi çalışmağa başladım. İşimin yaxşı getdiyi bir vaxtda xəbər göndərdilər ki, “Xəzər Lənkəran”da çalışmaq şansım var. Beləcə, Bakıya gəldim, C kateqoriyası aldım. 2011-ci ildən komandanın aşağı yaş qruplarında çalışmağa başladım. Sonradan mənimlə birlikdə C lisenziyası alanların hamısı D, B, hətta A kateqoriyası alsa da, klubdan mənə bu imkanı vermədilər. Dəfələrlə komandanın koordinatoru İlhan Akgülə müraciət etdim. O isə buna məhəl qoymadı. Çünki futbol adamı deyildi. Hətta C kateqoriyamın vaxtı qurtarsa da, onu yeniləməyimə də imkan vermirdilər “.

Zaur Əhmədov
Zaur Əhmədov

Əhmədov dedi ki, maddi çətinlik səbəbindən lazımi müalicə ala bilmir: “Klubdan köməklik olunmadı, öz hesabıma əməliyyat olundum. Əməliyyata girən zaman məndə hepatit C də aşkarlandı. Komandada da bunu bilirlər.Bu xəstəliyin müalicəsi 5000 manata yaxın vəsait tələb edir. Hazırda da işsizəm. İnanın, bu xəstəlik olmasa, ümumiyyətlə, səsimi çıxartmazdım. Digər məşqçilər necə, mən də elə, başımı aşağı salıb öz işimlə məşğul olardım”.

“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu MeydanTV-yə verdiyi açıqlamasında məşqçinin pulunun bir hissəsinin ödəndiyini, qalan hissəsinin də tezliklə ödənilməsiylə bağlı rəhbərlik tərəfindən mühasibatlığa göstəriş verildiyini dedi: “Bu barədə mühasibatlıqdan maraqlanmışam. Borclar hissə-hissə ödənilir. Zaur Əhmədova da hissə-hissə iki dəfə maaş ödənilib. Xəstəliyi ilə əlaqədar onun pulunun tam ödənilməsilə bağlı göstəriş verilib. Yaxın günlərdə o pulu tam almalıdı. Mühasibatlıqdan mənə borcun bu həftə tam ödəniləcəyi barədə məlumat verdilər”.

“Xəzər Lənkəran” 2004-cü ildə yaradılıb. Klubun prezidenti Mübariz Mənsimovun qardaşı Mais Mənsimov olub. Klub 2016-cı il mayın 26-da Azərbaycan çempionatında fəaliyyətini dayandırdığını bəyan edib.

Ana səhifəXəbərlərMəşqçi: Mənsimovun klubu pulumu verməyib