– Rəfiqə xanım, əlcəkləriniz qaldı.
Yığışıb getməyə hazırlaşanlar təzə işçinin səsinə anidən başlarını qaldırıb, dərhal aşağı saldılar. Rəfiqə xanım ona yaxınlaşan gənc qızın əlindəki əlcəklərə baxmadan:
– Mən əlcəkdən istifadə etmirəm, – deyib, qapıdan çıxdı.
Ətraf ağappaq idi. Yumşaq qarı təpədən-dırnağa hiss etsin deyə yolboyu yanından ötüb-keçən marşrut avtobuslarına, boş taksilərə fikir vermədi. Hansı ki, soyuq havalarda piyada gəzməyi çoxdan tərgitmişdi. Bu gün isə bir az əvvəl baş verən əlcək əhvalatı mürgülü xatirələri oyadıb yenidən onu illərin o tayındakı belə bir kövrək qış gününə apardı…
***
…Kənddə iki həftəlik qış tətilindəydi, amma o qədər vaxtın necə keçdiyini bilməmişdi. Tələbəliyinin ikinci ili olsa da, hər dəfə evdən ayrılanda kövrəlirdi. Bu dəfə isə atasına söz vermişdi ki, yola düşəndə ağlamayacaq. Ağlamadı da. Əksinə, hər kəsdən gülə-gülə ayrılıb yük maşınının kabinəsində oturdu. Atası motoru bayaqdan qızdırdığına görə dərhal yola düşdülər.
Paytaxta çıxan avtobus yola düşənəcən atası qəzet köşkünə söykənib gözləməyə başladı. Rəfiqə üzünü şüşəyə yapışdırıb fikrə dalmışdı: “Burdan birbaşa meşəyə odun dalınca gedəcək, mişarla yıxdığı ağacları özüboşaldan kuzova yığıb kəndə aparacaq. Kaş evdən kimisə götürəydi. Yayda daş yükləyəndə heç olmasa əlləri üşümür. Amma indi allah bilir meşədə nə qədər qar var…” Qarın içindəymiş kimi ayaqları üşüdü. Əyilib təzə, içi xəzli çəkmələrini yoxladı, bacısı axşamdan sobanın yanına necə qoymuşdusa eləcə qupquruydu. Ayaqlarına su keçməsin deyə çəkmələri atası alverçidən od qiymətinə almışdı, amma özü üç il idi ki, qışı eyni nimdaş çəkmələrdə yola verirdi. Başını qaldırıb çölə baxanda atasını görmədi. Bir az gözlədi, yenə heç yerdə yox idi. Təlaşla ətrafa boylananda atası pəncərəyə yaxınlaşıb gülümsədi. Sonra avtobusa qalxıb boş yerdə oturaraq pencəyinin cibindən iki əllilik çıxartdı. Rəfiqə qəhərini güclə boğub:
– Evin əskiklərini alarsan, dedi, mənim xərcliyimi axşamdan vermisən.
Atası həmişəki ötkəmlikllə pulu onun ovcuna qoyub: – Sən bizi düşünmə, özünə yaxşı bax, deyərək düşüb getdi.
Avtobus tərpənəndə ağaca söykənib siqaretini tüstülədən atasına baxıb kövrəldi, tez də ağlamamaq barədə verdiyi sözü xatırlayıb özünü toxtatdı. Bir qədər gedəndən sonra yanaşı oturan qız yavaşdan:
– Əlcəklər sizinkidir? – deyə soruşdu.
Aman allah, atası bir az əvvəl ona pul verəndə əlcəklərini qoyub gedibmiş… Benzin, siqaret, odun-ağac qoxuyan əlcəkləri üzünə tutub səssizcə ağlamağa başladı. Onun bir azdan meşəyə çatıb əlcəkləri götürmək üçün kabinəni ələk-vələk edəcəyini düşündükcə ürəyi sıxılıb partlamaq dərəcəsinə gəldi. Qalın astarlı meşin əlcəklər isti saxlamaqla bərabər həm də atasının əllərini soyuq və sərt şeylərdən qoruyurdu.
Tətildən beş-altı gün sonra dərsdən qayıdanda yataqxananın komendantı ona bir məktub verdi. Gələndən bəri ilk dəfə ürəkdən sevinib məktubu oxumaq üçün foyedəcə oturdu. Bacısının göz yaşlarıyla ləkələnmiş dəftər vərəqindəki sətirlər əvvəl boğazında düyünləndi, sonra məngənə kimi bütün vücudunu sıxmağa başladı. Daha sonra nələr baş verdiyindən xəbəri olmadı. Gözlərini çarpayısında açanda komendant:
– Qızlara acığın tutmasın, – dedi – məktubu mən oxutdurmuşam. Qəzada bütöv ayağını itirənlər olur (komendantın bir ayağı protez idi ), sən şükür et ki, atan o boyda hadisədən bircə əllə qurtarıb…
Dolabın üstündəki məktub bacısının ağlar gözləriylə yenidən ona baxırdı: “Atam səni ötürən gün əlcəkləri hardasa unudubmuş. Meşədə kəsdiyi ağac üstünə gələndə əlləri yalın olub, yoxsa özünü qoruya bilərmiş… Şükür edək ki, mişarın dişləri boğazına, ayağına keçmiyib. Atam istəmir ki, sən biləsən. Uşaq fikirdən xəstələnər, dərsləri axsayar, deyir”.
Bacısına və komendanta ünvanladığı səssiz suallar yanaqlarından süzülüb boğazına töküldü: – “Şükür edim ki, atam ikinci dəfə avtobusa qalxıb mənə pul verəndə unutduğu əlcəklərə görə yalnız bir əlini itirib?! Şükür edim ki, atam otuz illik vərdişlə əlini atıb daha açar fırlada, sükan çevirə bilməyəcək?! Mən isə atamın hələ neçə il tək əllə daşdan, ağacdan qopartdığı pulları burda heç nə olmamış kimi xərcləyib diplom alasıyam ki, qalan bütün ömrümü rahat yaşayım?!…”
***
Evə çatan kimi kitab dolabının üst qatından balaca qutunu götürüb heysiz-heysiz divanda oturdu. Hər dəfə eyni sevgi və həyəcanla açdığı karton qutunun içindəki bir cüt köhnə əlcəyi dizinin üstünə qoyub ehmal-ehmal sığalladı. Boş əlcəklərin içində sanki atasının işləməkdən bərkiyib yoğunlaşmış doğma barmaqları vardı…
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…