Məşhurların evindən oğurluq etməkdə təqsirləndirilən şəxsin psixi xəstəliyi varmış

Mənbə: Lent.az

İki şəxs general oğlunun, futbolçunun evini alpinist üsulu ilə talamaqda ittiham olunur 

Paytaxtda yeni tikilmiş hündürmərtəbəli binalardan, o cümlədən bir sıra vəzifəli şəxslərin evlərindən alpinizm texnikasıyla külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunan iki nəfər – Cavid Süleymanov və Əhməd Əhmədovun məhkəməsi başlayıb. Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə ittiham olunan təqsirləndirilən şəxslərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Oktyabrın 28-də hakim Zeynal Ağayevin sədrliyilə keçirilən məhkəmə prosesində prokuror ittiham aktını elan edib. Məlum olub ki, cinayət işi üzrə 8 nəfər zərərçəkmiş var. Bunlar Emil Yusifli, Elçin Tağıyev, Ceyhun Sultanov, Vüsal Mirzəyev, Cəlal İsayev, Orxan Quliyev, Vasif Əliyev və Ağaşirin Əkbərovdur.
Adları çəkilən zərərçəkmişlərdən Ceyhun Sultanov keçmiş futbolçu, “Keşlə” futbol klubunun idman direktorudur. Cəlal İsayev ölkənin keçmiş baş infeksionisti (o, pandemiya dövründə vəzifəsindən azad edildi), Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiridir. Vüsal Mirzəyev isə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, general Sahib Mirzəyevin oğludur. Sahib Mirzəyev həm də bir müddət əvvəl xidməti kabinetində özünü güllələyən 4-cü polis bölməsinin rəisi Rahib Mirzəyevin qardaşıdır. Yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından uzaqlaşdırılan Sahib Mirzəyev bu yaxınlarda Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müşaviri təyin edilib.

Cavid Süleymanov və Əhməd Əhmədovun təqsirləndirildiyi oğurluqlar arasında sonuncu hadisə general oğlunun evində baş verib. Ondan sonra hüquq-mühafizə orqanları bu işin izinə düşərək, o vaxta qədər bağlı qalan mənzil oğurluqlarının da üstünü açıblar.

Cinayət işinin materiallarına əsasən, general oğlunun Xətai rayonu ərazisində yerləşən evindən 7 min manat, 3 min dollar nağd pul və 150 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Ona ümumilikdə 167 min manat ziyan dəyib.

Keçmiş baş infeksionistə 114 min manat, sabiq futbolçuya isə 5000 manat ziyan dəyib. Futbolçunun evindən xəz geyim oğurlanıb. Zərərçəkmişlərdən Elçin Tağıyevə 221 min, Vasif Əliyevə isə 196 min manat ziyan vurulub.

Cavid Süleymanov özünü təqsirli bilsə də, ətraflı ifadə vermək istəməyib. O bildirib ki, bu yaxınlarda Bakı İstintaq Təcridxanasında yatdığı çarpayıdan yıxılıb, başından zədə alıb, baş verənləri xatırlamır.
Vəkili də onun psixi xəstəlikdən əziyyət çəkdiyini, əvvəllər bununla əlaqədar müxtəlif xəstəxanalarda müalicə aldığını bildirərək, məhkəmənin onunla bağlı psixiatrik ekspertiza təyin etməsini istəyib. Müdafiəçi vurğulayıb ki, istintaq dövründə onunla bağlı ekspertiza keçirilib, psixi xəstəliyi olması haqda rəy verib. Lakin həmin rəydə ekspert yazıb ki, Cavid Süleymanov xəstəliyin intermissiya mərhələsindədir, o, törətdiyi hərəkətlərin nəticəsini dərk edib, anlaqsız vəziyyətdə olmayıb. Vəkil əlavə edib ki, ekspertizanın rəyi natamamdır və təkrar ekspertiza keçirilməsinə ehtiyac var.

Vəkil əlavə edib ki, Cavid Süleymanov özünə qəsdə meylli şəxs kimi təcridxanada qeydiyyata alınıb. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs təcridxanada özünə xəsarət yetirib.
Məhkəmə vəsatətin baxılmamış saxlanmasına qərar verib.

Digər təqsirləndirilən Əhməd Əhmədovun vəkili isə müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib. Vəkil bildirib ki, onun məhkəmədən yayınmaq niyyəti yoxdur, yaşadığı yer məlumdur, oğurluq hadisələrində də birbaşa iştirak etməyib.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Əhməd Əhmədov özü də ifadəsində bildirib ki, onun işi Cavid Süleymanovu oğurluq olan mənzillərə maşınla aparıb-gətirməkdən ibarət olub. O təsdiqləyib ki, yaxalanmamaq üçün fərqli maşınlardan istifadə olunurdu. Məsələn, hadisə yerinə bir maşınla gedib, başqasıyla qayıdırdılar. Əhməd Əhmədovun sözlərinə görə, hər dəfə ona 1500-2000 manat pul verilirdi: “İndiyə qədər 30 min manata qədər pul almışam”.

Əhməd Əhmədov onu da deyib ki, 2006-cı ildə zərgərlik sexində tanış olublar. Amma bu cür birlikdə fəaliyyət təklifi 2018-ci ildə Cavid Süleymanovdan gəlib. Pula ehtiyacı olduğuna görə razılaşdığını deyən Əhməd Əhmədov peşmanlığını da dilə gətirib.

Cavid Süleymanov istintaqa ifadəsində bildirib ki, xaricdə xüsusi alpinizm kurslarında iştirak edib, Bakıda mənzillərə də əsasən, damdan kəndirlə düşüb.

Zərərçəkmiş Ağaşirin Əkbərov da məhkəmədə ifadə verib. O bildirib ki, evindən 45 min dollar, 12000 manat oğurlanıb. Zərərçəkmişin sözlərinə görə, onlar oğurluq baş verəndə rayonda olublar.

Ana səhifəXəbərlərMəşhurların evindən oğurluq etməkdə təqsirləndirilən şəxsin psixi xəstəliyi varmış