““Ararat” və “Neftçi” – hər ikisi mənim üçün doğmadı”
Kiyev “Dinamo”sunun keçmiş müdafiəçisi Viktor Serebryanikov SSRİ çempionatlarında oyun alqı-satqısından danışarkən, “Neftçi” komandasına da oyun satdıqlarını etiraf etmişdi. Ötən ilin noyabrında vəfat edən Viktor mətbuata verdiyi son müsahibəsində 1966-cı ildə “Neftçi”yə oyun stadıqlarına görə, 80 min rubl aldıqlarını demişdi:
“SSRİ çempionatında oyun alqı-satqısı olurdu. Yüz faiz. “Neftçi” ilə oyundan əvvəl bazada idim. Dedilər ki, səni çağırırlar. Çıxdım, gördüm ki, Banişevski ilə Markarovdu. Biz avtomobilə oturduq. Onlara 3-cü yer lazım idi. Mənə bir qalaq pul verdilər və “Vitya, götür”- dedilər.
Cavabında dedim ki, uşaqlarla söhbət etməliyəm. Ağlasığmaz miqdarda pulu – təxminən 80 min rublu götürdüm. Bazaya qayıdıb, əsas heyətin üzvlərini topladım. Pulu ortaya qoyub dedim: “Bizə xal lazım deyil. Artıq çempionluğu təmin etmişik. Hə, ya yox?” Hamı susurdu. Gözlərindən hiss edirdim ki, hamısı pulu götürməyimizi istəyir, amma qorxurlar. Onda pulu götürüb “yaxşı, aparıb qaytarıram”-dedim. Bu vaxt pula elə hücum etdilər ki…”.
Serebryanikovun adını çəkdiyi futbolçulardan Anatoli Banişevski vəfat edib. Ancaq Edurad Marakarov sağdı və hazırda Ermənistanda yaşayır. “Futbol+” qəzetinin verdiyi məlumata görə, erməni jurnalistlər o vaxt “Neftçi”nin şərəfni qoruyan Markarovdan bu məsələyə münasibət öyrəniblər. Eduard Serebryanikovun iddialarını təkzib edib. O, Bakıya səfərindən, paytaxtımızda olarkən dostlarından etdiyi xahişdən də danışıb:
“Necə, onlar oyunu bizə güzəştə gediblər? Başa düşmürəm, Viktor hansı əsasla belə fikir səsləndirib? Həmin vaxt “Dinamo” artıq çempionluğu rəsmiləşdirmişdi və bizimlə oyuna motivasiyasız çıxmışdılar. Biz də bu vəziyyətdən yararlanıb, rəqibi məğlub etdik. Hər şey bu qədər sadə olub. Həmin il SSRİ çempionatında Ukraynanın 6 klubu mübarizə aparırdı. Həmin klublar yazılmamış qaydaya əsasən, Kiyev “Dinamo”suna 20 xal bağışlamalıydı. Yaxşı olardı ki, Serebryanikov bu məqamı da xatırlayardı.
“Ararat” və “Neftçi” – hər ikisi mənim üçün doğmadı. Bu iki klubla bağlı mənim yalnız xoş xatirələrim var. İndi hər iki klub eyni çempionatda iştirak etsəydi, ikisinə də azarkeşlik edərdim. İnanıram ki, bu iki xalq arasında yaşanan münaqişə yaxın vaxtlarda yoluna qoyulacaq.
2009-cu ildə erməni və azərbaycanlı deputatların, ziyalıların daxil olduğu nümayəndə heyətinin Qarabağa, Bakıya və Yerevana səfərləri olmuşdu. Bakıda olduğumuz müddətdə Azərbaycan prezidenti ilə görüşdük. Həmin tədbirdə Ermənistan nümayəndələrini ölkə başçısına təqdim edərkən, prezident “Markarovu təqdim etmək lazım deyil. Mən Markarovu yaxşı tanıyıram. O, həm Azərbaycanın, həm də Ertmənistanın əfsanəsidi” -dedi. Bakıda olduğum vaxt fürsətdən istifadə edib yaxın dostlarımla görüşə bildim. Onlardan xahiş etdim ki, məni uşaqlıq və gənclik illərimi keçirdiyim “zavaqzalnı”ya aparsınlar”.