Məsələn, 277 milyon manatlıq səhiyyə müəmması…

Tibbi sığortanın tətbiqi bu gün bizim üçün təcili can və ləyaqət davasıdır. İndi onu tələb etmək “Azərbaycanın Gilqameş dastanı”dır…

Source:
Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu

Tibbi sığortanın tətbiqi bu gün bizim üçün təcili can və ləyaqət davasıdır. İndi onu tələb etmək “Azərbaycanın Gilqameş dastanı”dır…


Beşinci (yekun) yazı

Ağır xəstələnmiş yaxınını atan adamlara siz nə deyərdiniz? Cavabı gözləmədən ikinci suala keçərdim: bəs xəstə vətəndaşını atmış dövlətə necə baxardınız? Bəziləri “dövlətçilik” deyəndə elə bağırırlar ki, elə bil ki, camaat kardır, kordur, ağılsız, fəhmsizdir. Dövlətin əsl mahiyyətini və funksiyanı anlamaq üçün siyasətşünaslıq fakültəsi bitirmək gərək deyil. Bizim çağda xəstələnmiş vətəndaşını atan, sinəsinə çəkməyən dövlətin ayıbını dövlətçilik kimi ur-tpatriot mənasızlıqlarla gizlətmək mümkün deyil. Torpaq uğrunda döyüşmüş adam da xeyirxahlardan şəfa köməyi diləyirsə, deməli, dövlət bizi çoxdan atıb…

Gürcüstan büdcəsində adambaşına düşən səhiyyə xərcləri Azərbaycanın səhiyyə xərclərinin hər adama düşən payından çoxdur. Bu da sizə neft səltənəti, Gürcüstana kömək edən, güzəştlər edən Azərbaycan!

Lakin əksinə olsaydı, yəni bizdə adambaşına səhiyyə xərcləri hətta qat-qat çox olsaydı da, nə xeyri vardı! Biz öz cibimizlə müayinə və müalicə olunmuruqmu?!

Tam korrupsiyalaşmış, effektsiz, keyfiyyətsiz, tibbi etikadan, humanizm və hüquqdan çox uzaq olan bir səhiyyə sistemi yalnız az sayda vicdanlı və bacarıqlı həkimlərin sayəsində nəyəsə yaraya bilər. Başqa halda, xəstəliyini sağaltmaq əvəzinə, daha bir xəstəlik qazanmaq üçün onun qapısını açmış olursan. Üstəlik, buna görə sən ödəniş də edirsən.

Gəlin Azərbaycanda səhiyyə xərclərinin nəyə ayrıldığına baxaq. Maliyyə Nazirliyinin saytında “Büdcə təqdimatı” adlı sənədin səhiyyəyə aid bölməsində 2016-cı ilin büdcə xərclərinə aid diaqram verilib, 744,9 milyon manat həcmində vəsaitin hara xərclənməsi göstərilir. Diqqət edin, bənövşəyi rəngli 277,1 milyon manat (37,2%) SƏHİYYƏ SAHƏSİNDƏ TƏTBİQİ TƏDQİQATLAR üçün nəzərdə tutulub. Bu nə deməkdir görəsən? Xəstəxanalara, poliklinikalara və s. qurumlara xərclər ayrıca yazılıbsa, bu qədər vəsait nədir tədqiqatlar üçün? Bunu necə anlayaq?

Bizim səhiyyəmiz də, xərcləri də o cür anlaşılmazdır. Pulsuzdur, amma pulludur. Müalicə etməlidir, etmir. Sağaltmalıdır, özü xəstədir.

Gürcüstan nə etdi? Proqram qəbul etdi, ölkədə 100 müasir xəstəxana tikdirdi və ya bərpa etdirdi, sonra da onları işi görən investorların özəlləşdirməsinə verdi. Bu 100 və digər xəstəxanalar elə salındı ki, hər kəs evindən uzağı 45 km aralıda azı bir xəstəxanaya yetə bilsin. İslahatlar başlayandan bir neçə ilə hər iki vətəndaşdan birinin tibbi sığorta vauçeri vardı, təbii ki, aztəminatlı ailələrdən söhbət gedir. “5 lariyə tibbi sığorta al” ( o zaman 5 lari 3 manat eləmirdi) proqramı da bir yandan başladı. Davamında kommersiya tibbi sığortasını inkişaf etdirdilər. Əczaçılıq və aptek sistemini mükəmməl hala gətirdilər. Korrupsiya rədd olub getdi dərhal. Dərmanların qiyməti düşdü. Rəqabətə girən yeni xəstəxanalar keyfiyyətli xidmət təklif etməyə çalışdılar. ABŞ-la birgə 250 milyon dollarlıq ən nəhəng laboratoriya mərkəzi quruldu. Səhiyyə Nazirliyinin əməkdaşlarının sayı 2000-dən 200-ə endi. Nazirlik binasının boşalan sahəsini icarəyə verdi. Həkimlər 1500 dollardan yuxarı maaş almağa başladı.

Gürcüstan səhiyyəsi də ən yaxşı deyil. Hələ kasıbdır, hələ çox problemləri var. Amma bizə baxanda Avropa kimi əlçatmaz görünür. Ən başlıcası, xalqın işinə yarayır. Orada xəstə adamı dövlət atmır. Onu doğmaları belə atsa, yanında dövləti var. Başlanan yol düzgündür. Vicdanlıdır. Xalq üçündür. Səmərəlidir. Faydalıdır.

Dövlət büdcəmizdən səhiyyə xərci olaraq hər vətəndaşa təxminən 80 manat ətrafında pul ayrılır. Gürcüstan təcrübəsi göstərir ki, bunun yarısına (40 manata) vətəndaşa tibbi sığorta paketi təqdim edilsə, ölkə bundan 80 dəfə çox qazanmış olardı. Bu islahatın aparılmaması, illərdir kağız üzərində qalması Azərbaycan vətəndaşlarına açıq-aşkar cəzadır.

Bir dəfə orta təminatlı bir soydaşımız mənə çox ağrılı bir məqamı bölüşdü. Həmin adam deyirdi ki, ətrafda imkansız adamlar xəstələnir, kömək etdiyinə edir, edə bilmədiyinə görə xəcalət təri çəkir: “Yuxuma girir. Əzab çəkirəm. Bəzən imkan çatmır, kömək etsəm uşaqlarımı normal yaşada və oxuda bilmirəm. Bir neçə adama kömək etməklə isə rahatlıq tapa bilmirəm, amma hamıya da gücüm çatmır. Ləyaqətli hiss edə bilmirəm özümü”.

Ona görə də, bu səhiyyə həkimə də, xəstəyə də, sağlama da cəzadır!

Ona görə tibbi sığorta həm də ləyaqət məsələsidir. Əl açmaq asan deyil axı, əl açana kömək edə bilməmək də asan deyil. Çox çətindir bu durum.

İgid Gilqameş gənc dostuna dərman tapa bilmədi, ağlayıb-ağlayıb, Tanrılardan hesab sormağa getdi. Bəs biz nə edək? Bu cəza ilə yaşamalıyıqmı həmişə?!

(Tibbi sığortanın vacibliyi barədə daha 5, yaxud da daha çox məqalə yazmağa dəyər. Amma yaranmış duruma baxışımı anlatmaq üçün bu qədəri ilə kifayətlənməli oldum. Mövzu isə hər kəsə açıqdır, üstəlik, hər kəs üçün bir vəzifədir.)



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəMəsələn, 277 milyon manatlıq səhiyyə müəmması…