Məşəl №1

Yan Palaxın igidliyi

Source:
Mrs. Libuse Palachova (C), mother of Jan Palach is supported by her son Jiri (L) during the funeral procession 25 January 1969 in Prague of the Czech student who set himself on fire in January 1969 to protest at the Soviet occupation of his country. Tens
Mrs. Libuse Palachova (C), mother of Jan Palach is supported by her son Jiri (L) during the funeral procession 25 January 1969 in Prague of the Czech student who set himself on fire in January 1969 to protest at the Soviet occupation of his country. Tens

16 yanvar 1969-cu ildə çex tələbəsi Yan Palax sovet qoşunlarının Çexoslovakiyaya müdaxiləsinə və ölkədə vətəndaş azadlıqlarının boğulmasına etiraz əlaməti olaraq Praqanın mərkəzində özünü yandırdı. Bu fədakarlıq həm Çexoslovakiyada, həm də bütün dünyada böyük rezonans doğurdu. Kommunist rejimi Yan Palaxın xatirəsinin unudulması üçün çalışsa da, çexlər və slovaklar onun xatirəsini ürəklərində uzun diktatura rejiminin hakiyyət illəri boyunca qoruyub saxladılar. Palaxın igidliyinin 20-ci ildönümündə başlanmış nümayişlər ölkəyə azadlığı qaytarmış demokratik inqilabın başlanğıcı oldu.

1968-ci ildə Varşava müqaviləsi ölkələrinin ordusu Çexoslovakiyaya hücum etdi və “Praqa baharı” islahatlarına son qoydu. Amma 1969-cu ilin başlanğıcında aydın oldu ki, sovet qoşunlarının və rejimin mövcudluğu hələ uzun müddət davam edəcək.

Çexoslovak cəmiyyəti frustrasiya vəziyyətinə düşdü. Özlərinə qapanmağa başlayan insanlar müqavimətin faydası olmadığını fikirləşməyə başladılar, iyrənc və çarəsiz görünən gündəlik həyatlarından uzaqlaşaraq bütün güclərini işə və ailəyə həsr etməyə başladılar.

Etiraz əhval-ruhiyyəsi yalnız tələbələr arasında qalmışdı. Məhz tələbələr millətə öz qəhrəmanını bəxş etdi, hansı ki, öz hərəkəti ilə insan həyatında ən başlıca şeylərin azadlıq və ləyaqət olduğunu xatırlamağa məcbur etdi.

1969-cu ilin yanvarında Yan Palaxın 20 yaşı vardı. O,Praqada Ali iqtisadiyyat məktəbində oxuyurdu, amma ölümündən bir neçə ay öncə Karlov Universitetinin fəlsəfə fakültəsinə keçmişdi. Palaxa kommunist rejiminə qarşı müqavimətin simvolu olmaq nəsib olacaqdı, amma o özü antikommunist deyildi, hətta gənclər arasında öz məşhurluğunu itirdiyi dövrdə belə marksist ideyaları bölüşürdü. Tanışları istehza ilə onu “bolşevik” adlandırırdılar. Yan ideologiyaya nifrət etmirdi, təzyiqlə, yad ölkələrin əsgərlərinin köməyilə ölkədə hakimiyyəti əlində saxlayan partiya funksionerlərinə – boz ruhsuzlara nifrət edirdi.

“Praqa baharı”nın başlanmasına qədər Palax bilirdi ki, onun vətəni birpartiyalı sistemin məngənəsindədir və tarixi dalana ilişib qalıb. O, dissident fəaliyyətində iştirak edir, müxalif materiallar yayırdı. Çexoslovakiyaya dəyişikliklər üçün şans vermiş “Praqa baharı” Palaxı ruhlandırmışdı, amma onun sovet tanklarının tırtılları altında məhvi ümidsizliyə bərabər acı məyusluq gətirdi. Gənc adam görürdü ki, xalq qələbəyə aparmayan etiraz hərəkatından yorulur, bu isə onun üçün ikiqat ağır idi.

1968-ci ilin payızında Yan Palax hansısa radikal addım atmaq barədə düşünməyə başladı, hansı ki, ölkəni ağır yuxudan oyadacaq, etirazları yeni mərhələyə keçirəcəkdi. 1969-cu il yanvarın əvvəlində Karlov Universitetinin fəlsəfə fakültəsinin tələbələrinin yığıncağında Yan tələbələrin lideri Lyubomir Qoleçekə etiraz hərəkatını tanıtmaq üçün öz fəaliyyət planını verdi. Qətiyyətli aktivistlər Çexoslovakiya radiosunun əsas binasını tutmalı, efirə çıxaraq ümumi tətilə çağırmalı idilər. Plan ehtimal ki, ciddi qəbul edilməmişdi və Yan öz təklifinə cavab ala bilmədi.

Belə olan halda gənc özünün şəxsi etiraz aksiyasını keçirməyə qərar verdi. 15 yanvarda Yan məktub yazır-hakimiyyətə ultimatum verdi. Onun iki tələbi vardı: Senzuranın ləğvi və Çexoslovakiyadakı işğalçı qoşunların mətbuat orqanı olan “Zprava” jurnalının yayımlanmasının dayandırılması.

Yan insanları tətillərə çağırır və bəyan edirdi ki, əgər tələbləri 21 yanvaradək yerinə yetirilməzsə, onun ardınca başqaları da gedəcək. Əslində mövcud olmayan bir təşkilatın üzvü kimi özünü göstərən Palax bildirirdi ki, onun hərəkətini başqaları da təkrarlayacaq. Məktub düşünülmədən hədələyici formada imzalanmışdı: “Məşəl №1”…

“Nəzərə alaq ki, bizim xalqlarımız çarəsiz və boyun əymiş durumdadır. Mən qərara aldım ki, öz etirazımı bildirim və xalqın şüurunu oyadım”-Yan Palax.

Yanvarın 16-sı səhər Palax benzin aldı. İki butulka benzin və portfelindəki ultimatum-məktubla o şəhərin mərkəzinə yollandı. Vaslav meydanında Yan içində məktub olan portfeli yerə qoydu, paltosunu kənara tulladı, benzini üzərinə tökərək özünü yandırdı. Alova bürünmüşdü, dözülməz ağrılardan o meydanda qaçmağa başladı, amma tez yıxıldı. Yoldan keçənlər paltolarını yanan insanın üstünə ataraq onu söndürdülər. Tələbə hələ sağ idi və insanlar da onu xəstəxanaya apadı. Yolda Yan dedi ki ,o intiharçı deyil, bu, onun siyasi etiraz aksiyasıdır. Zərərçəkmişi birinci aparıldığı xəstəxanada qəbul etmədilər və onu yanıq şöbəsi olan Vinoqrad rayonundakı plastik cərrahiyyə klinikasına apardılar.

Həmin müddətdə isə Vaslav meydadından insanlar toplaşmağa başlamışdı. Xüsusi xidmət orqanları Yan Palaxın portfelindən məktub və digər şəxsi əşyaları götürsələr də, insanlar məktubun adını oxumağa macal tapmışdılar: “Məşəl №1”. Bundan başqa, Yan özünü yandırmazdan bir neçə saat öncə məktubun 3 surətini müxtəlif yerlərə göndərmişdi: tələbə rəhbəri Lyubomir Qoleçekə, Ali iqtisadiyyat məktəbindən olan qrup yoldaşlarından birinə və Çexoslovakiya Yazıçılar Birliyinə.

Hadisə yerində güclü kütləvi etiraz başlamadı, amma Palaxın aksiyası barədə məlumat ölkə boyunca sürətlə yayılırdı.

Çexoslovakiya Sosialist Respublikası hətta “Praqa baharı” yatırıldıqdan sonra ən pis vaxtlarda belə  nə SSRİ-yə, nə də qonşuluqdakı totalitar rejimli ADR-ə bənzəmirdi, orada mühit nisbətən azad idi. Palaxın özünü yandırmasından 2 saat sonra Çexoslovakiya dövlət teleqraf aqentliyi hadisə haqqında məlumat verdi. Düzdür, məlumat çox qısa idi və tələbə haqqında çox az məlumat verilmişdi. Axşam xəbər radioda deyildi, səhəri gün isə çexoslovak KİV-də və qərb mətbuatında yayıldı.

Yan Palax kritik vəziyyətdə idi – onun bədəninin 85 faizi yanmışdı. Xəstəxananın girişində xarici jurnalistlər toplanmağa başladı. Xəstəxana rəhbərliyi jurnalistləri binaya buraxmırdılar, amma yanıq şöbəsinin baş həkiminin qərarı ilə binaya xüsusi xidmət orqanlarının nümayəndələri də buraxılmadılar. Bunun özü də Çexoslovakiyanın Sovet İttifaqından fərqini göstərirdi.

İstintaq qrupu ilk gündən Palaxın bəyənatına istinad edərək, onun hansısa gizli təşkilatın nümayəndəsi olmasından şübhələnirdi. Palaxın hakimiyyətə verdiyi ultimatumdakı 5 günlük müddət sona çatırdı və xüsusi xidmət orqanları ciddi şəkildə yeni özünüyandırma aktlanının gerçəkləşəcəyindən və hökumət əleyhinə kütləvi nümayişlərin yenidən başlanacağından qorxurdular.

İlk etiraz aksiyaları azsaylı olsa da, Palax klinikada can verərkən artıq başlamışdı. Yanın irəli sürdüyü tələblərə dəstək olaraq 18 yanvarda bir qrup tələbə aclıq aksiyasına başladılar. Sərt şaxtalı yanvara baxmayaraq, aclıq edənlər paytaxın mərkəzində, Milli Muzeyin  yaxınlığında çadırlarda məskunlaşdılar.

19 yanvar saat 15:30-da Yan Palax dünyasını dəyişdi. Ertəsi gün Praqada çoxminlik matəm yürüşü keçirildi…

Nümayişçilər yürüşə Vaslav meydanında, Palaxın özünü yandırdığı yerdən başladılar, Palaxın təhsil aldığı Karlov Universitetinin fəlsəfə fakültəsinin binası qarşısında bitirdilər. Nə Çexoslovakiya hakim dairələri, nə də işğalçı qoşunlar aksiyanı dağıtmağa cürət etmədilər.

Praqadakı Vaslav meydanı vətəndaşların toplaşdıqları yer oldu. Müqəddəs Vaslavın abidəsinə vərəqlər yapışdırılırdı, şamlar sönmürdü, Yan Palaxın şəkilləri, milli bayraqlar qoyulurdu, fəxri qarovul vardı.

Yanın dəfn mərasimi 25 yanvarda oldu. Mərasim zamanı Karlov Universitetinin rektoru və fəlsəfə fakültəsinin dekanın Palaxın fədakar hərəkətinə layiq olduğu qiyməti verdilər. Mərasimdə həmçinin təhsil naziri və idman naziri iştirak edirdi. Onlar çox gənc partiya funksionerləri idilər, vəzifəyə yeni təyin olunmuşdular, ancaq belə bir hal o vaxtkı Sovet İttifaqında mümkün deyildi. Digər yüksək vəzifəli məmurlar və partiya rəhbərliyi dəfn mərasiminə qatılmadılar.

26-27 yanvarda Praqada Palaxa görə küçə yürüşləri keçirildi. Yürüş həm də hakimiyyət əleyhinə və ölkədə olan sovet qoşunlarına qarşı yönəlmişdi. Etiraz aksiyalarında təkcə tələbələr iştirak etmirdi, artıq fəhlələr də onlara qoşulmuşdu. Polis dəstələri aksiyaçıları dağıtdı…

Çexoslovakiya hakimiyyəti Palaxın aksiyasına qarşı ehtiyatlı siyasət yürüdürdülər, çünki başlayan etirazlardan da çəkinirdilər. Palaxın aksiyasını gizlədə bilməyəcəklərini anladıqları üçün ona qarşı qaralayıcı xəbərlər verilmirdi. Çünki bu onların özləri üçün təhlükəli ola bilərdi. Bu səbəbdən sözdə öz kədərlərini bildirirdilər. Ancaq bu cür etiraz üsullarının qəbuledilməzliyini vurğulayırdılar. Partiya rəhbərliyi hətta Palaxın ultimatumunun yerinə yetirilməsini tələb edən tələbə liderləri ilə danışıqlara getdi, amma təbii olaraq sonda danışıqlar nəticəsiz qaldı.

Rəsmi Praqaya isə Moskvadan təzyiq edirdilər. Moskvada ÇSSR-dakı vəziyyətdən narahat idilər. Brejnev və Kosigin Praqaya yazırdılar ki, “Biz ümid etmək istərdik ki, ÇKP MK və ÇSSR hökuməti siyasi nöqteyi-nəzərdən düzgün nəticələr çıxardacaqlar və partiyanı düzgün istiqamətləndirəcəklər, Vaslav meydanında baş vermiş hadisə ətrafında başlanmış təxribatçı hərəkətlərlə bağlı  antisosialist və antisovet qüvvələrin fəaliyyətini partiya prinsiplərinə görə qiymətləndirəcəklər”.

Palaxın dəfn mərasimi günü və sonrakı günlərdə Çexoslovakiya şəhərlərində baş tutan aksiyaları dağıtmağa cürət etməyən hakimiyyət bundan sonra taktikasını dəyişdi.

Məqsədyönlü və mərkəzdən idarə olunan formada Palaxa qarşı antitəbliğat aparılmadı. Yalnız yuxarı dairələrdə ona qarşı fikirlər səsləndirilirdi.

Palax özünü “Məşəl №1” adlandırırdı. Onun arxasından hansısa bir təşkilat dayanmasa da, o, axırıncı məşəl olmadı. Həmin ilin yanvarından aprelədək 29 nəfər özünü yandırmağa cəhd etmişdi. Düzdür, bunlardan yalnız 3-ü siyasi etiraz idi, qalan hallarda isə şəxsi həyatları ilə bağlı idi.

Güc strukturlarının apardıqları istintaq Palaxın hansısa təşkilata üzv olması barədə bir məlumat əldə edə bilmədi. Həmin ilin yayında etiraz aksiyaları çoxalmağa başladı. Qanun keşikçiləri artıq etirazlara imkan vermirdilər, qarşısını alırdılar. Sonrakı 20 ildə hər il 16-25 yanvar tarixlərində Çexoslovakiya xüsusi xidmət orqanları yüksək hazırlıq vəziyyətində olurdular.

Tələbə Yan Palaxın hərəkəti hadisənin 20-ci ildönümündə məqsədinə çatdı. 1989-cu ilin yanvarında məhz Palaxın xatirəsinin yad edilməsi Praqada baş verəcək hadisələrə təkan verdi. 1989-cu ilin ikinci yarısında müxalifət Vaslav meydanında “Palax həftəsi” adını almış etiraz aksiyalarına başladı. Polis etiraz aksiyalarını dağıtdı, təxminən 1500 nəfər saxlanıldı, Vaslav Havel 9 ay müddətinə həbs edildi. Ancaq rejim çökürdü. Ölkədə Havelin azad edilməsi üçün mübarizə başlandı və sonucda qalib gəldi. Payızda isə xalq inqilabı Kommunist Partiyasının çoxillik hakimiyyətinə son qoydu.

1989-cu ilin inqilab günlərində  buraxılmış çexlərin “Xartiya 77” bəyənatında Yan Palax və onun dövrü haqqında deyilirdi:

“O, həlak oldu, çünki mümkün olduqca ucadan qışqırmaq istəyirdi. O istəyirdi ki, biz geri çəkilərkən, başımıza gələnləri anlayaq, nə etdiyimizi görək, əslində nə danışdığımızı eşidək. Bizə deyirdilər ki, atdığımız addımlar qaçılmazdır, güzəştə getmək vaxtıdır, taktiki oyunlar zamanı bu addımların faydalı olduğuna çoxu inanmaq istəyirdi. Ancaq ən ağır təzyiq altında belə yenə də ən önəmli olan, ayrılmaz olan nələrisə itirmək olmaz-bunun dərk edilməsi yoxa çıxırdı. Həmin məfhumlar olmadan isə insan həyatı öz əzəmətli ləyaqətini itirir…



Tərcümə etdi: Darbuka Filip



Mənbə:

https://openrussia.org/post/view/12090/


Ana səhifəXəbərlərMəşəl №1