Məşədi Natiq deyir ki, kəndin yeganə gəliri istixanalardan gəlirdi
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlama verib ki, Nardaran qəsəbəsində yolların genişləndirilməsi ilə əlaqədar söküntü ərazisinə düşən mülkiyyət sahiblərinə kompensasiyalar veriləcək. Amma qurum rəsmisi kompensasiyanın məbləğini açıqlamayıb.
Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov Meydan TV-yə bildirib ki, söküntü ərazisinə hələ iki ev düşüb
.
“
Evləri gəlib ölçüblər, deyiblər boşaldın. Mən dedim ki, evləri sökməmişdən əvvəl məbləğin yarısını verin, onlar da bununla nəyisə edə bilsinlər. Gəlib istixanaları sökdülər, amma kompensasiya verməyiblər. Onlar bilmir ki, istixanaların qiyməti var. Məhsulun qiymətini ödəmək lazımdır. Kəndin yeganə gəliri istixanalardan gəlirdi”.
Məşədi Natiq təklif edir ki, kənddə hələ müharibə vaxtından qalan xalça fabrikini düzəltsinlər, kəndin qızları orada işləsin. “Amma hər şey qanunla olsun. Daha 50 manat verib, 150 manata qol çəkdirməsinlər”.
Kənd ağsaqqalı deyib ki, kənddə 42 saylı polis bölməsi tikilir. Bilgəhdən gələn yolu düzəldirlər. “Camaatın indi çətinliklə gedib gəlir, boruların, daşların üstü ilə atlana-atlana gedirlər. Yəqin ki, müvəqqəti çətinlikdir, yolu genişləndirəndən sonra asfaltlayarlar”.
Anar Nəcəfli vurğulayıb ki, Maliyyə Nazirliyi hər bir mülkiyyətçinin adına bank hesabı açır: “Vəsait bank hesabına qoyulur. Alqı-satqı prosesindən sonra vəsait mülkiyyətçinin bank hesabına ödənilir. Sənədləşdirmə prosesi notarial qaydada aparılır”.
Sənədləşdirmə işlərini Sabunçu Rayon İcra Hakimiyyəti və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir.
Ölkə başçısı İlham Əliyev 11 dekabrda Nardaran qəsəbəsinin abadlaşdırılması, sosial problemlərinin həlli məqsədilə 12 milyon manatın ayrılması ilə bağlı sərəncam verib.
Qəsəbə hələ də hüquq-mühafizə orqanlarının nəzarətində saxlanılır.