Məscidlərin nəzdində dini kolleclər fəaliyyət göstərəcək

Onun sözlərinə görə, məktəbdə dini biliklərlə bağlı məlumatlar onsuz da verilirdi.

Source:


Hacı Fuad Nurullayev: ''Orta və ali məktəbdə oxuyanlar yalnız orada dərs saatları bitəndən sonra kurs və kolleclərə gələ biləcək''

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində kolleclər (mədrəsə) fəaliyyət göstərəcək.

Bu barədə

“Report”

saytına QMİ sədrinin müavini Hacı Fuad Nurullayev danışıb.

Hacı Fuad Nurullayev bildirib ki, dini təhsil müəssisələri 2, yaxud 4 illik olacaq:

“Həmin kolleclər QMİ-nin tabeliyində olan məscidlərin nəzdində fəaliyyət göstərəcək. Ona görə də kolleclərin fəaliyyətə başlaması məsələsi artıq gündəmdədir. Hazırda bizim bir neçə mədrəsəmiz və kurslarımız var. Amma respublika üzrə 10-a yaxın kollec tipli təhsil müəssisəsinin açılması nəzərdə tutulur. Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci və Naxçıvan İslam Kolleci fəaliyyətə başlayacaq. Çünki bu gün fəaliyyət göstərən mədrəsə və kurslarımızın sayı qaneedici deyil”.

O, hazırda şagirdlər üçün QMİ-nin tabeliyindəki məscidlərin nəzdində 100-dən çox dini kurslar təşkil edildiyini xatırladaraq əlavə edib ki, kolleclərə qəbul orta məktəb şagirdlərinə şamil edilməyəcək:

“Şagirdlər yalnız kurslarda valideynlərinin razılığı əsasında təhsil ala bilirlər. Eyni zamanda tələbələrin dini tədris müəssisələrində təhsil alması mexanizmi tənzimlənəcək. Orta və ali məktəbdə oxuyanlar yalnız orada dərs saatları bitəndən sonra kurs və kolleclərə gələ biləcək. Yəni orta məktəbdə və yaxud universitetdə günün birinci yarısında oxuyan tələbənin kollecdə, şagirdin isə dini kursda təhsil almasına günün ikinci yarısında icazə veriləcək. Hətta oğlanların hərbi xidmətini başa vurduqdan sonra da dini kolleclərdə təhsil almasına şərait yaradılacaq”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında bildirmişdi ki, gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək və tələbələr həmin dərslərdən imtahan verəcəklər. İslam dini onların içərisində daha yüksək yer tutur. Artıq həmin dərsliklər hazırlanıb. Təhsil Nazirliyi həmin dərslikləri Dövlət Komitəsinə göndərib.

Mübariz Qurbanlı foto Azərtac
Mübariz Qurbanlı

Komitə sədri eyni zamanda demişdi ki, orta məktəblərdə tədris proqramlarına geniş şəkildə İslam dini haqqında məlumatlar əlavə edlilib.

“İslam şagirdlərə orta məktəbdə aşağı siniflərdən öyrədiləcək. İlahiyyatçı alimlər buna baxırlar”, – Mübariz Qurbanlı bildirib.

O, orta məktəblərdə dini dərslərin keçirilməsinə normal yanaşmağı vacib sayıb:

“Orta məktəbdə oxuyan şagird din haqqında biliyi hardan almalıdır?! Xristianlığın, bütpərəstliyin, İslamın nə olduğunu hardan bilməlidir?! Sovet dövründə “İctimaiyyət” fənni vardı. Azərbaycanda isə məktəblilərə dini məlumatlar “Həyat bilgisi” dərsliyində keçilir. Sadəcə bu proqram bir qədər genişlənəcək”.

Ancaq bir gün sonra Təhsil Nazirliyi Azərbaycanda dinin ayrıca fənn kimi tədris olunacağı barədə yayılmış məlumatları təkzib etdi.

Nazirliyin sözçüsü Cəsarət Valehov “BBC News Azərbaycanca”ya deyib ki, dörd və 8-ci siniflər üçün “Həyat bilgisi” adlı dərsliklər təkmilləşdirilmiş formada yenidən çap olunacaq və dərslikdə dini biliklərlə bağlı məlumatlar təkmilləşdirilmiş variantda olacaq. Onun bildirib ki, növbəti tədris ilindən etibarən bakalavriat səviyyəsində “Multikulturalizmə giriş” fənni proqramına bu mövzuların daxil edilməsi nəzərdə tutulub.

Cəsarət Valehov
Cəsarət Vəliyev

“Burada dinlər və onların tarixi ilə bağlı məlumatların ali təhsil alan tələbələrə də verilməsi nəzərdə tutulur”, – C.Valehov deyib.

Onun sözlərinə görə, məktəbdə dini biliklərlə bağlı məlumatlar onsuz da verilirdi.

“Şübhəsiz ki, bu dərsliklərdə də dünyada mövcud olan müxtəlif dinlərlə bağlı məlumatların daha geniş formada verilməsi nəzərdə tutulur”.

Ana səhifəXəbərlərMəscidlərin nəzdində dini kolleclər fəaliyyət göstərəcək