Məscidin qarşısında 4 nəfər bir nəfəri armaturla döyür

Kürdəmir məscidinin qarşısında rayon sakini, 1974-cü il təvəllüdlü Qılman Qanur oğlu Piriyevin 4 şəxs tərəfindən döyülməsi, başına armaturla zərbələr endirilməsi əks olunan video yayılıb.

Həmin videoda məscidin giriş qapısında 3 şəxsin söhbət etməsi, sondaran iki nəfərin birini vurması, həmin şəxslərə daha 2 nəfərin qoşulması, onlardan birinin əlindəki armatur parçası ilə təklənən adamın başına zərbələr endirməsi, yerə yıxılan şəxsin başına zərbələri davam etdirməsi əks olunub. Olay haqda bir neçə gün əvvəl mətbuatda yazılar dərc olunub.

Q.Piriyevin anası Solmaz Piriyeva bildirib ki, mətbuatda yazılar dərc olunandan sonra Baş Prokurorluqdan oğluna qarşı törədilən cinayətin araşdırlacağı ilə bağlı məktub alıb.

Baş Prokurorluqdan gələn məktubu Müşfiq Səfərov imzalayıb və həmin məktubda göstərilir ki, Q.Piriyevin döyülməsinə görə Elburus və Kərim Kərimovlar istintaqa cəlb olunublar.

S.Piriyeva deyir ki, əllərində olan videoda açıq-aşkar oğlunun 4 şəxs tərəfindən döyülməsi görünür və tələb edir ki, oğluna qarşı cinayət etmiş digər iki şəxs də istintaqa cəlb edilsin: “Oğluma qarşı cinayəti planlaşdıran və cinayətdə şəxsən iştirak edən polis serjantı Asif Fərəcovdur. Qrupun təşkilatçısı odur. Oğlumu döyüb qollarını, ayaqlarını sındırmazdan əvvəl Asif ona təhdid dolu sms-i yazıb. Qeyd edib ki, başını kəsəcəklər. Amma bu gün Kürdəmir hüquq-mühafizə orqanları Asif Fərəcovun, onun digər dayısı Müslüm Kərimovun barəsində tədbir görməyiblər. Mən Müşfiq Səfərovdan, Baş Prokurluğun rəhbərliyindən xahiş edirəm ki, 5 dəqiqə vaxtlarını ayırıb videoya baxsınlar və görsünlər ki, oğlumun döyülüb, əllərinin, qollarının sındırılmasında neçə nəfər iştirak edib”.

Solmaz Piriyeva deyir ki, videodan açıq-aşkar görünür ki, cinayətdə 4 şəxs iştirak edib: “Elburus Kərimovu CM-nin qəsdən sağlamlığa az ağır zərər vurma(127-ci maddə), Kərim Kərimovu isə qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi (128-ci maddə ) ilə istintaqa cəlb ediblər. Bu adamların barəsində həbs qətimkan tədbiri seçməyiblər və onlar oğlumu təhdid etməkdə davam edirlər”.

Solmaz Piriyeva deyir ki, məsələ ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda olub: “Kürdəmir prokuroru məni qəbul etdi, dedi ki, oğlun şikayət etsin, ərizə versin və hər 4 şəxsi həbs edək. Oğlum şikayət yazdı, amma işi obyektiv araşdırmadılar. Ona görə də baş prokuror Zakir Qaralovdan bir daha ana kimi dönə-dönə xahiş edirəm ki, işi Kürdəmir Prokurorluğundan alıb Bakıdakı prokurorluqlardan birində araşdırsınlar. Oğlumu döyüb əl-qolunu sındıran hər 4 şəxs həbs olunsun”.

Solmaz Piriyeva Kürdəmir Rayon Prokurorluğunda aparılan istintaqın obyektivliyinə şübhə etdiyini də vurğulayıb: “Oğlumu istintaqa çağıranda vəkilini çağırmırlar. Vəkillə birgə istintaqa müraciət edəndə dinləmirlər”.

Olay 2016-cı il martın 30-da Kürdəmir rayonu, Sığırlı kəndindəki məscidin qarşısında baş verib. Qılman Piriyevi qonşusu Asif Fərəcov və qohumları – qayınatası Kərim Kərəmov, dayıları Müslüm və Elbrus Kərəmovlar döyüblər. Q.Piriyev həmin gün məscidə namaz qılmağa gedib. Onu məsciddən çölə Asif Fərəcov çağırıb. Qılman çölə çıxandan sonra Asif qollarını, qayınatası Kərim isə ayaqlarını tutub. Dayısı Elbrus Kərimov isə onun başından armaturla vurub. Q.Piriyev yerə yıxılıb. Bundan sonra əllərində olan dəmir parçası ilə onun bədəninə çoxsaylı zərbələr endiriblər. Ölümcül vəziyyətə düşən Q.Piriyevi hadisə yerində qoyub gediblər.

Zərərçəkənlərin Meydan TV-yə verilən məlumata görə, məsələ ilə bağlı yalnız bir nəfər icbarı cəza alıb: “Asif Fərəcov polis serjantıdır. Guya ki, lazımi subut, dəlil yoxdur. Yəni sadəcə yüngul xəsarət yetirilib insana. Ağır xəsarət aldığı halda “zərərçəkən yüngül xəsarət alıb” deyərək işi bağlayıblar. Bizi bir sual maraqlandırır: Polisə dinc vətəndaşı döyməyə kim ixtiyar verib? Əgər sistemdəki polislər belədirsə, bizim hüquqlarımızı kim qoruyacaq?”

Meydan TV Asif Fərəcova əlaqə saxlaya bilməyib. DİN Meydan TV-nin suallarına şərh vermək istəməyib.

Ana səhifəVideoMəscidin qarşısında 4 nəfər bir nəfəri armaturla döyür