Biz xeyir-şər məsələsində olduqca konservativik. Aramızda dava-dalaş, ədavət, düşmənçilik olmasına baxmayaraq, bir-birimizin toy-yas mərasimində mütləq iştirak edirik.
Adi gündə biri-birini söyən, arxasınca qeybət edən, qarğış, lənət yağdıran adamların, yasda, toyda qucaqlaşıb öpüşməsi yaşadığımız ölkədə normal haldır.
Bu yolla insanlar riyakarlığını ”xeyir-şər hamı üçün var” pərdəsi altında gizlədərək, bir növ vicdanlarını mənəvi yükdən azad edir. Ümumiyyətlə, bizimkilər özlərini təmizə çıxartmaq, özlərinə təsəlli tapmaq prinsipi ilə yaşamağı prioritet sayır. Belə olduqda, özlərini daha rahat hiss edirlər. Çünki, bu halda vicdan məsələsi arxa plana keçir.
Səsli-küylü toylardan fərqli olaraq, yaslara daha həvəslə gedirəm.
Əvvəla, hüzürdə məclis əhlini dinləmək olur. Ağız deyəni qulaq eşidir. İkincisi, düşünməyi xoşlayan adamların ölü yerində haqq, ədalət, tanrı, ölüm, həyat haqqında fikirləşməyə xeyli vaxtı olur.
Bu dəfə təsadüfən bir yas məclisinə düşdüm. Mərasim Təzəpir məscidində idi. Rəhmətə gedən yaşlı kişi idi. Çoxlu qohum-əqrabası, uşağı, nəvəsi, pulu, imkanı varmış. Sağlığında uzun müddət hakimiyyət ierarxiyasında babat vəzifə sahibi olub. Bu üzdən məscidin qapısına gələn dövlət nişanlı maşınların ardı-arası kəsilmirdi. Cangüdənlər, “portfel” daşıyanlar əl-ayağa dolaşırdılar.
Məclisdə oturub, əlimi çimdikləyirdim ki, bəlkə ayılam. Anlamaq istəyirdim, mən yasdayam, toydayam, ad günündəyəm, yoxsa dövlət tədbirində? Kişilər və qadınlar birlikdə oturmuşdu. Süfrəyə düzülmüş təamlar, bahalı kostyumda insanlar, astronomik qiymətə saatlar, qara eynəkli cangüdənlər. Bircə mollanın varlığı, musiqinin yoxluğu, mənə həqiqəti bildirirdi. Bilirdim ki, tədbirdə, konfransda deyiləm. Yasdayam, yasda. İnsan ölüb. Kimliyindən, həyatda necə və nə cür yaşamağından asılı olmayaraq bir insan yox olub. Birdəfəlik gedib, bütün arzuları, qorxuları və yuxuları ilə birlikdə.
Amma gərək ki, bunu məndən savayı içəridə oturanların heç biri anlamırdı. Bir azdan araya vəlvələ düşdü. Aləm qarışdı, stollara baxan ofisiantlar, məclis yiyəsi, hətta molla belə təlaşlandı. Oturanlar arasından pıçıltı dalğası keçdi. “Gəlir, gəlib, özü gəlib” sözləri eşidildi. Hamı harasa qaçırdı, tələsirdi, nəsə etməyə çalışırdı. Əvvəlcə, gələnin oturcağı yeri düzəltdilər. Adi stulu götürüb, yerinə samballı, dəri kreslo qoydular. Bu nə zarafat, nə də mənim fantaziyamın təxəyyülü deyil. Olduğu kimi yazıram. Taxta stulun əvəzinə dəridən kreslo gətirdilər. Sonra o adam gəldi. Aramla, ətrafdakılara üstən-aşağı baxaraq ehmalca kresloda əyləşdi. Çəliyini yanındakı cangüdənə ötürdü.
Məclis başladı. Molla quran ayəsi oxudu. Sonra o sakitcə ayağa qalxdı, ev yiyəsi onun yanına qaçdı, əyildi, əlindən öpdü, qapıya qədər onu ötürdü. O getdikdən sonra molla rahatlaşdı, dərin nəfəs aldı, acgözlüklə aşa girişdi. Qonaqlar yedilər. Çay içdilər. Söhbətə başladılar.
Hamının qarşısında, stolun üzərində iki-üç telefon var idi. Hamının ağzında bir söz hallanırdı: “obyekt”. Biri “obyekt” satır, başqası arendaya verir, o birisi alırdı. Məclisdə əyləşənlərin yarıdan çoxu dövlət adamı idi. Rütbəli, hüquqi şəxslər, məmurlar, rəislər, müdirlər, müəllimlər, cənablar. Dövlətlə birbaşa əlaqəsi olan insanlar. Bütün məclis boyunca, bu adamlar uca səslə, saymazyana olaraq telefonla danışdılar. Mollaya, quran ayələrinə, məclis yiyəsinə məhəl qoymadan bütün danışıqları, işləri, ancaq “obyekt” satmaq, almaq, arendaya vermək oldu.
Azərbaycanda “obyekt” sözü çox geniş anlama malikdir. Bura kafe, restoran, dükan, istirahət mərkəzi, vulkanizasiya,”moyka”, “sauna”, şirniyyat sexi, qapı-pəncərə-taxta sexi, market, dönərxana, çay evi, tədris mərkəzi, tibbi klinika, aptek, bulvarda tualet, ferma və s aiddir.
İnhisarçılıq, sağlam almanın içərisinə düşmüş qurd kimi, bu ölkənin iqtisadiyyatını daxildən yeyib, məhv etdi. Hər obyektin arxasında dövlət məmuru, vəzifəli şəxs dayanır. Əks halda obyektin qazanc gətirməsi, işləməsi sual altında olar. Obyektlər həmdə paralel olaraq çirkli pulların yuyulması üçün istifadə edilir. Rüşvətlə əldə edilmiş pullar çox zaman obyektlərə investisiya olunur. Obyektlərə yatırılır.
Bu minvalla, bir də daxıb görürsən ki, aman tanrım, bunlar elə ölkəni “obyekt” əvəzi işlədirlər. Sanki ölkə bunlar üçün bütöv bir “obyekt”-dir. Birləşib şərikli götürüblər, gəlir gəlməyəndə, xeyir verməyəndə atıb gedəcəklər, satacaqlar başqasına.
İndi hər məclisdə, yığıncaqda, yeri gəldi-gəlmədi “ölkə niyə bu vəziyyətdədir?” sualın söyləyənlərə bircə cavabım var. Çünki, ölkəyə dövlət kimi yanaşmadılar, “obyekt” kimi baxdılar. Ölkəmizdə bazar iqtisadiyyatı ifadəsi sözün əsl mənasında qəbul olundu. İqtisadiyyatdan əsər-əlamət belə qalmadı.
Monopoliya, korrupsiya qıcqıraraq bazara, alverə çevrildi. Yalnız “obyekt”lər tikildi. İdman obyektləri, əyləncə obyektləri, pul xərcləmək obyektləri.
“Obyekt” sözü isə öz növbəsində o qədər böyüdü, genəldi ki, sərhədləri gözə görünməz oldu. İndi bu anlamın altına insanları, ölkənin vətəndaşlarında aid etmək olar. Bəli, əgər ölkə “obyekt” olursa, hər qarışında bir “obyekt” tikilirsə, sonda vətəndaş da canlıdan keçib, olur cansız “obyekt”.
Həmin gün məsciddə mən bir şeyi anladım. O insanlar nəinki ölkəni, hətta gümbəzləri altında əyləşdikləri məscidi belə obyekt sayırlar.
İyirmi illik durğunluq dövründə oğurladığı pullar, mənimsədiyi var-dövlət, hakimiyyətin verdiyi səlahiyyət, vəzifədən qaynaqlanan özünə inam, təfəkkürlərini proqramlaşdırıb. Beyinləri ətrafdakıları obyekt kimi qəbul etməyə kodlaşdırılıb.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…