Mərkəzi Hərbi Poliklinikanın həkimi həbs olunub

Həbs edilən həkim – Shutterstock, Africa Studio

İddia olunur ki, həkim saxta rəy yazaraq hərbçilərdən pul alıb

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkimi Natəvan Məmmədova aprelin 28-də həbs olunub. Meydan TV-nin əldə etdiyi məlumata görə, onun haqqında Nəsimi Rayon Məhkəməsində üç aylıq inzibati həbs qərarı çıxarılıb.

Hakim Babək Pənahovun çıxardığı qərara əsasən, o, İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsilə təqsirli bilinib. İddia olunur ki, 48 yaşlı Natəvan Məmmədova 2021-ci il oktyabrın sonundan noyabrın əvvəlinə qədər bir həftə ərzində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinələrdən keçən hərbi qulluqçuların guya qanında şəkərin göstəricilərinin normadan yüksək olması haqda rəy yazıb, bunun müqabilində 26 nəfərdən müxtəlif məbləğlərdə pul alıb. Həmin hərbi qulluqçular təlim kurslarında iştirak etmək üçün müayinələrdən keçənlər olub.

Məhkəmədə dindirilən Natəvan Məmmədova deyib ki, heç bir hərbi qulluqçudan və yaxud da mülki şəxsdən pul pul istəməyib. Həkim komissiyasından keçənlər laboratoriya nəticələrinin tez verilməsi üçün özləri ona müxtəlif məbləğdə pul təklif ediblər. O da qəbul edib, onlara kömək göstərib.

Həkim əlavə edib ki, hərəkətindən peşmandır. Himayəsində I qrup əlil anasının olmasının nəzərə alınmasını istəyib.

Natəvan Məmmədovanın cəzalandırılması üçün məhkəməyə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi müraciət edib.

Ana səhifəXəbərlərMərkəzi Hərbi Poliklinikanın həkimi həbs olunub