Samir Əliyev: “Mərkəzi Bank uzağı 2-3 ay ehtiyatların bu templə azalmasına imkan verəcək, sonra sərt addımlar atmalı olacaq”
2015-ci ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları 4,29 milyard dollar (31,2 faiz) azalaraq 13,76 milyard dollardan 9,47 milyard dollara enib.
Trend xəbər verir, bu barədə AMB-nin statistik məlumatlarında deyilir.
Mart ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1,5 milyard dollar (1,39 faiz), 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 5,24 milyard dollar (35,6 faiz) azalmışdı.
AMB-nin valyuta ehtiyatlarının azalması ötən ilin iyulundan müşahidə olunur. Bu, əvvəllər yavaş templə (təqribən 20-50 milyon dollar) gedirdisə, dekabrdan etibarən kəskin azalma (ayda 1 milyard dollardan çox) baş verdi ki, bu da ölkədə dollar kütləsinə tələbatın artması ilə əlaqədardır.
Məlumatı öz Facebook səhifəsində şərh edən iqtisadçı Samir Əliyev bildirib ki, hətta 34 faizlik kəskin devalvasiya valyuta ehtiyatını qoruya bilməyib. “Mərkəzi Bank mart ayında hər gün orta hesabla 50 milyon dollar intervensiya edib. Həmin vəsaitin təxminən yarısı qədər də Neft Fondu dəstək verib. Bu qədər vəsait panikanın qarşısını ala bilməyib. Vəziyyət gözlənildiyindən də pisdir. Mart ayında ehtiyatın azalma sürəti fevral ayındakı qədər olub. Bu onu göstərir ki, ölkədə dollara təlabat tam ödənməyib. Böyük məbləğlərdə vəsaitlərin, xüsusən də qeyri-rəsmi pulların dollarlaşdırılaraq ölkədən çıxarılması da ehtimalı getdikcə artır. Panikanın yaradılmasında da məqsəd ajiotaj “görüntüsü” fonunda böyük həcmli vəsaitlərin dollara çevrilməsi və həmin vəsaitlərin əhalinin ayağına yazılmasıdır. Proseslər göstərir ki, Mərkəzi Bank manatn yumşaq devalvasiyasını davam etdirəcək”.
İqtisadçı deyib ki, manatın ucuzlaşması gözlənildiyindən də sürətli templə davam etdirilməsinin narahatlıq yaratdığını deyib: “Mərkəzi Bank uzağı 2-3 ay ehtiyatların bu templə azalmasına imkan verəcək. Sonra sərt addımlar atmalı olacaq. Hadisələr indiki şəkildə davam edərsə, ajiotaj aradan qalxmazsa, Mərkəzi Bank devalvasiyanın tempini artırmaq və ya növbəti kəskin devalvasiya seçimi arasında qala bilər. Seçki amili kəskin devalvasiya seçimini çətinləşdirir. Ancaq büdcənin icrasında problemlərin yaranması hökuməti buna vadar edə bilər. Yumşaq devalvasiya isə istənilən halda baş verəcək: ya indiki templə, ya da daha sürətli”.