Mərkəzi Bankın səlahiyyətləri alındı

Əkrəm Həsənov: ”Bank nəzarəti və pul siyasəti səlahiyyətləri arasında tez-tez ziddiyyətlər olur. Bu mənada dəyişiklik doğrudur”

Source:


Əkrəm Həsənov: ”Bank nəzarəti və pul siyasəti səlahiyyətləri arasında tez-tez ziddiyyətlər  olur. Bu mənada dəyişiklik doğrudur”

Mərkəzi Bankın səlahiyyətlərinin bir qismi əlindən alınaraq yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. Bununla bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında Mülki Məcəlləyə dəyişiklik edilib.

Dəyişikliyə əsasən məcəllənin 986-3.2.2. maddəsində (bank təminat olmadığından çekin tamamilə və ya qismən ödənilmədiyini çekin özündə qeyd etməli və ləngimədən onu çek sahibinə göndərməli, bu barədə belə çekləri imzalamış çek verənlərin reyestrini tərtib edən Azərbaycan Mərkəzi Bankına dərhal bildiriş göndərməlidir) “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilir.

Bildirilib ki, bununla da bu səlahiyyət yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

Dəyişiklikdə bundan başqa yeni quruma “Qiymətli kağızlar (investisiya fond payı istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınması” səlahiyyəti də verilməsi əksini tapıb.

Azərbaycan Mərkəzi Bankının hüquqi statusu dəyişdirilir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı məlum olub. Dəyişikliyə əsasən, qanunun 2.1-ci maddədə “dövlət orqanıdır” sözləri “publik hüquqi şəxsdir” sözləri ilə əvəz edilir.

Bundan başqa, 2.2-ci maddənin birinci cümləsində “kapitalına” sözü “fonduna” sözü ilə, üçüncü cümləsində isə “kapitalının” sözü “fondunun” sözü ilə əvəz edilir. Beləliklə, qanunda bu maddə “Mərkəzi Bankı müstəqil balansa, nizamnamə fonduna və digər əmlaka malikdir. Mərkəzi Bank balansında olan əmlaka Mülki Məcəlləyə uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqlarmı həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, Mərkəzi Bankın razılığı olmadan fondunun və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir” kimi qeyd olunacaq.

Dəyişikliklərdən biri 5.0.7-ci maddənin ləğv edilməsi ilə bağlıdır. Bu dəyişikliklə, Mərkəzi Bankın bank fəaliyyətini lisenziyalaşdırması və tənzimləməsi, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirməsi funksiyası əlindən alınır. Bundan başqa, 9.3-cü maddədə “pul, valyuta və bank nəzarəti sahələrində” sözləri “pul və valyuta siyasəti sahələrində” sözləri ilə əvəz edilir.

Həmçinin Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətlərinin bir qismi də əlindən alınır. Bununla da, Mərkəzi Bankın İdarə Heyətinin kredit təşkilatlarına bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi barədə qərar qəbul edə, kredit təşkilatları üçün iqtisadi tənzimləmə (prudensial) normativləri müəyyən edə, “Banklar haqqında” qanun ilə müəyyən olunmuş hallarda banklara müvəqqəti inzibatçının təyin edilməsi və səlahiyyətinə xitam verilməsi haqqında qərar qəbul edə, Azərbaycanın bank sistemində xarici kapitalın iştirak limitini müəyyənləşdirə bilməyəcək (APA).

Mərkəzi Bankın səlahiyyətlərinin bir qisminin yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi, statusunun dəyişdirilməsi barədə məlumatları Meydan TV-yə şərh edən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bu istiqamətdə addımları doğru hesab edib: “Mərkəzi Bankın işi yalnız pul siyasətini həyata keçirməkdən ibarət olmalıdır. Bank nəzarəti və pul siyasəti səlahiyyətləri arasında tez-tez ziddiyyətlər  olur. Bu mənada dəyişiklik doğrudur”.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Ekspert AMB-nin statusunun dəyişdirilməsini da müsbət hesab edib: “Ümumiyyətlə, Mərkəzi Bankın dövlət orqanı olması anlaşılmaz idi. Mərkəzi Bank heç bir ölkədə dövlət orqanı deyil, dünya təcrübəsində belə şey yoxdur, əksər yerlərdə hüquqi şəxs kimi gedir. Qanunda Mərkəzi Bankın dövlət orqanı olması Konstitusiyaya da, Mərkəzi Bankın özü haqqında qanunla da ziddiyyət təşkil edirdi. Məsələn, müvafiq qanunda nizamnamə kapitalından danışılır, məgər, dövlət orqanının da nizamnamə kapitalı olar?!”

Ana səhifəXəbərlərMərkəzi Bankın səlahiyyətləri alındı