”Mərkəzi Bankın liberal üzən valyuta rejiminə keçməsi real görünür”

Vüqar Bayramov: ”Az manat – dollara az tələb” resepti dərdə çarə olmadı”

Source:


Vüqar Bayramov: ”Az manat – dollara az tələb” resepti dərdə çarə olmadı”

“Mərkəzi Bankın rezervlərində iyuldan müşahidə edilən azalma tendensiyası davam edir”, – bunu iqtisadçı Vüqar Bayramov “Facebook” səhifəsində yazıb.

İqtisadçı bildirib ki, dollara artan tələb Mərkəzi Bankın valyuta ehtiyatlarının son 1 ayda 4,13 milyard dollardan 4,0 milyard dollaradək azalmasına səbəb olub:

“2014-ci ilin iyulunda 15,19 milyard dollar ehtiyata sahib olan Mərkəzi Bank həmin puldan cəmi 4 milyard dolları saxlaya bilib. Bu arada, Dövlət Neft Fondu da valyuta hərraclarında bu ilin oktyabr ayı ərzində 371 milyon dollar satdığını açıqladı. Beləliklə, oktyabrda dollara tələbin artması Neft Fondu ilə yanaşı Mərkəzi Bankı da xərcə salıb”.

Vüqar Bayramov bildirir ki, Mərkəzi Bank bu müddətdə manat bazasının inzibati yollarla azaldılması strategiyasını davam etdirsə də, bu dollara olan tələbin optimallaşmasına səbəb olmayıb: “Belə ki, 2014-ci ildə 11,7 milyard manat pul bazasına sahib idiksə, bu ayın əvvəlinə bu rəqəm 7,45 milyard manatadək azalıb. Nəticədə, dolların manata məzənnəsinin artması fonunda Mərkəzi Bankın “az manat – dollara az tələb” reseptinin reallıqda dərdə çarə olmadığını göstərir”.

İqtisadçı qeyd edir ki, son dövrlər müflis olan banklara görə 650 milyon manatdan artıq kompensasiya ödəyən Əmanətlərin Sığortalanması Fondu bu vəsaitin yarından çoxunu “Bank Standard”-ın əmanətçilərinə ödəyib. Nəticədə, dövriyyəyə daxil olan “kompensasiya manatları” dollara tələbi daha da artırıb. Manat isə dollara nisbətən həm rəsmi məzənnədə, həm də bazar kursunda dəyər itirməkdədir:

“Sentyabrın ortalarında manat möhkəmlənən zaman proqnozlaşdırdığım kimi, dollara tələb artmaqda davam edəcək. Arada “manatın qısa dalğaları” ola bilər, amma bu, heç də bazarda uzunmüddətli təsirə malik olmayacaq. Bu baxımdan, dollara tələb artmaqda davam edəcək. Bir tərəfdən ilin sonunadək, idxalın artması, özəl və dövlət müəssisələrin borc ödənişləri və bayram səfərləri xarici valyutaya tələbi artıracaq, digər tərəfdən, Mərkəzi Bankın rezervlərinin 4 milyard dollarlıq “psixoloji qapının” ağızında dayanması, neftin qiymətinin proqnozlaşdırıldığı kimi aşağı düşməsi və Neft Fondunun büdcə transferlərinin azalması manata təzyiqi artırır. Belə olan halda, öncədən proqnozlaşdırıldığı kimi Mərkəzi Bankın liberal üzən valyuta rejiminə keçməsi daha da real görünür. Bütün hallarda “dollar növbəti aylarda da valyuta bazarımızda topu öz meydançasında” asanlıqla saxlaya biləcək”.

Ana səhifəAnalitika”Mərkəzi Bankın liberal üzən valyuta rejiminə keçməsi real görünür”