“Bundan sonra vətəndaş milli valyutaya və bütövlükdə bank sisteminə necə etibar etsin?”
Mərkəzi Bankın baş direktoru Rəşad Orucov martın 5-də banklara məktub göndərib ki, bu ilin sonunadək açıq valyuta mövqeyi limitləri tətbiq edilməyəcək. Başqa sözlə, bundan sonra Mərkəzi Bank bankların valyuta risklərini tənzimləməyəcək və onlara nəzarət etməyəcək.
Məlumatı Əkrəm Həsənov adlı Facebook istifadəçisi öz səhifəsində paylaşıb.
Əkrəm Həsənov məktubu şərh edərək yazıb:
“Əsas məqsədinə (qiymətlərin sabitliyininin təmin edilməsinə) nail ola bilməyən Mərkəzi Bank manatın və bank sisteminin gələcək taleyinə görə məsuliyyəti üzərindən atmaq istəyir. Bundan sonra banklar istədiyini edə bilər və Mərkəzi Bank heç nəyə qarışmayacaq.
Maraqlıdır ki, bu cür taleyüklü məsələ barədə banklara məktubu Mərkəzi Bankın baş direktoru, yəni orta səviyyəli meneceri göndərib. Konstitusiya və “Mərkəzi Bank haqqında” Qanuna görə Mərkəzi Bankın rəhbərliyi onun İdarə Heyətidir. Mərkəzi Bankı da İdarə Heyətinin üzvləri təmsil edir. Deməli, Mərkəzi Bankın adından ictimaiyyətlə, o cümlədən banklarla məhz onlar danışmalıdır. Yoxsa səviyyəsi və səlahiyyəti məlum olmayan hansısa məmur yox. Bu baxımdan həmin məmurun banklara belə məktub yazması özbaşınalıqdır!
Yeri gəlmişkən, məktubda deyilir ki, Mərkəzi Bankın İdarə Heyəti bu barədə qərarını hələ fevralın 26-da qəbul edib. Bəs bu vaxta kimi niyə qərarını bəyan etməyib? Nəyi gözləyirdi?
Məsələnin iqtisadi tərəfinə yəqin ki, iqtisadçılar qiymət verəcək. Burada bilməyənlər üçün sadəcə yalnız onu deyim ki, açıq valyuta mövqeyi hər hansı valyutada tələblərin və öhdəliklərin fərqidir. Məsələn, tutaq ki, bankın avroda borcu 10 milyon, verdiyi kreditlərin cəmi isə 8 milyondur. Yaxud əksinə, borcu 8 milyon, verdiyi kreditləri isə 10 milyon. Hər iki halda fərq var və bu fərq bankın məzənnə riskidir. Mərkəzi Bank da bu fərqin maksimal həddini, yəni limitini müəyyən edir. Mərkəzi Bank sözügedən limitləri “Banklar haqqında” Qanunun 34.1 və 34.2.11-ci maddələrinə əsasən müəyyən etməli, banklar da onlara riayət etməlidir. Yəni limitlərin müəyyən edilməsi Mərkəzi Bankın vəzifəsidir. Qanunda limitlərin tətbiqinin dayandırılması haqda heç nə deyilmir. Limitlər olmalıdır və onlara riayət edilməlidir. Mərkəzi Bank hələ 2001-ci ildə “Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”nı qəbul edib, Ədliyyə Nazirliyi də həmin Qaydaları dövlət qeydiyyatına alıb. Qaydalar normativ xarakterli aktdır, yəni qanunvericiliyin tərkib hissəsidir. Qaydalarda limitlərin növləri təsbit edilib. Onların tətbiqinin dayandırılması haqda bu sənəddə də heç nə deyilmir. Deməli, Mərkəzi Bank nəinki Qanunun, həm də özünün qəbul etdiyi Qaydaların da tələblərini pozur.
Beləliklə, bir aydan az müddət ərzində biz aşağıdakıların şahidi olduq: 1) Mərkəzi Bankın sədri dedi ki, manatın devalvasiyası tədricən olacaq; 2) Bir neçə gün sonra Mərkəzi Bank kəskin devalvasiya haqqında qərar verdi; 3) On gün sonra Mərkəzi Bankın kimliyi məlum olmayan məmuru banklara məktub göndərdi ki, qanun-filan boş seydi, daha heç nəyə görə məsuliyyət daşımırıq, kim nə istəyir etsin.
Bundan sonra vətəndaş milli valyutaya və bütövlükdə bank sisteminə necə etibar etsin?..”. (Azadlıq.info)