Nemət Əliyev: ”Əslində, göstərilən artım valyuta bazarının real göstəricisi kimi yox, süni istəklərin nəticəsi olaraq ortaya çıxıb”
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il aprelin 1-nə 4 432,7 mln. ABŞ dolları təşkil edib.
Bu, martın 1-i ilə müqayisədə 63,4 mln. dollar və yaxud 1,5 faiz çoxdur.
“Report” banka istinadən bildirir ki, 2017-ci ilin əvvəli ilə müqayisədə qurumun valyuta ehtiyatları 458,3 mln. dollar və yaxud 11,5 faiz, son 1 ildə isə 366,9 mln. dollar və yaxud 9 faiz artıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev Meydan TV-yə bildirib ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının cüzi şəkildə artımı heç bir halda öz dəyərini kəskin itirmiş manatın möhkəmlənməsi anlamına gəlməməlidir:
“Rəsmilərin açıqlamalarının əleyhinə olaraq hərraclar inzibati nəzarət altında keçirilir və Mərkəzi Bankın istəklərinin ifadəsi kimi ortaya çıxır. Süni şəkildə alqı-satqı ifadə edirlər və məzənnə də ona uyğun formalaşdırılır. Belə bir vəziyyətdə Mərkəzi Bank ehtiyatlarının həcmini müəyyən qədər artıra bilər. Bu, müsbət ovqat yaratmaq məqsədi güdür”.
Onun sözlərinə görə, 2015-ci ilin əvvəlindən başlayaraq Mərkəzi Bankın pul-kredit siyasəti o dərəcədə fəsadlar verib ki, özləri də indiki mənzərəni təsəvvür etmirdi: “Hazırda 63,4 milyon dollar artım varsa, bunu canlanma kimi qiymətləndirmək lazım deyil. Süni müdaxilələr, inzibati təzyiqlər olmasaydı, bəlkə də müsbət ovqata köklənmək mümkün idi. Ancaq 15,2 milyard dollar ehtiyatından 4 milyard dollar qalıb. Təsəvvür edirsinizmi, bu azalmanı, Mərkəzi Bank rəhbərliyinin apardığı iqtisadi siyasət ehtiyatları yoxa çıxarıb, indi azca ehtiyata artım olub, bunu yüksək uğur kimi ictimaiyyətə təlqin edirlər. Bunlar müəyyən ümidlər yaratsa, bərbad vəziyyətə xüsusən pul-kredit siyasətinin canlanmasıyla yekunlaşa bilməz. Əslində, göstərilən artım valyuta bazarının real göstiricisi kimi yox, süni istəklərin nəticəsi olaraq ortaya çıxıb. Ona görə həmin göstəricisi heç nə ifadə etmir”.
N.Əliyev bildirib ki, Mərkəzi Bankın süni istəkləri iqtisadiyyatın kreditləşməsində canlanma olana qədər davam edəcək:
“Bundan əlavə milli valyutayla ucuz kredit resurslarının təklifləri reallaşmalıdır. Ölkənin bank sistemi ölü vəziyyətindən dirçəlmə mərhələsinə qədəm qoymalıdır. Bu gün neft və qeyri-neft sektoru ağır günlərini yaşayır, baxmayaraq ki, qiymətlərin hesabına gəlirlərdə artım müşahidə olunur, amma natura ifadəsində neft hasilatı kəskin azalmaqdadır. Yanvar-fevral aylarına baxdıqda, dediklərimi görəcəksiniz. Ona görə ölkə iqtisadiyyatında real addımlar atılmalıdır. Gerçək islahatların önü açılmalıdır, nə qədər ki, bunlar olmayıb, o zaman süni istəklər rol oynayacaq. Doğrusu, süni istəklər müvəqqəti dövrdə kimlərisə aldatmaq üçündür. Amma bununla əhalinin sosial-qitisadi durumu yaxşılaşmır, yeni iş yerləri açılmır”.