Mərkəzi Bank uçot dərəcəsini aşağı sala bilər

Natiq Cəfərli: ”Faizlərin aşağı düşməsi manatın ucuzlaşmasına səbəb olacaq”

Source:


Natiq Cəfərli: ”Faizlərin aşağı düşməsi manatın ucuzlaşmasına səbəb olacaq”

“İlin ikinci yarısında həm əhalinin, həm də biznesin inflyasiya gözləntiləri azalmalıdır”.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, orta illik inflyasiya 13,8 faiz olub. Təhlillər göstərir ki, inflyasiyanı başlıca olaraq qeyri-monetar amillər şərtləndirir və əsasən gözlənti və inersiya xarakterlidir.

Azərbaycan Mərkəzi Bankından (AMB) APA-ya verilən məlumata görə, bu barədə ötən gün keçirilən AMB-nin İdarə Heyətinin iclasında qeyd edilib.

Mərkəzi Bankın dövri olaraq biznes sektoru və ev təsərrüfatları arasında həyata keçirdiyi sorğular göstərir ki, manatın məzənnəsinin sabitləşdiyi və pul kütləsinin həcminin neytrallaşdığı şəraitdə inflyasiya gözləntiləri bir qədər azalsa da, əhəmiyyətli olaraq qalır.

AMB-nin İdarə Heyəti hesab edir ki, sabit monetar şərait və məzənnə volatilliyinin olmadığı halda qısamüddətli inflyasiya riskləri məhdudlaşdırılıb və cari ilin ikinci yarısında həm əhalinin və həm də biznesin inflyasiya gözləntiləri azalmalıdır.

Mərkəzi Bank iqtisadi və inflyasiya dinamikasından asılı olaraq cari ilin ikinci yarısında uçot dərəcəsinin aşağı salınması potensialını qeyd edir.

AMB-nin inflyasiyanın hədəflənməsi rejiminə nəzərdə tutulan keçidi, maliyyə sabitliyinin dərinləşdirilməsi istiqamətində gözlənilən nəticələr, yeni fiskal qaydaların qəbulu və tətbiqi, bütövlükdə makroiqtisadi siyasətin koordinasiyası çərçivəsinin institutlaşması ortamüddətli inflyasiya risklərini daha da effektiv idarəetməyə imkan verəcək.

İqtisadçı Natiq Cəfərli deyir ki, AMB-nin bu açıqlamasında nə yeni çağırışların analizi, nə də normal “vizion” var. Sadəcə deyirlər ki, avqusta uçot dərəcəsi aşağı salınacaq:

“Güya bu da bank-kredit faizlərini aşağı çəkəcək. Bu ölkədə MB-ın uçot dərəcəsi 2,5 faiz olan dövrdə kredit faizləri 20-25 faiz idi. Yəni uçot dərəcəsinin aşağı-yuxarı olmasının elə bir ciddi təsiri yoxdur. Amma avqusta faizlər aşağı düşəcəksə, deməli, manat kütləsi dövriyyədə artacaq. Bu isə manatın ucuzlaşmasına səbəb olacaq”.

Natiq Cəfərli

İqtisadçı deyir ki, Mərkəzi Bank bu ilin ilk 5 ayını 2016-cı ilin ilk 5 ayı ilə müqayisə edərək çox pozitiv və çətin cümlələr qurub:

“İqtisadiyyat artıb, xarici ticarətdə müsbət saldo var və bütün bunları aparılan siyasətin pozitiv nəticəsi kimi qeyd ediblər. Əslində isə bəzi rəqəmlərin yaxşılaşmasının tək səbəbi var: 2016-cı ilin ilk 5 ayında neftin ortalama qiyməti ilə 2017-ci ilin ilk 5 ayının qiymətləri arasında 30 faiz fərq var. Neft bahalaşdı, orta qiyməti 55 dollar oldu deyə bəzi rəqəmlər yaxşılaşdı, vəssalam”.

Natiq Cəfərli deyir ki, indi də neft 44 dollardır. Cəmi 2-3 ay belə qalsa ÜDM-ın azalması sürətlənəcək, ticarət balansında mənfi saldo yaranacaq:

“Beləcə qurduqları bütün “uğur hekayəsi” suya düşüb axıb gedəcək”.

AMB iyunun 22-dən etibarən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12 faizdən 10 faizə endirilməsi ilə bağlı qərar qəbul edib.

Ana səhifəXəbərlərMərkəzi Bank uçot dərəcəsini aşağı sala bilər