Mərkəzi Bank uçot dərəcəsini artırdı

Uçot dərəcəsi 7 faiz, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17 faiz səviyyəsində müəyyən edilib

Source:


Uçot dərəcəsi 7 faiz, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17 faiz səviyyəsində müəyyən edilib

Makroiqtisadi sabitliyin təmin olunması hədəflərini və pul-maliyyə bazarlarındakı yeni meylləri nəzərə alaraq, Mərkəzi Bank faiz dəhlizinin parametrlərini yenidən nəzərdən keçirib.

Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, İdarə Heyətinin qərarı ilə 4 mart 2016-cı il tarixindən uçot dərəcəsi 7 faiz, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17 faiz səviyyəsində müəyyən edilib.

Likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddi isə dəyişməz olaraq 2% səviyyəsində saxlanılıb.

Eyni zamanda qərara alınıb ki, faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə likvidliyin verilməsi və cəlb olunması əməliyyatlarının müddəti 1 gündən 7 günədək uzadılsın. Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə istifadə edə bilər. Bunlardan əlavə məcburi ehtiyat normalarının differensiallaşdırılmasına dair də qərarlar qəbul edilib, müvafiq normativ baza hazırlanıb.

Bu qəraradək uçot dərəcəsi 5 faiz səviyyəsində idi.

İqtisadi ekspert Natiq Cəfərli “Qafqazinfo”ya açıqlamasında bu qərarı şərh edib.

O bildirib ki, MB-nin bugünkü qərarı kredit faizlərinin qalxmasına səbəb olacaq: “Əslində indiki dövrdə bu qərarın verilməsinin bircə məntiqi var ki, müəyyən inflyasiya proseslərinin qarşısını almaq məqsədi daşıyır. Görünür Mərkəzi bankın inflyasiya olacağı ilə bağlı gözləntiləri var. Çünki uçot dərəcəsini 7 faizə qaldırmaq o deməkdir ki, kredit faizləri avtomatik artacaq. Onsuz da kredit bazarında durum çox ağırdır. Banklar kredit verə bilmir, verdiklərini də geri ala bilmir. İndi bu qərarla Mərkəzi Bank kreditləri daha da bahalaşdırıacaq. Ən azı 2 faiz kredit faizlərinin artmasının şahidi olacağıq. Ölkə iqtisadiyyatını durğunlaşdıracaq bir qərardır. Bank sektoru stimullaşdırıcı proqramlar gözləyirdi, əksinə oldu və açığı, bu anlaşılan deyil. Son bir ay ərzində ikinci dəfə belə bir addımın atılması onu göstərir ki, Mərkəzi Bankın və ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının problemləri hökumətin etiraf etdiyindən qat-qat dərindir. Çox güman ki, müəyyən proseslərə hazırlıq gedir. Gələcəkdə manatın yumşaq devalvasiyası davam edəcək. Artıq rəsmi məzənnə 1,60-ı keçdi. Halbuki fevral ayında məzənnə 1.55 müəyyən edilmişdi. Deməli, 5 qəpikdən artıq bahalaşma var, bu da Azərbaycan reallığı üçün az deyil. Yəni, manatın dəyərdən düşməsi addım-addım da olsa, davam edəcək. Mərkəzi Bankın atdığı bu addım “gələcək ciddi proseslərə hazırlıq” məntiqi ilə anlaşılandır. Amma bu da pul-kredit siyasətini daha da sərtləşdirəcək”.

Ekspert bildirib ki, qərarın manatın möhkəmlənməsinə xidmət edəcəyi ifadəsi düzgün deyil: “Bu qərar manatın möhkəmlənməsinə xidmət edə bilməz. Əksinə, hansı ölkənin Mərkəzi Bankı uçot dərəcəsini artırırsa, deməli, milli valyutanın zəifləməsini gözə alaraq bu addımı atır. Qərarda “manata etimadın gücləndirilməsi” ifadəsi belə izah oluna bilər ki, kreditə çıxış imkanları məhdudlaşdıqca, manatın kredit şəklində dövriyyəsi azalacaq. Bu zaman dollar almağa manat olmayacaq. Bu məntiqlə izah etmək olar ki, manatın dövriyyəsi azaldıqca dollara olan tələbat azalacaq. Amma əks proses baş verə bilər, çünki ölkə idxaldan ciddi asılıdır. Buna görə dollara tələbat həmişə yüksək olur. Bu qərar bir müddət sonra bahalaşmaya səbəb olacaq.

Əməliyyatların yuxarı və aşağı həddinin yeni müəyyən olunmuş həddi ilə manata çıxışı bahalaşdırırlar. Bunu ona görə edirlər ki, dollara tərəf gedən manatın həcmi azalsın. Bu baş versə də, dollara tələbat azalmayacaq. Mərkəzi Bank bir tərəfdən vəziyyəti düzəltsə də, digər tərəfdən daha da ağırlaşdırır”.

Ana səhifəXəbərlərMərkəzi Bank uçot dərəcəsini artırdı