Mərkəzi Bank

Mənbə: arxiv

Başlıq: Mərkəzi Bank

Mərkəzi Bank problemli kreditləri çox olan rayonları açıqladı

"Gədəbəydə vaxtı keçmiş kreditlərin həcmi verilmiş kreditlərin 16.42 faizinə bərabərdir"

"Ən çox problemli krediti olan rayon Gədəbəydir", - Mərkəzi Bank belə deyir.

Məlumata görə, son statistika 2020-ci il dekabrın 1-dək olandır.

Bildirilir ki, Gədəbəydə vaxtı keçmiş kreditlərin həcmi verilmiş kreditlərin 16.42 faizinə bərabərdir.

Vaxtı keçmiş kreditlərə görə 2-ci yerdə Abşeron (7.09 faiz), üçüncü pillədə isə Neftçaladır (7.04 faiz).

Mərkəzi Bankın ən son açıqladığı statistikada isə bildirilirib ki, 2020-ci il dekabrın 1-dək Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 922,9 milyon manat təşkil edib.

Hüquqşünas Əkrəm Həsənov deyir ki, problemli kreditlərin yeni mərhələsi başlayır: “Mərkəzi Bank yeni ili təzələnmiş pul nişanları ilə başladı. Təzələnmiş deyəndə ki bu nişanların üzərində də tam mənasız olaraq Elman Rüstəmovun mübarək imzası və qanuna zidd olaraq müəlliflik hüququ nişanı həkk olunub. Amma ən əsas məsələni – pandemiya ilə bağlı kreditlərin ödənilməsindəki çətinlikləri Mərkəzi Bank bu il tənzimləmək istəmədi”.

Əkrəm Həsənov deyir ki, ötən ilin aprel və sentyabr aylarında Mərkəzi Bank banklara tövsiyə etmişdi ki, pandemiya ilə əlaqədar kreditlər üzrə gecikmə olduqda müştərinin kredit tarixçəsini korlamasınlar və cərimə hesablamasınlar. Bu tövsiyənin qüvvəsi 1 yanvar 2021-ci ildə bitdi:

Əkrəm Həsənov

Əkrəm Həsənov

Mənbə: google.az

“Pandemiya və hətta sərt karantin rejimi bitməsə də, analoji tövsiyə olmadı. Deməli, artıq heç bir güzəşt yoxdur: kreditlər ödənilməlidir. Əks halda, cərimələr də hesablanacaq, kredit tarixçələri də korlanacaq, məhkəmə prosesləri də başlayacaq, borc alanlara təzyiqlər (həm qanuni, həm də qanunsuz) artacaq. Bankların isə rəsmi problemli kreditləri də artacaq (deməli, əlavə ehtiyat yaratmalıdırlar) və Mərkəzi Bankın kapitallaşma tələbi yenə gündəmə gələcək. Nəzərə alsaq ki, aprelin 5-də “Əmanətlərin tam sığortalanması haqqında” Qanun da qüvvədən düşəcək, böyük ehtimalla, problemli kreditlər portfeli yüksək olan bankların da aqibəti ona qədər həll olunacaq”.

Hüquqşünas düşünür ki, problemli kreditlərin bu dalğası daşınmaz əmlak bazarında da xeyli ucuzlaşmaya səbəb olacaq. Çünki yaxın illər ərzində hərraclarda minlərlə girov qoyulmuş əmlak satılacaq:

“Təbii, çox ucuz qiymətə. Buna görə də hazırda əmlak almaq istəyənlər gözləmə mövqeyini davam edəcək, qiymətlərin daha da düşməsini gözləyəcəklər. Deməli, Bakıda tikinti fəaliyyəti aktuallığını itirəcək. Prinsipcə, bu yaxşı haldır: tikinti potensialımızı işğaldan azad olunmuş ərazilərə sərf etməliyik”.

Əkrəm Həsənov ümid edir ki, bütün bunların fonunda ölkədə nəhayət ki, müflisləşmə haqqında qanun təzələnəcək və real işləyəcək:

“O cümlədən vətəndaşların da müflisliyinin tanınması baxımından. Əvvəl-axır insanlara və iqtisadiyyata real xeyir verən heç olmasa bir institut təzələnməlidir, ya yox?! Təkcə Elman Rüstəmovun heç bir hüquqi öhdəlik daşımayan imzası olan pul nişanları təzələnməməlidir ki...”

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4yt42x

Ən çox baxılan