Bu dəfə bank sistemi, necə yarandığı və iş prinsipi haqqında yazdıq.
Bank – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını həyata keçirən maliyyə-kredit təşkilatıdır. Dünyanın demək olar ki, hər yerində “bank” kimi yazılan bu söz italyanca “banco” sözündən yaranıb. Sözün mənası isə masa, piştaxta deməkdir.
Bankçılığın əsası qədim dünyada tacirlər tərəfindən qoyulub. Bu, təxminən eradan əvvəl 2000-ci illərdə Assuriya və Babilistanda yaranıb. İlk banklar olan “maket”lər kəndlilərə toxum və əkin üçün lazımi ləvazimatlar verir, biçim vaxtı isə geri alırdı. Məşhur Hamurappi qanunlarında da bu maketlərin iş sistemi ilə bağlı qaydalar yer alıb. Bu sistem sonradan Yunanıstanda və Roma İmperiyasında yarandı. Arxeoloqlar qədim Çin və Hindistanda da borca pul verildiyini göstərən sübutlar tapıblar. Müasir bankların ilk sələfləri 1587-ci ildə Florensiya və Venesiyada yaranıb.
Azərbaycanda bank sisteminin əsası 1992-ci il yanvarın 10-da prezident fərmanı ilə qoyulub. Bu fərmana əsasən, keçmiş SSRİ Xarici İqtisadi Fəaliyyət Bankı Azərbaycan Respublikası Bankının bazası əsasında Azərbaycan Beynəlxalq Bankı yaradılıb. Həmin il, fevralın 11-də verilən növbəti fərmanla isə Milli Bank və Əmanət Bankı yaradılıb. Milli Bank keçmiş SSRİ Sənaye-Tikinti Bankı və SSRİ Aqrar-Sənaye Bankı Azərbaycan Respublikası bankları bazası əsasında, Əmanət Bankı isə keçmiş SSRİ Əmanət Bankı Azərbaycan Repsublikasının bankı əsasında yaradılıb.
1992-ci ilin fevralından avqust ayına qədər Sənaye-Tikinti Bankının və Aqrar-Sənaye Bankının müəssisə və şöbələri bilavasitə Azərbaycan Milli Bankının tabeçiliyinə verilib. Milli valyuta – manat dövriyyəyə buraxıldıqdan sonra ikipilləli bank sistemi formalalaşmış oldu.
1-ci pillə – AR Mərkəzi Bankı (o dövrdə Milli Bank adlanırdı)
2-ci pillə – Kommersiya bankları və digər bank olmayan kredit təşkilatları.
Mərkəzi Bank ölkənin və ya ölkələr qrupunun pul-kredit sistemini tənzimləyən orqandır. Mərkəzi Bankın funksiyaları aşağıdakılardır:
– Dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;
– nağd pul dövriyyəsini təşkil edir;
– pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;
– manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;
– qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
– sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;
– hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;
– bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;
– ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir.
Kommersiya bankları – bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Bu gün kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir.
Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır. Ölkədəki bankların fəaliyyəti “Banklar haqqında“ Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.