”Mərkəzi Bank istəsə, 1 dolları 1 manat edə bilər”

Hollandiya bankı Azərbaycanda ÜDM-in azalacağını proqnozlaşdırır

Source:


Hollandiya bankı Azərbaycanda ÜDM-in azalacağını proqnozlaşdırır

Hollandiyanın ING bankı 2017-ci ildə Azərbaycanda ÜDM-in 1 faiz azalacağını proqnozlaşdırır.

Bankın proqnozuna əsasən, 2018-ci ildə Azərbaycanda 1,6 faiz səviyyəsində iqtisadi artım olacaq.

Məlumatı “İnterfax” yayıb.

Bildirilir ki, cari ilin 4 ayının nəticələrinə görə Azərbaycanda 1,2 faiz səviyyəsində iqtisadi geriləmə var:

“Bu səbəbdən biz proqnozumuzu dəyişərək bu il Azərbaycanda ÜDM-in 1 faiz azalacağını dedik”.

Azərbaycan hökuməti 2017-ci ildə ÜDM-in 1 faiz artacağını proqnozlaşdırır. Ötən il Azərbaycan iqtisadiyyatı 3,8 faiz geriləyib.

“Gələn il manat dollara nisbətən 6,47 faiz möhkəmlənəcək”

Bankirlər hesab edir ki, neft və qaz hasilatının 2,5-5 faiz azalması bu il iqtisadi artımı zəiflədəcək. Neft sektorunun ÜDM-də payı 42 faizdir.

Eyni zamanda, bank bu ilə manatın dollara nisbətən orta məzənnəsinin 1,7, gələn il isə 1,59 səviyyəsində formalaşacağını proqnozlaşdırır. Bankirlərin proqnozuna əsasən, bu illə müqayisədə gələn il manat dollara nisbətən orta hesabla 6,47 faiz möhkəmlənəcək.

ING 2016-cı ildə 1 dolların orta məzənnəsinin 1,63 manat olacağını təxmin edib.

“ING Azərbaycandakı durumu hərtərəfli dəyərləndirməyə malik deyil”

Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu deyir ki, beynəlxalq maliyyə-kredit təşkilatları son 3 ildə Azərbaycanda azalma proqnozlaşdırır. Ona görə Hollandiya bankının açıqlaması beynəlxalq maliyyə-kredit təşkilatlarının proqnozlarıyla üst-üstə düşmür:

Qubad İbadoğlu

“ING bankının Azərbaycandakı vəziyyəti hərtərəfli dəyərləndirməyə malik deyil. Ona görə bankın açıqlaması ciddi qəbul olunmamalıdır. Əslində, beynəlxalq maliyyə-kredit təşkilatları Azərbaycandakı vəziyyəti dəyərləndirmək üçün şəbəkələrə malikdirlər, metodologiyaları qəbul olunub. Amma ING bankının hansı metodologiyayla hesablama apardığını bilmirəm və bu barədə proqnozları birinci dəfədir ki, eşidirəm”.

“Ölkə iqtisadiyyatının kiçilə-kiçilə davam edəcəyini söyləmək olmaz”

Qubad İbadoğlu deyir ki, Azərbaycanda manatın məzənnəsinin möhkəmlənməsi mümkündür və nə vaxtsa iqtisadi artım da olacaq:

“Yəni ölkə iqtisadiyyatının kiçilə-kiçilə davam edəcəyini söyləmək olmaz. Ancaq söylədiklərim aparılan mövcud iqtisadi siyasətin hədəflərindən asılıdır. Mərkəzi Bank istəsə, iyunun 7-də 1 dolları 1 manat da edə bilər. Bəs, bunun milli iqtisadiyyat üçün hansı töhfəsi, yaxud nəticəsi olacaq – indidən görmək çətindir. Təəssüf ki, hökumətin iqtisadi siyasəti məznnənin üzərində qurulub. Sanki bu iqtisadiyyatın məzənnədən başqa tərifi yoxdur. Hər şey iqtisadiyyatın əleyhinədir – işgüzar faəllıq aşağı düşüb, alıcılıq qabiliyyəti azalıb, məhdudlaşdırıcı fiskal siyasət gerçəkləşdirilir. Bunlar isə iqtisadiyyatı məhv edir. Yeganə nəticə Azərbaycanda manatın sabit qalmasıdır. Yalnız bunun naminə bu qədər problem yaratmaq düzgün yanaşma deyil”.

“Neft gəlirlərinin artması manatın möhkəmlənməsinə əsas yaratmır”

“İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi”nin sədri Azər Mehtiyev xatırladıb ki, Azərbaycan 2014-15-ci illərdə neftin qiymətinin kəskin azalmasıyla üzləşdi. Nəticədə manat iki dəfə devalvasiyaya uğradı:

Azər Mehtiyev foto Meydan TV

“Hazırda neft bazarında nisbi sakitlikdir. 2018-ci il üçün həm qaz hasilatının nisbətən artması, həm də müəyyən layihələr əsasında neft-qaz satılması gözlənilir. Bu isə neft hasilatının bir qədər artması deməkdir. Bütün bunlar neft gəlirlərinin bir qədər də artmasını söyləməyə əsas verir. Ancaq indi həyata keçirilən siyasət qeyri-neft  sənayesinin inkişafına yönəlib. Bununla belə neft gəlirlərinin artması da manatın məzənnəsinin möhkəmlənməsi üçün əsas yaratmır”.

“Manatın möhkəmlənməsi yolverilməz olmalıdır”

A.Mehtiyev ING bankının hansı metodologiya əsasında proqnoz verdiyini bilmir. Deyir, əgər bank hökumətin proqnozlarına əsaslanırsa, indiki dövrdə manatın möhkəmlənməsi götürülən iqtisadi hədəflərə ziddir:

“Ona görə də, manatın möhkəmlənməsi yolverilməz olmalıdır. İqtisadi artımı şərtləndirən amillər çoxdur. Neft və qaz hasilatının artması buna təkan verə bilər. Ola bilər ki, istehsalda müəyyən artım olsun, amma, bu artımın ciddi şəkildə iqtisadi artıma təsir edəcəyini söyləmək çətindir. Əslində, 1,6 faiz də ciddi artım deyil. Son iki ildəki böhranda qeyri-rəsmi dövriyyənin müəyyən rolu olub. Ona görə Azərbaycan iqtisadiyyatı barədə proqnoz vermək xeyli çətindir. Amma istənilən halda 1-2 faiz artım ciddi sayıla bilməz”.

Ana səhifəXəbərlər”Mərkəzi Bank istəsə, 1 dolları 1 manat edə bilər”