”Mərkəzi Bank gec-tez liberal məzənnə siyasətinə keçəcək”

Vüqar Bayramov: “Düşünürəm ki, yalnız bu yolu seçərək manatı xilas etmək olar”

Source:


Vüqar Bayramov: “Düşünürəm ki, yalnız bu yolu seçərək manatı xilas etmək olar”

“Mərkəzi Bank 11 milyard xərcləsə də, manatın kursunu sabitləşdirə bilməyib”.

İqtisadçı Vüqar Bayramov öz “Facebook” səhifəsində manatın məzənnəsinin necə dəyişəcəyindən yazıb. Vüqar Bayramov bildirib ki, dolların bahalaşması gözləniləndir:

“May ayından sonra dollar manata nisbətən 14 faiz dəyər qazanıb. Dollara tələb yüksəkdir. Bu da onun valyuta bazarımızda bahalaşmasına səbəb olur. Əgər banklar hərraca 700 milyon dollar təklif ilə gedirlərsə və həmin aksiondan sadəcə 50 milyon dollar aparırlarsa, deməli, ABŞ pulu bahalaşmalıdır. Nə qədər ki, tələb ilə təklif arasında bu disbalans var dollar möhkəmlənməkdə davam edəcək”.

İqtisadçı deyir ki, Mərkəzi Bank üçün prioritet məzənnə siyasətini dəyişmək olacaq.

Vüqar Bayramov vurğulayır ki, son zamanlar hərraca yalnız Dövlət Neft Fondunun çıxması, Mərkəzi Bankın son aylar pul xərcləməməsi baş bankın prosesə müdaxilə etməkdə maraqlı olmadığını göstərir: “15 milyard dollarlıq valyuta ehtiyatlarının cəmi 4 milyardan bir az artığını qoruyub saxlayan Mərkəzi Bankın ehtiyatlı davranışı anlaşılandır. Çünki bugünə qədər 11 milyard xərcləsə də, manatın kursunu sabitləşdirə bilməyib. Məncə, Mərkəzi Bank üçün prioritet məzənnə siyasətini dəyişmək olacaq”.

İqtisadçı bildirir ki, tənzimlənən üzən məzənnə siyasəti səmərəli deyil. Amma Rusiya və Qazaxıstanda olduğu kimi liberal məzənnə siyasətinə keçid də riskli görsənir. 2016-cı ilin ötən aylarında hərraclara 3.03 milyard dollar çıxaran Dövlət Neft Fondu isə sadəcə öz büdcə öhdəliklərini yerinə yetirənədək hərraclara çıxacaq:

“Deməli, manatın məzənnəsi ilə bağlı 2 mümkün yol var. Birincisi, Mərkəzi Bank mövcud tənzimlənən üzən valyuta rejimini davam etdirəcəksə, o zaman mərhələli şəkildə dollar möhkəmlənəcək. Bu məzənnə siyasəti son 3 ayda dolların manata nisbətən hər 100 dollarda 25 manat möhkəmlənməsinə səbəb olub. İkincisi, Mərkəzi Bank məzənnə siyasətini dəyişir və kursu bazar müəyyənləşdirir. Bu halda bazarda dollar sıçrayışla dəyər qazanır. Mərkəzi Bank yəqin ki, gec-tez liberal məzənnə siyasətinə keçəcək. Amma bunu nə zaman edəcək proqnozlaşdırmaq mümkün deyil. Çünki bu inzibati qərardır. Amma dollara tələb ilə təklif arasındakı gündəlik 14 dəfəlik fərq hər iki mümkün yolda dolların möhkəmlənəcəyindən xəbər verir”.

Vüqar Bayramov manatın kəskin dəyər itirməsinin qarşısının alınması yollarına da toxunub. Bildirib ki, valyuta ehtiyatlarının bir hissəsinin ölkəyə gətirilərək banklar vasitəsi ilə sahibkarlara güzəştli kredit formasında verilməsinə ehtiyac var:

“Birinci mərhələdə 4 milyard dollar Azərbaycana gətirilə bilər. Bu, bir tərəfdən sahibkarların güzəştli kredit almalarına imkan verəcək. Digər tərəfdən xarici valyutaya olan tələb qarşılanacaq və təklif ilə tələb arasında balans bərpa ediləcək. Bu zaman Mərkəzi Bank daha az itki ilə liberal valyuta rejiminə keçə biləcək. Düşünürəm ki, yalnız bu yolu seçərək manatı xilas etmək olar”.

Ana səhifəXəbərlər”Mərkəzi Bank gec-tez liberal məzənnə siyasətinə keçəcək”